Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri
Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış
keçiriblər.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, baxışın məqsədi
dəmir yolunun texniki cəhətdən yararlılığının qiymətləndirilməsi
olub.
ABŞ və Ermənistan 'Tramp yolu'nun ilk detallarını açıqlayıb
Yanvarın 13-də gecə ABŞ və Ermənistan Azərbaycanı Ermənistan
ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək, ABŞ-nin
idarə edəcəyi tranzit dəhlizi ilə bağlı ilk əsas detalları
açıqlayıblar.
Sənəd ictimaiyyətə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio
ilə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın danışıqlarından
sonra təqdim olunub. ABŞ-Ermənistan sazişinə görə, Yerevan ABŞ
hökumətinin nəzarətində olan xüsusi bir şirkətə "Beynəlxalq Sülh və
Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlandırılacaq yol üzrə
uzunmüddətli və müstəsna hüquqlar verəcək.
Bu razılaşma ötən ilin avqustunda Vaşinqtonda əldə olunub. Baş
nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ
prezidenti Donald Trampın Ağ evdə ev sahibliyi ilə bir araya
gəliblər. Üç liderin imzaladığı birgə bəyanatda bildirilir ki,
Ermənistan Sünik vilayəti vasitəsilə Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan eksklavı arasında maneəsiz əlaqəni təmin edəcək.
74 faiz ABŞ-yə, 26 faiz Ermənistana
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Rubio-Mirzoyan
danışıqlarından sonra TRIPP-in "icra çərçivəsi" açıqlanıb. Sənəddə
deyilir ki, ABŞ-Ermənistan şirkəti tranzit dəhlizi boyunca dəmir
yolu, avtomobil yolu, enerji təchizatı xətləri və digər
infrastruktur obyektləri inşa edəcək, onlardan əldə olunan
gəlirləri azı 49 il müddətində idarə edib toplayacaq.
"Ermənistan "TRIPP Development" şirkətində ABŞ-yə 74
faiz pay təklif etməyi, özünə isə 26 faiz pay saxlamağı nəzərdə
tutur. Bu razılaşmanın əlavə 50 il müddətinə uzadılması, Ermənistan
hökumətinin payının 49 faizə çatdırılması
gözlənilir", – səkkiz səhifəlik sənəddə deyilir.
Sənəddə vurğulanır ki, Ermənistanın TRIPP vasitəsilə ticarət və
tranzit üzrə sərhəd nəzarəti və gömrük məsələləri üzərində tam
səlahiyyəti olacaq.
"Ermənistanın sərhəd və gömrük əməliyyatları üzərində
suverenliyi və yurisdiksiyası mütləqdir və müzakirə mövzusu
deyil", – sənəddə vurğulanır.
Rubio Dövlət Departamentində Mirzoyanı qarşıladıqdan sonra mətbuata
açıqlamasında oxşar təminatlar dilə gətirib: "TRIPP bir yandan
Ermənistanı biznesə açır, onun iqtisadi rifahına imkan yaradır,
digər yandan bu, Ermənistanın suverenliyinə heç bir şəkildə xələl
gətirmir".
Müştəri ilə birbaşa təmaslar üçün özəl operatorlar cəlb
olunacaq
Çərçivə sənədinə görə, "TRIPP Development" şirkəti işə özəl
operatorlar cəlb edəcək, onlar "müştəri ilə birbaşa təmas
xidmətləri" göstərəcək, sənədləri ilkin yoxlama üçün yığacaq,
yüklərdən, fərdi səyahətçilərdən tranzit haqları toplayacaq.
Ermənistan rəsmiləri isə ölkənin bütün sərhəd və gömrük
obyektlərində fiziki mövcudluğu saxlayacaq, son gömrük qərarlarını
və rəsmiləşdirməni aparacaq, immiqrasiya nəzarətini təmin
edəcəklər.
Azərbaycanın bu marşrut boyunca insanlar və yüklərin Ermənistan
sərhəd yoxlamalarından azad olunmasını tələb edirdi. Paşinyan isə
sentyabrda deyirdi ki, erməni zabitləri ilə azərbaycanlı
səyahətçilərin fiziki təmasının olmaması üçün müasir
texnologiyalardan istifadə olunacaq.
