Azərbaycanın İrandakı diplomatlarının evakuasiyası barədə göstəriş verilib
14:20 / 06.03.2026
Martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə dronlar düşüb.
Prezident İlham Əliyev hadisəni "terror aktı" kimi pisləyib,
Tehrandan üzrxahlıq tələb edib.
Tehran isə Azərbaycanı, qonşu ölkələri hədəfə almadığını
bildirib.
"Əlavə təhlükəsizlik tədbirləri
çərçivəsində Tehrandakı səfirliyimizin və Təbrizdəki baş
konsulluğumuzun evakuasiyası barədə göstəriş
verilib".
AZƏRTAC-ın xəbərinə görə, bunu martın 6-da Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir: İran tərəfi dron hücumlarının araşdırılmasına vəd
verib "Azərbaycan dövlətinin mövqeyi və tələbləri açıq
şəkildə İran
tərəfinə çatdırılıb".
Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə,
"Dünən İranın xarici işlər naziri ilə bu məsələ bütün
ciddiliyi ilə müzakirə edilib. Onlar məsələnin araşdırılması barədə
vəd veriblər".
5 mart
Bayramovla Mirzoyan Naxçıvana dron hücumundan
danışıblar
Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon
danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə,
Bayramov həmkarını Naxçıvan Muxtar Respublikasına mülki
infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması
ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.
"Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin
daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin
əhəmiyyətini vurğulayıblar", - məlumatda
bildirilir.
Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin
olunmasının vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ötən əsrin 80-ci illərindən Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan
və Ermənistan arasında gərginlik olub. Gərginlik zaman-zaman hərbi
toqquşmalarla nəticələnib, Azərbaycan 20 faiz ərazilərinə nəzarəti
itirib. Lakin 2023-cü ildə Bakı tam olaraq bütün ərazilərində
suverenliyini bərpa edib. Son illər tərəflər həm Avropa
İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə sülh danışıqları
aparsalar da, bu nəticə verməyib. Nəhayət, ötən il avqustun 8-də
Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə sülh sazişi paraflanıb.
Sənəddə tərəflər bir-birinin ərazisini tanıdığını bəyan edib,
qarşılıqlı iddialardan əl çəkməyi zəruri sayırlar.
Əraqçi və Saar Bayramova zəng vurub
Martın 5-də həm İran İslam Respublikasının, həm də İsrailin xarici
işlər nazirləri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng
vurublar.
Bu barədə Azərbaycan Xarici işlər Nazirliyi (XİN) məlumat
yayıb.
Məlumata görə, telefon danışığı zamanı Bayramov İran tərəfindən
Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumlarını pisləyib,
bu hücumlarla bağlı qəti etirazını bildirib.
"İran naziri Naxçıvan ərazisinə dron hücumları ilə
bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu
hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri
yaralanan mülki şəxslərə şəfa diləyib", - məlumatda
vurğulanıb.
"İran tərəfindən hücumla bağlı üzr istənilməsini,
araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat
verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri
tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb",
- Azərbaycan XİN-in məlumatında əlavə edilib.
İsrailin XİN rəhbəri Gideon Saarla telefon danışığında da regionda
artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun
regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi
aparılıb.
XİN-in açıqlamasına görə, İsrail tərəfi Naxçıvana dron hücumunu
pisləyib, Azərbaycanla həmrəy olduğunu bildirib.
Azərbaycan və Türkiyə prezidentləri danışıb
Martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı
həmkarı İlham Əliyevə zəng edib.
President.az saytının məlumatına görə, Türkiyə prezidenti İran
İslam Respublikası tərəfindən Naxçıvana dron hücumunu qınadığını
deyib, Azərbaycan xalqına dəstəyini ifadə edib.
Naxçıvana təyyarə reysləri İğdır
aeroportuna yönələcək
Martın 5 -də Türkiyənin xarici işlər naziri Hakan Fidan
azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Azərbaycan Xarici işlər Nazirliyinin (XİN) məlumatına görə, telefon
danışığı zamanı İran tərəfindən dünən, martın 4-də Türkiyə
istiqamətində raket hücumu, bu gün isə Azərbaycana edilən dron
hücumu ilə bağlı qəti etiraz bildirilib: "Bu kimi
hücumların qəbuledilməz olduğu diqqətə
çatdırılıb".
