Orbelianilər Sarayında 12 fevralda keçirilən görüşdən sonra
Gürcüstana səfər edən Xorvatiya Prezidenti Zoran Milanoviç və onun
ev sahibi olan həmkarı Mixeil Kavelaşvili açıqlama veriblər.
Mixeil Kavelaşvilinin sözlərinə görə, “bu səfər bizim ölkələr
arasında bütün ortaq maraq sahələrində əlaqələrin dərinləşməsinə
əlavə impuls verəcək.”
O, iki ölkəni birləşdirən ümumi dəyərlər bazasını, suverenliyin və
sülhün əhəmiyyətini xüsusi vurğulayıb.
“Bizim ölkələr üçün tarixi yaddaş, mədəni identiklik,
ənənələr və xristianlıq xüsusi əhəmiyyət daşıyır. Məhz bu möhkəm
təməllər üzərində duran xalqlarımız bu sürətlə dəyişən dünyada öz
milli maraqlarını və suverenliklərini qoruyurlar,” –
deyə Mixeil Kavelaşvili bildirərək, hakim komandanın ölkənin
suverenliyinin müdafiəsi ilə bağlı artıq bəyan etdiyi ritorikanı
bir daha təkrarlayıb.
“Çağdaş çoxqütblü beynəlxalq düzəndə suverenliyin
əsasını milli maraqların qorunması, iqtisadi müstəqillik və
informasiya suverenliyi təşkil edir,” – Kavelaşvili
deyib.
Avropa İttifaqı ilə münasibətlər
Mixeil Kavelaşvili bildirib ki, “hazırda Gürcüstan–Avropa İttifaqı
münasibətləri bir sıra çağırışlarla üzləşib”, lakin ümid etdiyini
də əlavə etdi ki, “konstruktiv və aktiv dialoq vasitəsilə
Gürcüstanla Aİ arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq
və münasibətləri normallaşdırmaq mümkündür.”
O, “Gürcü Arzusu” tərəfindən dəfələrlə səsləndirilmiş mövqeyi
təkrar edərək qeyd etdi ki, “Aİ-nin genişlənmə siyasəti tez-tez
Avropalı bürokratlar tərəfindən müraciət olunan manipulyasiya aləti
olmamalıdır.”
Mixeil Kavelaşvilinin sözlərinə görə, “Gürcüstan son illərdə
nümunəvi dözümlülük və prinsipiallıq göstərib, öz suverenliyini,
milli maraqlarını və sülhünü qoruyub.” Onun fikrincə, Aİ-nin bir
sıra ölkələri bunu “görməməzliyə vurmur” və “Avro-bürokratların
aqressiv ritorikasından fərqli olaraq, dialoq və diplomatiyanı
seçirlər.” Kavelaşvili hesab edir ki, bu ölkələrdən biri də
Xorvatiyadır.
Zoran Milanoviçin açıqlamaları
Birgə bəyanatlar zamanı sinxron tərcümənin təqdim etdiyi məzmuna
əsasən, Xorvatiya Prezidenti Zoran Milanoviç Gürcüstana gəlişini
“həmrəylik jesti” kimi qiymətləndirdiyini dedi, lakin əlavə etdi
ki, “son illərdə çox vaxt həmrəylik anlayışı çox sinik olub.”
Aİ, 2024-cü ildən bəri Gürcüstanın üzvlüyə qəbul prosesini,
hökumətə maliyyə yardımını və “Gürcü Arzusu” hakimiyyətinin
nümayəndələri ilə görüşləri dayandırıb. Səbəb: antidemokratik hesab
edilən qanunlar, demokratiya, insan haqları və hüququn aliliyi
sahələrində ciddi geriləmələr.
Aİ-nin ayrı-ayrı dövlətləri “Gürcü Arzusu” hökuməti ilə münasibətlə
bağlı fərdi qərarlar qəbul edirlər. Dünən – dekabrın 11-də məlum
oldu ki, Aİ əvvəlcədən təsdiqlənmiş yeni mexanizm çərçivəsində
Gürcüstan diplomatik və xidməti pasport sahibləri üçün vizasız
gediş-gəlişi dayandırıb.
“Rusiya agentidir” deyə ittiham olunan ölkə
“Ölkəniz özünü çıxılmaz dilemmalar qarşısında tapıb və
bunu çox istehzalı şəkildə – cənab Kavelaşvilinin adlandırdığı kimi
– Brüssel bürokratiyası, Avropa bürokratiyası edir. Onlar mənim
adımdan danışa bilməzlər və onlara Xorvatiya adına danışmağa imkan
da verməyəcəyəm. Buna görə də şəxsən buraya gəldim və tam səmimi
desəm, 2025-ci ildə Aİ-dən heç bir yüksək səviyyəli səfər olmayıb.