Sənəddə sənədləşdirmənin elektron qaydada təqdim edilməsi və
işlənməsindən söz açılır, insanlar, nəqliyyat vasitələri və yüklər
üçün, o cümlədən Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar
Respublikası arasında "differensiallaşdırılmış" prosedurların
tətbiqi nəzərdə tutulur. Əlavə detallar açıqlanmır.
İ.Əliyev ötən həftə bildirib ki, TRIPP elə Azərbaycanın 2020-ci
ildə Qarabağ müharibəsindən bəri tələb etdiyi "Zəngəzur dəhlizi"nə
bənzəyir: "Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir".
Tranzit dəhlizi Ermənistanın İranla sərhədi boyunca uzanacaq.
Tehran bununla bağlı narahatlığını dəfələrlə bildirib, TRIPP-ə
qarşı olduğunu deyib. Tehran bu marşrutun Ermənistan-İran
sərhədində ABŞ-nin mövcudluğuna yol aça biləcəyindən ehtiyatlanır.
Ermənistanın müxalifət təmsilçiləri də TRIPP-in Sünikdən keçən
hissəsinə Ermənistanın nəzarətinin zəifləyə biləcəyini
deyirlər.
Rusiyanın iştirakı müzakirə olunmur
"TRIPP Development" şirkətində pay bölgüsü investisiyaların həcmi
ilə müəyyən olunur. Bunu Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan yanvarın 14-də mətbuat konfransında deyib. Onun sözlərinə
görə, ABŞ böyük maliyyə və siyasi investisiyalar qoymağı
planlaşdırır, Ermənistan isə, əsasən, tikinti hüquqlarını təmin
edir. Dediyinə görə, söhbət növbəti 49 ildən gedir, zamanla,
investisiyaların gəlirliliyi artdıqca, payların nisbəti praktiki
bərabər olacaq.
XİN rəhbəri onu da qeyd edib ki, ABŞ şirkətdə nəzarət paketini
saxlasa da, Ermənistanın razılığı olmadan heç bir qərar qəbul oluna
bilməz.
"Front-office – back-office" modelindən danışan Mirzoyan bildirib
ki, bu, xidmətlərin "bir pəncərə" prinsipi ilə təqdim olunmasını
nəzərdə tutur: sərhədi keçən şəxs bütün prosesdə iştirak etmir,
məlumatların işlənməsi isə fon rejimində aparılır.
O, imzalanmış sənəddə razılaşdırılmış, lakin dərc olunmamış
müddəaların olmadığını vurğulayıb.
Mirzoyan həmçinin TRIPP layihəsində Rusiyanın iştirakının müzakirə
olunmadığını deyib. Amma onu da vurğulayıb ki, layihə heç bir
qonşunu, o cümlədən Rusiyanı kənarlaşdırmaq məqsədi daşımır. O,
prosesə daha geniş regional kontekstdə baxılmalı olduğunu, bu yöndə
Türkiyə ilə konstruktiv müzakirələr aparıldığını söyləyib.
Rusiya təmsilçisi ötən ay deyirdi ki, Moskvanın iştirakı olmadan
"Tramp yolu" gerçəkləşə bilməz. Rusiya XİN-in MDB ölkələri üzrə
Dördüncü Departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə,
Rusiyanın iştirakı üçün yetərincə əsas var və Moskva bununla bağlı
Yerevanla müzakirələrə hazırdır.
Azərbaycan sənəddən razıdır
"Çərçivə sənədinin qəbulu 8 avqust Vaşinqton sammiti
çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir
daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq
üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə
götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb
edir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti
idarəsinin rəisi Ayxan Hacızadə TRIPP-in icrası üzrə çərçivə sənədi
ilə bağlı deyib.
O əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkənin
əsas prioritetlərindən biridir. "TRIPP marşrutu bununla yanaşı,
daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi
baxımından vacibdir", –o vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.