Məlumatda əlavə edildiyinə görə, Naxçıvana təyyarə reyslərinin
təhlükəsizliyi məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava
limanına yönləndirilməsi qərara alınıb: "Telefon
danışığı zamanı nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən
irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin
əhəmiyyətini vurğulayıblar".
Naxçıvan Muxtar Respublikası (MR) 1924-cü ildə yaradılıb. Onun
Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə,
Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
Tehran Azərbaycanı hədəfə almadığını bildirir
Tehran qonşu ölkələri hədəfə almır. Bunu İranın xarici işlər
nazirinin müavini Kazım Qəribabadi "AnewZ" televiziyasına
müsahibəsində deyib. O, Naxçıvan aeroportunun dronlarla vurulması
xəbərini belə şərh edib. "Yalnız düşmənlərimizin hərbi
bazaları olan ölkələr hədəfə alınacaq", - Qəribabadi
bildirib.
Nazir müavini bu insidentlə bağlı xəbərləri araşdıracağını
sözlərinə əlavə edib.
Bundan öncə İranın Silahlı Qüvvələri Azərbaycanın dronlarla hədəfə
alınması xəbərlərini təkzib edib.
AMN İranın dörd dron yönəltdiyini deyir
Azərbaycan Müdafiə Nazirliyi (AMN) İran tərəfinin təkzibini məqbul
saymır.
"Texniki vasitələrlə təsbit edilmişdir ki, İran Silahlı
Qüvvələri tərəfindən dörd pilotsuz uçuş aparatı Azərbaycanın
Naxçıvan bölgəsinə doğru hücum aktları törətmək üçün
yönləndirilib", - nazirlik vurğulayıb.
"Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan
çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs
saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını
hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib,
məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb", -
AMN əlavə edib.
Naxçıvana dronla zərbələr endirilib
Bu gün, martın 5-də İranın Azərbaycanın Naxçıvan Muxtar
Respublikasının mərkəzi Naxçıvan şəhər aeroportunu dronla vurduğu
bildirilir. Bu barədə Muxtar Respublika sakinləri bildirib.
Daha bir neçə dronun isə digər yerlərə düşdüyü vurğulanır.
"Reuters" Azərbaycan hökumətinə yaxın mənbəyə istinadla yazır ki,
İrandan Naxçıvan aeroportu yaxınlığına raket və dronlar düşüb.
Naxçıvan Beynəlxalq Aeroportu İranla sərhəddən 10 km məsafədə
yerləşir.
Naxçıvan sakinləri AzadlıqRadiosuna deyib ki, muxtar respublikada
ali və orta məktəblərdən valideynlərə təcili gəlib uşaqlarını
götürmək tapşırılıb. "Polis insanları sıx, bir yerə
toplaşmağa qoymur. Onları evlərinə getməyə, təhlükəsizlik
qaydalarına əməl etməyə çağırır", - sakinlərdən biri
vurğulayıb.
Naxçıvan xəstəxanası: Dörd nəfər müraciət edib
Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisi və Nazirlər
Kabinetinin rəsmi "Şərq Qapısı" saytı xəbər verir ki, dron hücumu
ilə bağlı təcili yardım şöbəsinə dörd nəfər müraciət edib.
"İki nəfər barotravma alıb, iki nəfərə isə kürək
nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım
olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri
yerləşdiriliblər", - Naxçıvan Xəstəxanasının Təcili
yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.
