İran xəbərdarlıq edib ki, Vaşinqton İrandakı etirazlara müdaxilə
edərsə, ABŞ qüvvələrinin yerləşdiyi qonşu ölkələrdəki Amerika
bazalarına zərbə endirə bilər.
Bunu yanvarın 14-də "Reuters"ə İranın yüksəkvəzifəli rəsmisi
deyib.
Üç diplomatın sözlərinə görə, Qətərdəki əsas ABŞ hava bazasından
bəzi heyət üzvlərinə ərazidən çıxmaq tövsiyə olunub. Amma agentlik,
ötən il İranın raket hücumundan öncə olduğu kimi, qoşunların
kütləvi təxliyəsinin
müşahidə olunmadığını yazır.
ABŞ prezidenti Donald Tramp İranda etirazçılara dəstək üçün
müdaxilə ilə hədələyib. İnsan haqları qrupu son günlər 2 min 600
nəfərin öldürüldüyünü bildirib.
İsrailin qiymətləndirməsinə əsasən, Tramp müdaxilə qərarı verib,
amma bu addımın miqyası, vaxtı qeyri-müəyyəndir, - bunu israilli
rəsmi bildirib.
Fidan Əraqçi ilə danışıb. Türkiyə danışıqlara
tərəfdardır
Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 14-də İrandan
həmkarı Abbas Əraqçi ilə telefon danışığında regiondakı
gərginliklərin həlli üçün danışıqların zəruriliyini vurğulayıb.
"Reuters" bunu Türkiyə Xarici İşlər Nazirliyində (XİN) bir mənbəyə
istinadla xəbər verir.
Diplomatik mənbə Türkiyənin ABŞ rəsmiləri ilə də təmas saxladığını
bildirib. ABŞ prezidenti Donald Trampın İranda etirazlara müdaxilə
ilə bağlı təhdidlər səsləndirib.
İranın yüksəkvəzifəli rəsmisi isə Tehran və Vaşinqton arasında
birbaşa kommunikasiyaların dayandırıldığını bildirib.
"Reuters"ə danışan rəsmi A.Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv
Uitkoff arasında birbaşa əlaqələrin dayandırıldığını deyib.
Rəsminin sözlərinə görə, ABŞ-nin təhdidləri diplomatik səyləri
zəiflədir və iki rəsminin potensial görüşləri ləğv edilib.
Diplomatlar İranın nüvə proqramı ilə bağlı on illərdir davam edən
mübahisəni diplomatik yolla həll etməyə çalışırdılar.
'Axios': Uitkoff İran şahzadəsi Rza Pəhləvi ilə gizli
görüşüb
Donald Trampın xüsusi elçisi Stiv Uitkoff İranın keçmiş vəliəhdi və
hazırda müxalifət fiquru kimi tanınan Rza Pəhləvi ilə gizli
görüşüb. Bunu "Axios"un jurnalisti Barak Ravid yanvarın 13-də
yazıb.
Jurnalist adının açıqlanmasını istəməyən yüksəkvəzifəli amerikalı
rəsmiyə istinadla qeyd edib ki, görüşün əsas mövzusu İranda
genişmiqyaslı etirazlar olub.
ABŞ rəsmiləri hələlik bu xəbəri rəsmi təsdiqləməyiblər.
"Axios" yazır ki, bu, dekabrın 28-də İranda etirazlar başlayandan
İran müxalifəti ilə Tramp administrasiyası arasında ilk
yüksəksəviyyəli görüşdür.
Nəşrin bildirdiyinə görə, Pəhləvi İranda rejim süqut edəcəyi halda,
özünü "keçid dövrü lideri" kimi təqdim etməyə çalışır.
Uitkoff daha öncə İranla nüvə danışıqlarına Trampın təmsilçisi kimi
qatılıb.
HRANA: Azı 2 min 400 etirazçı öldürülüb
ABŞ-də yerləşən HRANA insan haqları monitorinqi təşkilatı yanvarın
13-ü gecə bildirib ki, iğtişaşlar nəticəsində ümumi ölü sayı 2 min
571-ə çatıb. Onlardan azı 2 min 400-ü etirazçı, 147 nəfəri hökumətə
bağlı şəxsdir. 12 uşaq və 9 kənar şəxsin öldüyü də təsdiqlənib. 18
min 434 nəfər həbs olunub, 1 min 134 nəfər ağır yaralanıb. Təşkilat
97 məcburi etiraf halının yayımlandığını təsdiqləyib.
