Tramp Rza Pəhləvinin İranda dəstəyinə əmin olmadığını deyir
12:54 / 15.01.2026
ABŞ prezidenti Donald Tramp deyir ki, İranın müxalifət fiquru Rza
Pəhləvi "çox xoş biri kimi görünür",
amma onun İranda yetərincə dəstək toplayıb hakimiyyəti ələ ala
biləcəyinə əmin deyil.
Tramp yanvarın 14-də Oval ofisdə "Reuters"ə eksklüziv müsahibədə
İranın dini hakimiyyətinin çökə biləcəyi ehtimalından danışıb.
Tramp dəfələrlə İranda etirazçılara zorakılığın qarşısını almaq
üçün müdaxilə ilə hədələyib. Etirazlarda minlərlə insanın
öldürüldüyü bildirilir.
"O, çox xoş biri kimi görünür, amma öz ölkəsində necə
qarşılanacağını bilmirəm. Və biz hələ o mərhələdə
deyilik", – Tramp deyib.
"Mən onun ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini
bilmirəm. Əlbəttə, əgər qəbul etsəydilər, bu, mənim üçün problem
olmazdı", – o əlavə edib.
"Reuters" yazır ki, Tramp ötən həftə Pəhləvi ilə görüşmək planının
olmadığını deyirdi. Amma onun 1979-cu ildə hakimiyyətdən devrilmiş
İran şahının oğluna tam dəstək verməməsi Pəhləvinin İranı idarə
etmək qabiliyyətini açıq şəkildə sual altına alması kimi
qiymətləndirilir.
65 yaşlı Pəhləvi ABŞ-də yaşayır. İran müxalifəti bir-biri ilə
rəqabət aparan qruplar və ideoloji cərəyanlardan ibarətdir,
Pəhləvini dəstəkləyən monarxistlər də onlardan biridir. İranın
özündə bu qrupların heç biri təşkilatlanmayıb.
Tramp onu da deyib ki, Tehrandakı hökumətin etirazlardan dolayı
süqutu mümkündür, əslində "istənilən rejim çökə bilər".
"Çöküb-çökməməsindən asılı olmayaraq, maraqlı bir zaman
kəsimi olacaq", – o əlavə edib.
Tramp: İran edamları dayandırıb
ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin etirazçıların
edamını dayandırdığını deyir. Tramp bu haqda yanvarın 14-də
jurnalistlərə deyib. Onun sözlərinə görə, ABŞ İranda qətllərin
dayandırıldığı haqda bilgi əldə edib.
"Mənə dedilər ki, bunu etibarlı mənbələr
bildirib", – Tramp söyləyib.
Prezident xəbərdarlıq edib ki, edamlar yenə də başlasa, Vaşinqton
İrana qarşı çox sərt tədbirlər görəcək.
ABŞ və insan hüquqları təşkilatlarının məlumatına görə, İran
yanvarın 14-də Erfan Soltani adlı 26 yaşlı ilk etirazçını edam
etməyi planlaşdırırdı.
Norveçdə yerləşən "Hengaw" insan haqları qrupu Soltaninin
qohumlarına istinadla yazıb ki, yanvarın 14-də axşamadək Soltani
edam olunmayıb, amma "ciddi narahatlıq qalmaqdadır".
ABŞ-də yerləşən HRANA insan haqlarını monitorinq qrupu yanvarın
13-də özünün təsdiqlətdiyi məlumata əsasən İranda etirazlar
başlayandan azı 2 min 400 etirazçının öldürüldüyünü bildirib. 18
mindən çox insan saxlanıb. Bir çox mənbələr real ölü sayının bir
neçə dəfə çox ola biləcəyini deyirlər.
Tramp hökumətə qarşı çıxan etirazçıların öldürülməsini pisləyib. O,
daha öncə bir neçə dəfə xəbərdarlıq edib ki, Vaşinqton ölümlərin
qarşısını almaq üçün müdaxilə edə bilər.
Vaşinqton Tehrana müxtəlif təzyiq variantlarını nəzərdən keçirir –
yeni sanksiyaların tətbiqindən tutmuş, hərbi zərbələrə qədər.
"Reuters" Avropadakı mənbəyə istinadla yanvarın 14-də xəbər verib
ki, ABŞ bir sutka ərzində İrana zərbə endirə bilər. Bu fonda
Birləşmiş Ştatlar Yaxın Şərqdəki ən böyük hərbi bazasından
hərbçiləri çıxarmağa başlayıb.
"NetBlocks" internet monitorinq qrupu yanvarın 14-də İranda
internetin hələ də bərpa olunmadığını bildirib.
"Artıq 132 saatdır internet kəsilib, ilkin məlumatlar
minlərlə itkinin olduğunu göstərir. Əlaqənin kəsilməsi ilə
qətllərin real miqyası ört-basdır olunur", –
məlumatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.