Tramp İran rəsmiləri ilə bütün görüşləri təxirə saldığını deyir
21:02 / 13.01.2026
ABŞ prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri
təxirə saldığını deyir.
O bunu "Truth Sosial" platformasında yazıb.
“Etirazçıların mənasız öldürülməsi dayandırılanacan İran rəsmiləri
ilə bütün görüşləri təxirə salmışam. Kömək yoldadır”, – Tramp
yazıb.
O, iranlıları "etirazları davam etdirməyə", qatillərin və zorakılıq
edənlərin adlarını yadda saxlamağa çağırıb, onların “böyük bədəl
ödəyəcəyini” deyib.
Tramp ötən həftə İrana
xəbərdarlıq edib ki, etirazçılara qarşı
zorakılıq baş verərsə, ABŞ onları xilas etməyə gələcək.
ABŞ prezidenti iki gün öncə deyirdi ki, İranın danışıq aparmaq
istəyir, "görüş təşkil olunur".
İran rəsmisi iğtişaşlarda 2 min nəfərin həlak olduğunu
bildirib
İran rəsmisi ölkədə etirazlar zamanı təhlükəsizlik əməkdaşları da
daxil, təxminən 2 min nəfərin həlak olduğunu bildirib. Rəsmi
"Reuters"ə danışıb. Agentlik yazır ki, hakimiyyət ilk dəfədir belə
yüksək rəqəmi etiraf edir. Ölkədə iki həftədir gedən etirazlar
zorakılıqla yatırdılır.
Rəsmi "terrorçular" adlandırdığı şəxslərin həm etirazçıların, həm
də təhlükəsizlik qüvvələrinin ölümü üçün məsuliyyət daşıdığını
deyib, ölənlərin kimliyinə dair bilgi verməyib.
İnsan haqları qrupları isə yüzlərlə etirazçının öldüyünü
müəyyənləşdiriblər, minlərlə saxlanan var.
Əraqçi: İnternet 'Allahın köməyi ilə'
qapadılıb
İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə internetin
kəsilməsini müdafiə edib. Onun sözlərinə görə, bu, "terrorçu"
qruplarla əlaqəni kəsməkdən ötrü "Allahın köməyi ilə həyata
keçirilib".
Ölkədə artıq beşinci gündür internet bloklanıb. Əraqçi ölkədə
vəziyyətin nəzarətə alındığını və sakit olduğunu iddia edib.
İslam Respublikasının rəsmiləri, ali dini lider Əli Xamenei və
prezident Məsud Pezeşkian etirazçıları "terrorçular" və
"iğtişaşçılar" adlandırırlar. Məhkəmə hakimiyyəti də onları sərt və
amansız davranışla hədələyib.
"Əl-Cəzirə"yə verdiyi müsahibəsində Əraqçi etirazların
kəskinləşdiyi 8 yanvar tarixini "İran, ABŞ və İsrail arasında 12
günlük müharibənin 13-cü günü" kimi təsvir edib: "Təhlükəsizlik
qüvvələrimiz müdaxilə etməli oldu, internetin kəsilməsinə qərar
verildi. Buna görə də onların əlaqələri kəsilməli, aralarındakı
koordinasiyanın qarşısı alınmalı idi. Bu isə Allahın köməyi ilə
həyata keçirildi".
Əraqçi onu da iddia edib ki, "üç gündən sonra vəziyyət nəzarət
altına alındı, bu terrorçu qruplaşmaların əsas üzvləri həbs
olundu".
ABŞ vətəndaşlarını İrandan dərhal çıxmağa
çağırıb
ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. Bu haqda
yanvarın 13-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında
məlumat dərc olunub.
"Dərhal İranı tərk edin. ABŞ hökumətinin köməyinə
arxalanmadan İrandan çıxış planı hazırlayın. Ölkədən çıxa
bilmirsinizsə, evinizdə və ya başqa bir binada təhlükəsiz yer
tapın. Ərzaq, su, dərman və digər zəruri ehtiyatlar
yığın", – məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşları internetdə kəsintiləri
gözə alsınlar, alternativ əlaqə vasitələri planlaşdırsınlar,
təhlükəsizdirsə, İrandan Ermənistan və ya Türkiyəyə getməyi
nəzərdən keçirsinlər.