İranda "Starlink" pulsuzdur
İranda yaşayanlar üçün "Starlink" peyk internet xidməti pulsuz
təmin edilib. Bu, ABŞ prezidenti Donald Tramp ilə "SpaceX"in
rəhbəri İlon Mask arasında aparılan söhbətdən sonra baş verib.
Hakimiyyət kütləvi etirazlara cavab olaraq interneti tam kəsəndən
sonra "Starlink" iranlılar üçün xarici dünya ilə əlaqənin nadir
vasitəsinə çevrilib.
İranda on minlərlə "Starlink" terminalı və anteni var. Amma
istifadəçilər abunə haqqını ödəmə üsullarında çətinliklərlə
üzləşiblər. "Starlink" siqnallarında ciddi kəsilmələr haqda da
məlumatlar yayılıb.
Tramp: ABŞ İranda 'çox güclü' addım atacaq
İranda rejim etirazçıları asmağa başlasa, ABŞ burada "çox güclü
addım" atacaq. Bunu ABŞ prezidenti Donald Tramp "CBS News"a
müsahibəsində deyib.
"İndi İranda baş verənləri görmək istəmirik. Bunun
axırı yaxşı olmayacaq", – Tramp deyib.
O əlavə edib ki, administrasiya İranda təhlükəsizlik qüvvələrinin
öldürdüyü etirazçıların sayına dair rəsmi təsdiq gözləyir.
Tramp ABŞ-nin hansı addımı ata biləcəyi haqda ətraflı danışmayıb,
amma "son məqsəd qələbədir" deyib. O, ABŞ-nin İranın nüvə
obyektlərinə hava zərbələrinə, Venesuela prezidenti Nikolas
Maduronun Karakasdan çıxarılmasına işarə edib. O, ABŞ-də həbsdədir,
cinayət ittihamları üzrə məhkəməsini gözləyir.
Tramp daha öncə iranlıları etirazları davam etdirməyə çağırıb,
"kömək artıq yoldadır" yazmışdı.
Ölü sayı 2 mini keçib
ABŞ-də yerləşən HRANA insan haqları qrupu yanvarın 13-də bildirib
ki, etirazlarda təsdiqlənmiş ölü sayı 2 min 3 nəfərdir. Daha öncə
"Reuters" adını çəkmədiyi İran rəsmisinə istinadla ölü sayının 2
min civarında olduğunu yazmışdı.
Vaşinqton ABŞ vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə
çağırıb.
İranda internet bloklanıb, artıq altıncı gündür dünya ilə
kommunikasiya kəsilib.
"Onlar adamları asanlıqla öldürə, dünya bundan xəbər
tutmaya bilər", – Ermənistanda İran səfirliyi
qarşısında etiraz edən bir nəfər AzadlıqRadiosuna deyib.
Digər etirazçı nümayişlərin tonunun dəyişdiyini bildirib: "Öncəki
etirazlar İranda islahatlara çağırırdı. Bu dəfə adamlar sistemin
dəyişməsini tələb edirlər".
Britaniya, Almaniya liderləri etirazçıların "dəhşətli və qəddar"
qətlini pisləyiblər.
İlk etirazçının edamı gözlənilir
İnsan haqları qruplarının yanvarın 13-də bildirdiyinə görə,
iğtişaşlarda ittiham olunan ilk etirazçının edam olunacağı
gözlənilir.
Norveçdə yerləşən İran İnsan Haqları qrupu və "Hengaw" mənbələrə
istinadla yazıb ki, 26 yaşlı Erfan Soltani "Allaha qarşı müharibə
aparmaq"da ittiham olunur. Onun yanvarın 14-də edam olunacağı
gözlənilir.
İran rəsmiləri Soltani ilə bağlı məlumatları açıq şərh etməyiblər.
İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" xəbər
agentliyi yanvarın 13-də bir neçə etirazçıya ilk ittihamların irəli
sürüldüyünü yazıb.
İranda işləyən bir həkim AzadlıqRadiosunun fars xidmətinə deyib ki,
təhlükəsizlik qüvvələri xəstəxanalara basqın edərək yaralı
etirazçıları edam ediblər.
İranın cənubunda bir xəstəxanada işlədiyini deyən həkimin sözlərinə
görə, təhlükəsizlik qüvvələri əməkdaşları müalicə üçün xəstəxanaya
yerləşdirilən etirazçıların həyatına son qoyublar.
"Çoxunu öldürdülər, çoxunu həbs etdilər, bir çoxu
qaçmalı oldu. Vəziyyət çox pisdir", – anonimlik şərti
ilə danışan həkim bildirib.
AzadlıqRadiosu bu iddiaları müstəqil təsdiqlədə bilməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.