Xorvatiya Prezidenti Gürcüstanda rəsmi səfərdədir

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Gürcüstana rəsmi səfərə başlayır.

NATO və Avropa İttifaqının üzvü olan Xorvatiyanın prezidenti “Gürcü Arzusu” hakimiyyətinin yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Nümayəndə heyətinə prezidentin aparat rəhbəri Bartol Şimuniç, xarici və Avropa məsələləri üzrə prezidentin müşaviri Neven Pelitsariç, iqtisadi məsələlər üzrə prezidentin xüsusi müşaviri Velibor Maçkiç, Xorvatiya Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Branko
Zebiç və prezident administrasiyasının nümayəndələri daxildir.

Zoran Milanoviçin rəsmi qarşılanma mərasimi artıq Gürcüstan Prezident Administrasiyası qarşısında keçirilib. Onu “Gürcü Arzusu” tərəfindən altıncı prezident seçilmiş Mixail Kavelaşvili qarşılayıb.

Kavelaşvili və Milanoviçin görüşündən sonra birgə bəyanat veriləcək.

Fevralın 13-də başa çatacaq rəsmi səfər çərçivəsində Zoran Milanoviç “Gürcü Arzusu” hökumətinin başçısı İrakli Kobaxidze və legitimliyi mübahisə doğuran parlamentin sədri Şalva Papuaşvili ilə də görüşəcək.

Avropa İttifaqı – Gürcüstan münasibətləri

Avropa İttifaqı 2024-cü ildən Gürcüstanın üzvlük prosesini, hökumətə maliyyə yardımını və “Gürcü Arzusu” hakimiyyətinin nümayəndələri ilə görüşləri dayandırıb. Buna səbəb kimi anti-demokratik hesab olunan qanunların qəbulu, demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində ciddi geriləmənin qiymətləndirilməsi göstərilir.

Aİ-yə üzv müxtəlif dövlətlər “Gürcü Arzusu” hakimiyyəti ilə münasibətlər barədə fərdi qərarlar qəbul edirlər. Dünən, 11 dekabrda isə məlum olub ki, Avropa İttifaqı yeni mexanizm çərçivəsində Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını nəzərdə tutan qərarı təsdiqləyib.

Xorvatiya haqqında

Xorvatiya 1991-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibindən çıxaraq müstəqil respublika olub. Ölkə 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvüdür.

Hazırda Xorvatiya parlament respublikasıdır. Prezident dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. O, parlamentin razılığı ilə baş naziri təyin edir.

Zoran Milanoviç haqqında

Qərb mediası Zoran Milanoviçi Ukraynaya münasibəti və NATO-ya Finlandiya və İsveçin qəbuluna veto qoymaqla hədələməsi səbəbindən prorusiya mövqeli siyasətçi kimi xarakterizə edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Milanoviç Aİ-nin Ukraynaya hərbi yardımına qarşı çıxanlar sırasında olub və Rusiyaya qarşı sanksiyaları absurd adlandırıb. 2022-ci ilin yanvarında, müharibədən əvvəl, o, Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandıraraq, onun NATO-da yerinin olmadığını bəyan edib. Bu səbəbdən Ukrayna Xarici İşlər Nazirliyi Xorvatiyanın səfirini izahat üçün çağırıb.

Sol-mərkəzçi siyasi yönümlü Zoran Milanoviç 2020-ci ilin fevralından Xorvatiya prezidentidir.
2025-ci ilin yanvarında keçirilmiş prezident seçkilərinin ikinci turunda ikinci müddətə seçilib.
O, səslərin təxminən 75 faizini toplayaraq müstəqil Xorvatiya tarixində prezident seçkilərində ən yüksək nəticə göstərən namizəd olub.
2011–2016-cı illərdə Xorvatiyanın baş naziri olub.
2016-cı ilə qədər Sosial-Demokrat Partiyasına rəhbərlik edib.

Milanoviç hüquq təhsilini Zaqreb Universitetində alıb, Avropa hüququ üzrə magistr dərəcəsini isə Brüssel Azad Universitetində əldə edib.

O, 2024–2025-ci illər prezident seçkiləri kampaniyasını şəxsi azadlıqların və azlıqların hüquqlarının müdafiəsi mövzularına fokuslayıb.

Xorvatiyada Milanoviçin şəxsi reytinqi kifayət qədər yüksəkdir. O, tez-tez həm öz siyasi komandasını, həm də müxalifət partiyalarını tənqid edir.

Hakim mühafizəkar “Xorvatiya Demokratik Birliyi” (HDZ) partiyasının sərt tənqidçisidir və onu korrupsiya və hakimiyyəti qoruyub saxlamaqda günahlandırır.

Bəyanatlarında əsas vurğunu milli suverenliyin qorunmasına edir və hesab edir ki, ənənəvi siyasi elitalar Brüsselin xarici gündəminə həddindən artıq bağlıdırlar. Tənqidçiləri isə bu mövqeni populist hesab edir və bunun Aİ ilə institusional əməkdaşlığa zərər verə biləcəyini düşünürlər.

Xorvatiyada prezidentin rolu

Xorvatiyada prezident vəzifəsi daha çox simvolik və mərasim xarakteri daşıyır. Onun səlahiyyətləri əsasən konkret siyasi proqramların icrası ilə bağlı deyil.

LGBT hüquqları

Milanoviç açıq şəkildə bəyan edib ki, Xorvatiyada heç kəs cinsi oriyentasiyasına və ya gender kimliyinə görə özünü ikinci dərəcəli vətəndaş kimi hiss etməməlidir. Onun sözlərinə görə, Xorvatiya LGBT+ insanlar üçün təhlükəsiz və açıq cəmiyyət olmalıdır.

2024-cü ildə o, Zaqreb Praydı nümayəndələri ilə də görüşüb.

Xorvatiya eynicinsli tərəfdaşlıqları tanıyır, lakin eynicinsli nikahlar 2013-cü il referendumundan sonra konstitusiya ilə qadağan edilib.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google