ABŞ-nin BMT-dəki səfiri: 'İran rejimi öz xalqından qorxur'
15:57 / 16.01.2026
Birləşmiş Ştatlar İrandakı etirazçılara dəstək verir, prezident
Donald Tramp "qırğını dayandırmaq üçün bütün seçimlərin masada
olduğunu açıq bildirib".
Bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Volts söyləyib.
"Prezident Tramp hərəkət adamıdır, BMT-də gördüyümüz
kimi sonsuz danışmır. O, qırğını dayandırmaq üçün bütün seçimlərin
masada olduğunu açıq bildirib", – Volts yanvarın
15-də Vaşinqtonun tələbi ilə keçirilən Təhlükəsizlik Şurası
iclasında deyib.
Volts
İran hakimiyyətinin ölkədəki etirazların xarici dövlətlərin
planı olması iddialarına cavabında deyib ki, Tehrandakı sərt rejim
"İran xalqının küçələrdəki gücünü görərək bu yalanları
ortaya atır".
"Dünyada hər kəs bilməlidir ki, rejim əvvəlkindən daha
zəifdir... Onlar qorxurlar. Öz xalqından qorxurlar",
– o əlavə edib.
İran hakimiyyəti yanvarın 14-nə təyin etdiyi 800 edamı dayandırıb.
Bunu isə Ağ evin sözçüsü Kerolayn Livitt deyib. O, ABŞ-nin
müdaxiləsini də istisna etməyib.
Tramp administrasiyası durumu yaxından izləyir, – sözçü yanvarın
15-də jurnalistlərə söyləyib.
O, ABŞ prezidentinin İran rejiminə etirazçıların öldürülməsi davam
edərsə, ciddi nəticələrlə bağlı xəbərdarlığını da yada salıb.
"Bütün seçimlər açıq qalır", – o əlavə edib.
HRW İranda qətliamların "misilsiz" olduğunu
deyir
İranda təhlükəsizlik qüvvələrinin etirazçıları kütləvi öldürməsinə
dair dəlillər artır. Bunu "Human Rights Watch" (HRW) insan haqları
təşkilatı deyir.
Qurum bildirir ki, "təhlükəsizlik qüvvələri
etirazçılara ölümcül təzyiqləri koordinasiyalı şəkildə artırıb...
bu da ölkə boyunca etirazçıların, yoldan keçənlərin kütləvi
qətlinə, yaralanmasına səbəb olub". Kommunikasiyaya
sərt məhdudiyyətlər isə qətllərin tam miqyasını müstəqil
təsdiqlətməyə imkan vermir, - bəyanatda deyilir.
HRW bir çox dəlili araşdırdığını bildirib – buraya təsdiqlənmiş
foto və videolar, şahidlər və qurbanların yaxınları ilə
müsahibələr, ekspertiza təhlilləri daxildir. Qurum çox sayda
etirazçının baş və bədənlərinə atəş açılaraq öldürüldüyünü və ya
yaralandığını bildirir. Elə İran rəsmiləri də minlərlə insanın
öldürüldüyünü etiraf ediblər.
"Human Rights Watch"un proqram direktoru Lama Fakih ölkədə kütləvi
qətliamların "misilsiz" olduğunu deyib. Onun təbirincə, öz xalqını
qətlə yetirənlər məsuliyyətə cəlb olunmayınca qəddarlığı davam
etdirəcək. O, BMT İnsan Haqları Şurasının xüsusi iclasını keçirməyə
çağırıb.
15 yanvar
ABŞ İran rəsmilərinə sanksiyalar açıqlayır
ABŞ İranda etirazların zorakılıqla yatırılmasında və neft
gəlirlərinin yuyulmasında ittiham olunan İran rəsmilərinə və bank
şəbəkələrinə sanksiyalar tətbiq edib. Bu haqda yanvarın 15-də
ABŞ-nin maliyyə naziri Skott Bessent danışıb.
"Prezident Trampın göstərişi ilə Maliyyə Nazirliyi İran xalqına
qarşı qəddar repressiyalarda əli olan əsas liderlərə sanksiya
tətbiq edir", – Bessent bəyanatında bildirib.
"İnsan haqlarını zalımcasına əsarətdə saxlayan rejim
üzvlərini hədəfə almaq üçün Maliyyə Nazirliyi bütün vasitələrdən
istifadə edəcək", – o əlavə edib.
İran Erfan Soltaninin ölüm cəzasına məhkum edilmədiyini
deyir
İran etirazçı Erfan Soltaninin ölüm cəzasına məhkum edilməsi ilə
bağlı məlumatları təkzib edib. Həmin məlumatları onun ailəsi insan
haqları təşkilatları ilə bölüşmüşdü.
Ölkənin məhkəmə hakimiyyəti bildirib ki, bu xəbərləri xaricdəki
müxalif media qurumları "uydurub" və Soltani hazırda Kərəcdəki
Mərkəzi Həbsxanada saxlanılır.
Rəsmi məlumata görə, Soltani yanvarın 10-da etirazlar zamanı
saxlanılıb, ona "ölkənin daxili təhlükəsizliyinə qarşı toplaşma və
əlbirlik", "rejim əleyhinə təbliğat" ittihamları irəli sürülüb.
Soltaninin ailəsi isə 26 yaşlı gəncin yanvarın 8-də Fərdis
şəhərindəki evində saxlanıldığını bildirib.
İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzinin açıqlamasına görə,
"ittihamlar təsdiqlənərsə və hüquqi hökm çıxarılarsa, qanunda
nəzərdə tutulan cəza həbsdir və, ümumiyyətlə, qanunda bu cür
ittiham üçün ölüm cəzası nəzərdə tutulmayıb".
Soltaninin ailəsi isə insan haqları qurumlarına demişdilər ki,
məhkəmə orqanları onlara ölüm hökmünün çıxarıldığını və qəti
olduğunu, yanvarın 14-də icra ediləcəyini bildiriblər.
Bundan öncə ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini
etirazçıların edamından çəkinməyə çağırıb, əks halda, sərt
tədbirlərlə hədələyib.
Dövlət Departamenti İranda etirazçıların dronlarla izlənməsinə
reaksiya verib
ABŞ Dövlət Departamenti X sosial şəbəkəsindəki farsdilli hesabında
İran hökumətinin etirazçıları izləmək məqsədilə hərbi dronlardan
istifadə etməsinə münasibət bildirib.
"Bu etirazlar vaxtı İran rejimi dinc etirazçılara qarşı hərbi dron
texnologiyasından istifadə edib. Bu dronlar şəxslərin
müəyyənləşdirilməsi, izlənməsi və təqibindən ötrü tətbiq olunur ki,
təhlükəsizlik qüvvələri onları həbs edə bilsin", – yanvarın 15-də
paylaşılmış postda deyilir.
"İran İslam Respublikası rejimi İran vətəndaşlarını düşmən
döyüşçülər kimi görür, onlara qarşı müharibə aparır. Dünya bu
rejimin nə etdiyini izləyir və bunu unutmayacaq", – ABŞ Dövlət
Departamenti əlavə edib.
İranda internetin kəsilməsinə baxmayaraq, daha öncə bir sıra
şahidlər də oxşar açıqlamalar veriblər.
Yanvarın 15-də BMT-nin Təhlükəsizlik Şurası ABŞ-nin xahişi ilə
İrandakı durumla bağlı fövqəladə iclas keçirəcək.
Tramp: İran edamları dayandırıb
ABŞ prezidenti Donald Tramp İran hakimiyyətinin etirazçıların
edamını dayandırdığını deyir. Tramp bu haqda yanvarın 14-də
jurnalistlərə deyib. Onun sözlərinə görə, ABŞ İranda qətllərin
dayandırıldığı haqda bilgi əldə edib.
"Mənə dedilər ki, bunu etibarlı mənbələr
bildirib", – Tramp söyləyib.
Prezident xəbərdarlıq edib ki, edamlar yenə də başlasa, Vaşinqton
İrana qarşı çox sərt tədbirlər görəcək.
ABŞ və insan hüquqları təşkilatlarının məlumatına görə, İran
yanvarın 14-də Erfan Soltani adlı 26 yaşlı ilk etirazçını edam
etməyi planlaşdırırdı.
Norveçdə yerləşən "Hengaw" insan haqları qrupu Soltaninin
qohumlarına istinadla yazıb ki, yanvarın 14-də axşamadək Soltani
edam olunmayıb, amma "ciddi narahatlıq qalmaqdadır".
ABŞ-də yerləşən HRANA insan haqlarını monitorinq qrupu yanvarın
13-də özünün təsdiqlətdiyi məlumata əsasən İranda etirazlar
başlayandan azı 2 min 400 etirazçının öldürüldüyünü bildirib. 18
mindən çox insan saxlanıb. Bir çox mənbələr real ölü sayının bir
neçə dəfə çox ola biləcəyini deyirlər.
Tramp hökumətə qarşı çıxan etirazçıların öldürülməsini pisləyib. O,
daha öncə bir neçə dəfə xəbərdarlıq edib ki, Vaşinqton ölümlərin
qarşısını almaq üçün müdaxilə edə bilər.
Vaşinqton Tehrana müxtəlif təzyiq variantlarını nəzərdən keçirir –
yeni sanksiyaların tətbiqindən tutmuş, hərbi zərbələrə qədər.
"Reuters" Avropadakı mənbəyə istinadla yanvarın 14-də xəbər verib
ki, ABŞ bir sutka ərzində İrana zərbə endirə bilər. Bu fonda
Birləşmiş Ştatlar Yaxın Şərqdəki ən böyük hərbi bazasından
hərbçiləri çıxarmağa başlayıb.
"NetBlocks" internet monitorinq qrupu yanvarın 14-də İranda
internetin hələ də bərpa olunmadığını bildirib.
"Artıq 132 saatdır internet kəsilib, ilkin məlumatlar
minlərlə itkinin olduğunu göstərir. Əlaqənin kəsilməsi ilə
qətllərin real miqyası ört-basdır olunur", –
məlumatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.
در طول این اعتراضات، رژیم ایران فناوری پهپادهای نظامی را علیه معترضان مسالمتآمیز به کار گرفته است. از این پهپادها برای شناسایی، ردیابی و تعقیب افراد استفاده میشود تا نیروهای امنیتی قادر باشند آنان را دستگیر کنند. رژیم جمهوری اسلامی، شهروندان ایرانی را مانند مبارزان دشمن میبیند… pic.twitter.com/6LwO0vJF01