Bu ifadəmə görə üzr istəyirəm, amma bu, dəlilikdir. Mən bura gəlmək
istəyirəm, elə bir ölkəyə gəlmək istəyirəm ki, onu prorusiyaçı,
promoskvalı, proputinçi mövqedə ittiham edirlər. Amma mənim başqa
təcrübəm var. Ola bilər yanılıram, amma bu elə bir ölkədir ki,
Moskva ilə diplomatik münasibəti yoxdur və buna baxmayaraq onu
Rusiya agenti olmaqda suçlayırlar. Bunu başa düşə bilmirəm. Ona
görə qərara aldım ki, şəxsən gəlim və öz gözlərimlə görüm nə baş
verir,” – deyə Zoran Milanoviç bildirib.
Milanoviç Aİ-yə üzv ölkələrin liderləri arasında 2024-cü ildən
sonra Gürcüstana gələn ikinci liderdir. 2024-cü il parlament
seçkilərindən sonra ölkəyə səfər edən ilk lider Macarıstanın Baş
naziri Viktor Orban olmuşdu.
“Ölkəyə baryerlər yaradır, onu mənəvi dilemma
qarşısında qoyurlar, ‘Moskvanın agenti’ adlandırırlar. Bu mənəvi
şantajdır. Onlar bu ölkəni şantaj edirlər – əllərin qıvrılması,
təzyiq göstərilməsi baş verir. Buna görə də Gürcüstana gəldim ki,
bunu deyim,” – Milanoviç əlavə edib.
O, həmçinin ötən il Gürcüstanda keçirilən pro-avropa etiraz
aksiyalarında həmrəylik nümayiş etdirmək üçün gəlmiş bəzi Aİ
ölkələrinin nazirlərinin davranışlarını da xatırlayıb və
qiymətləndirib:
“Gördüm ki, Aİ-yə üzv dövlətlərin nazirləri Gürcüstana
gəlmişdilər ki, mitinqlərdə iştirak etsinlər və müxalifətə
qoşulsunlar. Mən bunu beynimdə çevirdim– düşünürdüm ki, həmin
siyasətçilər mənim ölkəmə, paytaxtıma, mərkəzi meydana gəlsəydilər,
özümü necə hiss edərdim? Kim olmalarından asılı olmayaraq, mənim
üçün fərqi yoxdur Gürcüstandakı siyasi tərəflər. Amma mənim üçün
prinsip etibarilə qəbuledilməzdir ki, kiçik, siyasi cəhətdən təcrid
olunmuş bir ölkəyə təzyiq edilsin – hansı ki, Aİ ilə münasibətlərdə
çətinlik yaşayır. Mənim üçün bu ideyanın özü
qəbuledilməzdir,” – deyə Xorvatiya Prezidenti
vurğulayıb.
Milanoviç Gürcüstanın iqtisadi göstəricilərini də çox müsbət
qiymətləndirdi.
Həmsöhbətinin yanaşmasını dəyərləndirən Mixeil Kavelaşvili bildirib
ki, “Aİ-nin ləyaqətli ölkəsi olan Xorvatiya və onun prezidenti
həqiqəti deyir və biz Avropa bürokra¬tiyasından və ölkəmizə qarşı
ikili standart tətbiq edən nümayəndələrdən məhz belə səmimi danışıq
tələb edirik.”
“Bu, həqiqi ləyaqətli liderin yanaşmasıdır və burada
artıq heç nə yoxdur. Bu, sadəcə həqiqətin qəbuludur və
bərabərhüquqlu ölkələrin ləyaqətli prezidentləri arasında
əməkdaşlığın necə olması gərəkdiyinin nümunəsidir,” –
Kavelaşvili əlavə edib.
Xorvatiya Prezidentinin həmkarının sözlərinə reaksiyası dərhal
gəlib:
“Mən razı deyiləm ki, Xorvatiya pozitivdir, digərləri
isə Gürcüstan üçün neqativdir. Avropadakı bir çox oyunçuların
ümumiyyətlə mövqeyi yoxdur, münasibəti yoxdur və öz komfort
zonasında özlərini çox rahat hiss edirlər. Onların yanaşması
opportunistdir. Onların burada addım atmağa ehtiyacı yoxdur. Elə
resurslar var ki, onlara Gürcüstanı anlamaları üçün kifayət edir —
biz onları aqressivliyə təhrik etmirik, sadəcə digər Avropa
ölkələrinə göstəririk ki, Aİ-nin vahid mövqeyi yoxdur və Aİ-nin
daxilində çoxlarının sabit, aydın mövqeyi yoxdur,” –
Milanoviç bildirib.
