Baş naziri İrakli Kobaxidze Ayətullah Əli Xameneinin oğlu Müctəba
Xameneini İranın yeni Ali Rəhbəri seçilməsi münasibətilə təbrik
edib.
Təbrik məktubu Gürcüstan hökuməti administrasiyasının rəsmi
saytında dərc olunub.
"Gürcüstan hökuməti adından sizi İran İslam Respublikasının
Ali Rəhbəri seçilməyiniz münasibətilə təbrik edirəm. Gürcüstan iki
ölkə və xalq arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq
münasibətlərinə böyük əhəmiyyət verir. İran xalqına sülh və rifah
arzulayıram", - deyə İrakli Kobaxidzenin məktubunda qeyd
olunub.
Məlumat üçün bildirək ki, mediada yayılan xəbərlərə görə, martın
4-də 88 nəfərdən ibarət "Ekspertlər Şurası" (İran vətəndaşları
tərəfindən 8 ildən bir seçilən orqan) Müctəba Xameneini İranın yeni
Ali Rəhbəri seçib. Bu qərar fevralın 28-də, ABŞ və İsrailin birgə
hərbi əməliyyatının başladığı gün sabiq Ali Rəhbər Ayətullah Əli
Xameneinin həlak olmasından sonra qəbul edilib.
Müctəba Xamenei kimdir?
Kölgədəki nüfuz: 55 yaşlı Müctəba Xamenei İranın idarəetmə
sistemində ən nüfuzlu fiqurlardan biri hesab olunur. Cəmiyyət
arasına nadir hallarda çıxmasına və heç vaxt rəsmi siyasi vəzifə
tutmamasına baxmayaraq, o, illərlə atası Əli Xameneinin
administrasiyasında mühüm rol oynayıb – güc mərkəzləri arasında
vasitəçi olub.
Hərbi əlaqələr: 1980-ci illərdə, İran-İraq müharibəsi zamanı o,
"Həbib batalyonu"nda xidmət edib. Analitiklərin fikrincə, məhz bu
dövrdə onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və yüksək
rütbəli təhlükəsizlik rəsmiləri ilə sıx əlaqələri formalaşıb ki, bu
da onun nüfuzunu daha da gücləndirib.
Müxalifətin ittihamları: Siyasi opponentlər və hüquq müdafiəçiləri
tez-tez Müctəba Xameneini seçki proseslərinə müdaxilə etməkdə və
fərqli düşüncəyə qarşı yönəlmiş repressiv siyasəti koordinasiya
etməkdə günahlandırırlar. Lakin bu ittihamlar rəsmi olaraq
təsdiqini tapmayıb.