İranda çoxsaylı itkilər barədə məlumatlar yayılır

İran İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun rəhbəri İranda etiraz aksiyaları zamanı çoxsaylı itkilərin olması barədə danışır.



İslam Respublikasının digər rəsmi şəxsləri kimi o da zorakılığı etirazçılarla əlaqələndirib onları "terrorçu" adlandırsa da, onun bəyanatı ölən şəxslərin "əhalinin müxtəlif təbəqələrinin" nümayəndələri olduğunu da ortaya qoyur.

"Azadlıq" radiosunun İran xidməti olan "Radio Farda"ya istinadən, Əhməd Musəvi "xalq şəhidləri"
terminini işlədir və bildirir ki, onlara "soyuq və odlu silahlar, döyüş silahları, ov tüfəngləri, bıçaqlar, baltalar, ülgüclər və yandırmaqdan tutmuş baş kəsməyə və boğulmaya qədər hər cür qəddar işgəncə üsulları" tətbiq edilib.

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər agentliyi də yazıb: "Öldürülənlərin əksəriyyəti iğtişaşlarla əlaqəsi olmayan sıravi insanlar və yoldan keçənlər olub".

Rəqəmsal izolyasiya şəraitində yayılan məlumatları, həmçinin ölənlər, saxlanılanlar və yaralılar barədə dəqiq informasiyanı yoxlamaq mümkün olmur. Hüquq müdafiə qrupu yanvarın 13-də gecə saatlarında bildirib ki, ölənlərin ümumi sayı 2 571 nəfərə çatıb. HRANA-nın məlumatına görə, 2 403 etirazçının, hökumətlə əlaqəli 147 şəxsin, 12 uşağın və 9 təsadüfi yolçunun ölümü təsdiqlənib. Təşkilat həmçinin 18 434 nəfərin saxlanıldığını, televiziyada yayımlanan 97 məcburi etiraf halını və ağır xəsarətlərlə bağlı 1 134 məlumatın daxil olduğunu təsdiqləyib.

Təhlükəsizlik qüvvələrinin etirazları zorakılıqla dağıtması və internetin kütləvi şəkildə kəsilməsi ölənlərin real sayının daha çox ola biləcəyi qorxusunu yaradır.

İslam Respublikasının rəsmi mənbələri tərəfindən yayılan məlumata görə, hökumət qüvvələri və müdafiə qurumlarının 147 nümayəndəsi həlak olub.

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Fars" xəbər agentliyi internet və telefon əlaqəsinin kəsilməsi fonunda məlumat yayan çox azsaylı media orqanlarından biridir. Agentliyin ölənlərin cəsədlərinin bir qisminin tanınmaz halda olması barədə yaydığı məlumat nümayişçilərə qarşı istifadə edilən qəddar zorakılıqdan xəbər verir, deyə "Radio Farda" yazır.

İranda olan bir həkim yanvarın 12-də "Radio Farda"ya bildirib ki, dövlətin hökumət əleyhinə aksiyaları amansızcasına yatırması fonunda təhlükəsizlik qüvvələri xəstəxanalara basqın edib və yaralı etirazçıları öldürüblər.

"Onlar çoxlu [nümayişçini] öldürüblər, çoxunu həbs ediblər və onların çoxu gizlənir", - deyə anonimlik şərti ilə "Radio Farda"ya danışan həkim bildirib. - "Vəziyyət çox pisdir".

"Azadlıq" radiosu həkimin bəyanatlarını müstəqil şəkildə yoxlaya bilmir.

ABŞ prezidenti Donald Tramp yanvarın 13-də bəyan edib ki, əgər İran rejimi saxlanılan iranlıları edam edərsə, ABŞ "sərt tədbirlər" görəcək.

"Onlar minlərlə insanı öldürməyə başlayanda... və indi siz mənə asılmaqdan danışırsınız. Görək bu, onlar üçün necə olacaq. Əgər onlar belə bir şey etsələr, biz çox sərt tədbirlər görəcəyik", - deyə Tramp "CBS News"a bildirib.

Dünən "X" platformasında dərc olunan paylaşımda ABŞ Dövlət Departamenti bildirib ki, yanvarın 14-də İran hakimiyyəti saxlanılan iranlı etirazçı Erfan Soltanini edam etməyi planlaşdırır: "İslam Respublikası rejimi yalnız əsas hüquqlarını tələb etdiklərinə görə 10 600-dən çox iranlını saxlayıb. Onların arasında yanvarın 14-ü üçün edam hökmü çıxarılan 26 yaşlı Erfan Soltani də var".

 

Print Email
FaceBook Twitter Google