Gürcüstana rəsmi səfəri çərçivəsində, Zoran Milanoviç “Gürcü
Arzusu” hökumətinin başçısı İrakli Kobaxidze və mübahisəli
Parlament sədri Şalva Papuaşvili ilə də görüşəcək.
Zoran Milanoviç haqqında
Qərb mediası Zoran Milanoviçi Ukraynaya münasibəti və Finlandiya
ilə İsveçin NATO-ya üzvlüyünə veto qoyacağı ilə bağlı hədələri
səbəbindən prorusiyaçı mövqeli siyasətçi kimi təqdim edirdi.
Ukraynaya Rusiya ordusunun genişmiqyaslı müdaxiləsindən sonra
Milanoviç Aİ tərəfindən Ukraynaya hərbi yardıma qarşı olanlar
arasında idi və Rusiyaya qarşı sanksiyaları absurdluq hesab edirdi.
2022-ci ilin yanvarında, Ukraynada müharibə başlamazdan əvvəl,
Zoran Milanoviç Ukraynanı ən korrupsiyalaşmış ölkələrdən biri
adlandırmış və onun yerinin NATO-da olmadığını bildirmişdi. Bunun
nəticəsində Ukraynanın Xarici İşlər Nazirliyi Xorvatiya səfirini
çağırmışdı.
• Sol-mərkəzçi siyasi yönümlü Zoran Milanoviç 2020-ci ilin
fevralından Xorvatiya Prezidenti vəzifəsini icra edir;
• İkinci dəfə 2025-ci ilin yanvarında keçirilmiş prezident
seçkisinin ikinci turunda seçildi;
• Milanoviç səsvermədə təxminən 75% səs qazandı, bu, müstəqil
Xorvatiya tarixində prezident seçkilərində namizədin əldə etdiyi ən
yüksək nəticədir;
• 2011–2016-cı illərdə Xorvatiya Baş naziri olmuşdur;
• 2016-cı ilə qədər Sosial-Demokrat Partiyasına rəhbərlik
etmişdir.
Milanoviç hüquq təhsili alıb: Zagrebdə Universitetdə hüquq
ixtisası, Brüsselin Azad Universitetində isə Avropa hüququ üzrə
magistr dərəcəsi əldə edib.
2024–2025-ci illərdə prezident seçkilərində kampaniyası zamanı
şəxsi azadlıqların və azlıqların hüquqlarının qorunmasına diqqət
yetirib.
Xorvatiyada onun şəxsi populyarlığı yüksəkdir; o, həm öz siyasi
komandasını, həm də müxalif partiyaların üzvlərini tez-tez tənqid
edir.
Milanoviç Xorvatiya Konservativ Partiyası “Xorvatiya Demokratik
Birliyi”nin (HDZ) kəskin tənqidçisidir və onu korrupsiya və
hakimiyyəti qorumaqda günahlandırır.
Onun çıxışlarında əsas vurğu milli suverenliyin qorunmasının
vacibliyinə yönəlmişdir və hesab edir ki, ənənəvi siyasi elitalar
Brüssel-in xarici siyasət gündəliyinə çox bağlıdır.
Milanoviçinin tənqidçiləri onun bu cür bəyanatlarını populist hesab
edir və bunun Aİ ilə institusional əməkdaşlığa zərər verə
biləcəyini bildirirlər.
Prezidentin rolu Xorvatiyada
Xorvatiya prezidentinin vəzifəsi icraedici deyil, daha çox
təntənəli (seremonial) xarakter daşıyır; onun öhdəliklərinin
əksəriyyəti konkret siyasi proqramların həyata keçirilməsini əhatə
etmir.
Azlıqların hüquqları
Milanoviç açıq bəyan edib ki, Xorvatiyada heç kəs cinsi
orientasiyası və ya gender kimliyinə görə ikinci dərəcəli vətəndaş
kimi hiss etməməlidir. Onun sözlərinə görə, Xorvatiya LGBT+
insanlar üçün təhlükəsiz və açıq cəmiyyət olmalıdır.
2024-cü ildə o, Zagrebdə Pride tədbirinin iştirakçıları ilə
görüşüb.
Xorvatiya eyni cinsli tərəfdaşlığı tanıyır, lakin 2013-cü ilin
referendumundan sonra Konstitusiyaya əsasən eyni cinsli cütlüklərin
nikahı qadağandır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.