İranın mərkəzindəki İsfahan vilayətinin sənaye və yaşayış
məhəllələrində üç şahid rejimə qarşı son etirazlarda misilsiz
zorakılıq səhnələrini təsvir edib.
Şahidlər AzadlıqRadiosunun fars xidmətinə deyiblər ki, vilayətin
ucqarları, ətraf şəhərlərin bəzi yerləri indi müharibə zonalarını
xatırladır, hətta 1980-ci illərin İran-İraq müharibəsi zamanı
işğaldan sonra viran qalmış şəhərlərlə müqayisə oluna bilər.
Hakimiyyət ötən il dekabrın 28-də başlanan
antihökumət etirazlarını
zorakılıqda yatırdıb, hazırda ölkə boyunca hərbçi və polis
qüvvələri yerləşdirilib, internet və rabitə blokadası tətbiq
olunub.
İranın Tehrandan sonra ikinci ən böyük sənaye mərkəzi olan
İsfahanın bəzi yerlərində etirazlar vaxtı ilk qarşıdurmalar
yaranıb. İzdiham açıq şəkildə Pəhləvi monarxiyasının qaytarılmasını
tələb edib, qadağan olunmuş "Şir və Günəş" bayrağını dalğalandırıb.
Rejim bu bayrağı monarxiya və dünyəvi millətçiliyin qalığı
sayır.
Ucqarlar viran qalıb
Nəcəfabad bölgəsindəki şəhər tipli Yəzdanşəhr qəsəbəsi yanvarın
2-dən çoxsaylı küçə etirazlarının mərkəzinə çevrilib. "Radio
Fərda"ya danışan yerli sakin dağıntıları təsvir edib: şəhərin
divarları, qapılar güllələr ilə deşilib, fasadlardan kərpiclər
düşüb, pəncərələr sındırılıb, banklar, hökumət binaları
yandırılıb.
"Yəzdanşəhr işğaldan sonrakı Xürrəmşəhrə
oxşayır", – təhlükəsizliyə görə adı açıqlanmayan
şahid deyib. Xürrəmşəhri 1980-ci illərdə İraq qüvvələri işğal edib,
sonradan geri alınıb.
{{AUDIO}}
Şahid təhlükəsizlik qüvvələrinin etirazçılara divan tutması haqda
bunları deyib: "Hər maşının arxasından bir meyit çıxırdı. Hamını
döymüşdülər".
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri izdihama heç fərq
qoymayıb, yoldan keçənlərə, dükan sahiblərinə və damlardan baxan
insanlara atəş açıb: "Çöldə olan hər kəsi döyürdülər". O, bəzi
ailələrdən bir neçə üzvün öldürüldüyünü qeyd edib.
AzadlıqRadiosu bu şahid ifadələrini müstəqil təsdiqləyə bilməyib.
Amma onlar İrandan gələn digər etibarlı məlumatlarla xeyli üst-üstə
düşür.
Ölənləri necə tanıyıblar
Təxminən 60 kilometr aralıda yerləşən Baharistan şəhərində başqa
bir şahid "Radio Fərda"ya etirazlardakı böyük insan itkisindən
danışıb. Qurbanların çoxunun bəxtiyari etnik qrupundan olduğunu
bildirib.
"Heç vaxt ağlıma gəlməzdi ki, bu qədər adam öldürərlər.
Kiminsə belə şeylər edə biləcəyini heç vaxt
düşünməzdim", – şahid deyib.
Etirazlar zorakılıqla yatırıldıqdan sonra Baharistanda
yanacaqdoldurma məntəqələri tamamilə yandırılıb, sakinlər yanacaq
almaq üçün kənara çıxmağa məcbur qalıblar.
İsfahanın Şahinşəhr qəsəbəsindən şahid ağır silahlanmış
təhlükəsizlik qüvvələrinin "qoca-cavan, qadın-kişi demədən" hədəf
aldığını, yaralılara və ölülərə də atəş açdığını söyləyib.
ABŞ-də yerləşən HRANA insan haqları qrupunun məlumatına görə,
İranda etirazlarda təsdiqlənmiş ölü sayı 4 min 500-ü keçib, 9
mindən çox hal isə araşdırılır. Müxtəlif qruplar ölənlərin sayını
daha çox göstərir.
{{AUDIO}}
Şahid yaxınlarının cəsədlərini tanımaq, təhvil almaq üçün İsfahanın
ən böyük qəbiristanlığına gedib: "Meyitlər üst-üstə yığılmışdı,
çoxunun üzərində qan görünürdü. Onları tanımaq üçün cəsədləri
özümüz bir-bir qaldırıb kənara çəkirdik ki, altda qalanı
görək".
O, ölənlərin üzlərinin dəhşətli durumda olduğunu, döyülmədən, güllə
yaralarından tanınmaz hala düşdüyünü deyir. Qəbiristanlıqda
meyitlər arasında təxminən 10-16 yaşlı uşaqlar da olub.
Qorxu mühiti
İsfahan ostanında yerləşən Fuladşəhrdən üçüncü şahidin "Radio
Fərda"ya dediyinə görə, qorxu o qədər güclüdür ki, "günorta saat
üç-dörddən sonra heç kim, hətta dərman almaq üçün belə, küçəyə
çıxmağa ürək etmir". Qaranlıq düşməmişdən mülkigeyimli, ağır
silahlanmış təhlükəsizlik qüvvələri küçələrdə dolaşır, etirazçıları
qorxutmaq üçün şiələrin "Heydər, Heydər" şüarını qışqırırlar.
Repressiya sakinlərə sarsıdıcı təsir edib. İnsanlar artıq su və
elektrikin kəsilməsindən, ərzağın kəskin bahalanmasından şikayət
etməyə cəsarət etmirlər. Etsələr belə, mesajlarını xarici dünyaya
çatdırmaq çox çətin olar. Fuladşəhr sakininin sözlərinə görə,
hakimiyyət təkcə internet və telefon xidmətlərini kəsməyib,
məhəllələrdə peyk antenlərini də çıxarıb.
"İnsanların tamamilə təcrid olunmasını istəyirlər, bu
halda onlara istədikləri hər cür zərəri rahatlıqla vura
bilsinlər", – şahid "Radio Fərda"ya deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.