Naxçıvanda dron hücumu ilə bağlı cinayət işi
başlanıb
Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi
başlanıb. Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, martın 5-də İran ərazisindən uzaqdan idarəolunan
partlayan döyüş başlığı ilə təchiz edilmiş iki ədəd pilotsuz uçuş
aparatları (PUA) vasitəsilə Naxçıvan Muxtar Respublikasının mülki
infrastruktur obyektlərinə hücum həyata keçirilib:
"Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına
və işinə əhəmiyyətli ziyan vurulub... Naxçıvan-Bakı istiqaməti üzrə
264 nömrəli reysi həyata keçirməli olan təyyarə havada olarkən
təhlükəsizlik məqsədilə Bakı istiqamətində geri qayıtmağa məcbur
olub".
"Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai
istintaq aparılır", - Baş Prokurorluq əlavə edib
Hadisə nəticəsində dörd mülki şəxsin xəsarət aldığı bildirilir.
Onlardan üçünün hava limanının əməkdaşı, birinin isə sərnişin
olduğu vurğulanır.
İran səfiri Azərbaycan XİN-ə çağrıldı
Naxçıvan Muxtar Respublikasının (MR) dron hücumuna məruz qalmasını
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də təsdiqləyib.
Nazirliyin açıqlamasına görə, martın 5-də Naxçıvana İran İslam
Respublikasının ərazisindən dron hücumları həyata keçirilib:
"Bir dron Naxçıvan Muxtar Respublikasının Hava
Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb
binasının yaxınlığına düşüb".
XİN əlavə edib ki, iki nəfər mülki şəxsin xəsarət alması ilə
nəticələnən bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə
ziddir, regionda gərginliyin artmasına xidmət edir:
"İran İslam Respublikası tərəfindən qısa müddət ərzində
məsələyə aydınlıq gətirilməsini və bu kimi halların gələcəkdə
təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb
edirik".
XİN bəyan edir ki, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri
görmək hüququnu özündə saxlayır: "İran İslam
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə
çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz
notası təqdim ediləcək".
Azərbaycan Müdafiə Nazirliyi: 'Zəruri cavab
tədbirləri...'
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirib ki, pilotsuz uçuş
aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları
araşdırılır: "Azərbaycan Müdafiə Nazirliyi hər hansı
hərbi zərurət olmadığı halda, İran İslam Respublikası silahlı
qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura
qarşı törədilən hücumları qəti şəkildə pisləyir".
AMN qeyd edib ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə
İranın üzərinə düşür.
"Azərbaycan Müdafiə Nazirliyi ölkəmizin ərazi
bütövlüyünün, suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki
infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab
tədbirlərini hazırlayır, bu hücum aktları cavabsız
qalmayacaq", - AMN sonda əlavə edib.
Mirqədirov: "Azərbaycan və Türkiyə hadisələrin təhlükəli
gedişinə hazırlaşmalıdır" "Naxçıvan Muxtar Respublikasının beynəlxalq aeroportuna
dron hücumu təsadüf də ola bilər, vəziyyətin kəskin şəkildə
ağırlaşdırırılması ilə bağlı da". Bunu
AzadlıqRadiosuna siyasi icmalçı Rauf Mirqədirov deyib. Onun
fikrincə, məntiqlə İranın Türkiyə və Azərbaycana hücum etməsi ilə
bağlı hər hansı bir əsas yoxdur, onlar bitərəfliyi qoruyub
saxlamağa çalışırlar.
R.Mirqədirovun vurğulamasına görə, İranda rejimin devrilməsinə
İraqdakı kürd əsilli yaraqlıların qoşulmasına dair məlumatlar
eşidilir və bu da vəziyyəti gərginləşdirir: "Bu gün Azərbaycanda
çoxları İran rejimi üçün yas tutur. Yas tutmaq lazım deyil. Mövcud
təhdidləri nəzərə almaq lazımdır. Rejimin gec-tez dağılacağının
qaçılmaz olduğunu nəzərə alaraq, çoxdan hadisələrin inkişafına
hazır olmaq lazım idi. Bu, İranın parçalanmasına və ya
konfederasiyaya çevrilməsinə start verə biləcək hadisədir".
R.Mirqədirova görə, baş verənlər Azərbaycan və Türkiyədən birlikdə
hadisələrin təhlükəli gedişinə hazırlaşmaq tələb edir.
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.