ABŞ hökumətinin İranla diplomatik və ya konsulluq münasibətləri
yoxdur. Vaşinqtonun İrandakı maraqlarını İsveçrə hökuməti
Tehrandakı səfirliyi vasitəsilə təmsil edir.
"Meduza" oxşar xəbərdarlığın ABŞ virtual səfirliyinin saytında ötən
il iyunun 15-də də dərc olunmasına diqqət çəkir. İyunun 22-nə keçən
gecə Vaşinqton İranın Fordo, Natanz və İsfahan şəhərlərində nüvə
obyektlərinə zərbələr endirdi.
Bundan öncə isə İsveç Xarici İşlər Nazirliyi (XİN) öz
vətəndaşlarını İrana səfər etməməyə çağırıb, İrandakı
vətəndaşlarına oranı tərk etməyi tövsiyə edib. "France Presse"in
iki mənbəyə istinadla yazdığına görə, Fransa da İrandakı
səfirliyinin əməkdaşlarının bir hissəsini ölkədən çıxarıb.
Agentliyin həmsöhbətləri neçə nəfərdən söhbət getdiyini dəqiq
deməyiblər. Fransa XİN səfirliyin strukturunun yenidən təşkil
edildiyini bildirib.
İranda dekabrın sonunda yaranan iqtisadi böhran fonunda etirazlar
başlayıb. Yanvarın 8-də İran hakimiyyəti ölkədə interneti
bloklayıb, etirazları yatırmağa çalışır. İnsan Haqları Fəalları
Xəbər Agentliyinin (HRANA) yanvarın 12-də bildirdiyinə görə,
etirazlar başlayandan 646 nəfər həlak olub. İran İnsan Hüquqları
təşkilatı isə 648 nəfərin öldürüldüyünü bildirir. Azı 10 min
nəfərin saxlanıldığı deyilir.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran rəhbərliyi
danışıqlar istəyir, lakin ABŞ onlarla görüşdən əvvəl "bəlkə də,
hərəkətə keçməli olacaq". CNN telekanalı iki amerikalı rəsmiyə
istinadla bildirib ki, söhbət həm hərbi, həm də qeyri-hərbi
üsullardan gedir.
İranın 'Starlink' peyk internetini əngəllədiyi bildirilir
İranda bəzi sakinlər internetin bloklanmasına baxmayaraq, İlon
Maskın "Starlink" peyk internet xidmətindən yararlanırlar.
"Reuters" bunu ölkə içindən üç nəfərə istinadla yazır.
İranı çalxalayan etirazlar fonunda hakimiyyət fiberoptik kabellər
və mobil əlaqə qüllələri ilə verilən interneti, demək olar,
tamamilə kəsib.
"Starlink" isə interneti minlərlə peykdən ötürür və bu xidmət hələ
də İranın bəzi yerlərində işləyir.
İranın qərbindən bir nəfər deyib ki, onlarla adamın "Starlink"dən
yararlandığını bilir, internetin kəsilməsi sərhəd şəhərlərində
əhaliyə əsasən təsir etməyib.
"NetBlocks" internet monitorinq qrupunun qurucusu Alp Toker də
regionda yaşayanlardan "Starlink"ə çıxışın olduğunu eşitdiyini
deyir, amma bu xidmətin də zəiflədildiyi görünür.
İranda yanvarın 8-dən internetə geniş məhdudiyyət tətbiq
olunub.
"Starlink" xidmətinin necə əngəlləndiyi aydın deyil. Bəzi
mütəxəssislərin fikrincə, bu, "Starlink" terminallarının işinə
maneə yaratmaqla, onların peyklərdən siqnal alma qabiliyyətini
zəiflətməklə gerçəkləşə bilər.
"Starlink"in İranda işləməyə lisenziyası yoxdur. Amma Mask xidmətin
orada aktiv olduğunu deyirdi. Onun 2022-ci ilin dekabrında
bildirdiyinə görə, İranda aktiv "Starlink"lərin sayı 100-ə
yaxınlaşır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.