Hakim Valerian Buqianișvili Tbilisi Şəhər Məhkəməsinin binasını
yandırmağa cəhd etməkdə təqsirləndirilən siyasətçi
Aleko Elisaşvilinin həbsdə saxlanılması qərarını qüvvədə saxlayıb.
Elisaşvili isə bildirib ki, saxlanıldığı andan etibarən onun
hüquqları pozulur.
Təqsirləndirilən siyasətçi Aleko Elisaşvili 9 martda, məhkəməyə
qədərki iclasda ona ayrılmış vaxtdan istifadə edərək soruşub ki,
niyə ona uşaqları və həyat yoldaşı ilə görüşmək qadağan edilib.
“Bu, sadizmdir”
Onun qiymətləndirməsinə görə, bu qərar hüquqi əsaslandırılmış qərar
deyil, “
sadizmdir” və bunu şahidlərə təsir göstərə biləcəyi
arqumenti ilə izah etmək mümkün deyil.
“Ailə üzvlərim mənimlə görüşə gələndə və kameraların
iştirakı ilə danışanda, onlar şahidlərə necə təsir göstərə
bilərlər? Texniki olaraq izah edin, mən bunu necə etməliyəm... Siz
elə düşünürsünüz ki, mən bu barədə öz uşağımla danışacağam?
Bu, sadizmdir. Məni onsuz da həbsə atmısınız, məndən qisas almaq
istəyirdiniz? Buyurun, sakitcə oturmuşam... Amma bu sadizm nə
deməkdir? Sizin kimi insanlar gecə necə yatır? Güzgüyə baxmırsınız?
Övladlarınız yoxdur? Başqa nəyisə qadağan et, amma uşaqlarımla
görüşməyi qadağan edirsən?” – Aleko Elisaşvili iş
üzrə prokuror Mariam Berdzenișviliyə müraciətlə belə deyib.
Aleko Elisaşvilinin həbsdə olarkən xarici dünya ilə əlaqəsi qadağan
edilib. Cinayət-Prosessual Məcəllə prokurorluğa belə qərar qəbul
etmək səlahiyyəti verir. Qərar əsaslandırılmalı və ondan şikayət
vermək mümkündür.
Siyasətçi Levan Xabeişviliyə də, Elisaşvili kimi, xarici dünya ilə
əlaqə qadağan edilib – ona telefonla danışmaq, məktub göndərmək və
ailə üzvləri ilə görüşmək imkanı verilmir.
Prokuror Mariam Berdzenișvili sonradan “Azadlıq Radiosu”na
təsdiqləyib ki, Elisaşvilinin xarici dünya ilə əlaqəsinin qadağan
olunması barədə qərarı şəxsən özü imzalayıb və bu qərara gəlməzdən
əvvəl bir neçə amili qiymətləndirib. Bu amillərə təqsirləndirilənin
şəxsi xüsusiyyətləri və əvvəlki təcrübəsi də daxildir.
Prokurorun sözlərinə görə:
“Cinayət-prosessual qanunvericiliyi həbsdə olan
təqsirləndirilən şəxsə bəzi hüquqların həyata keçirilməsini qadağan
edən qərar qəbul etməyə imkan verir – bu, telefonla danışıq və ya
görüşlər ola bilər. Bu qərarda konkret ad və soyadlar (həyat
yoldaşı, övlad və s.) göstərilmir; sadəcə olaraq xarici dünya ilə
kommunikasiya qadağan edilir.
Bu işdə birbaşa şahidlər var və onlara müxtəlif formalarda –
telefon əlaqəsi, vasitəçilər və s. vasitəsilə təsir göstərilməsi
təhlükəsi mövcuddur. Biz bu risklərin qarşısını
almalıyıq”.
O əlavə edib ki, belə qərar verilərkən təqdim olunmuş maddənin
ağırlığı həlledici faktor olmasa da, qərar müxtəlif amillərin –
təqsirləndirilənlərin xüsusiyyətlərinin, keçmiş təcrübəsinin, həyat
tərzinin və əvvəllər cinayət əməlləri ilə əlaqəsinin – birlikdə
qiymətləndirilməsi əsasında qəbul edilir.
“Mənə qandal vurulmuşdu, əllərimdən qan
axırdı”
Aleko Elisaşvili 13 yanvar 2026-cı il tarixli məhkəmə iclasında da
demişdi ki, əlavə məhdudiyyətlərin tətbiq olunduğu sərt rejimli
həbsxanaya yerləşdirilməsi onun “səmimi dostu” Mamuka Mdinaradzenin
şəxsi tapşırığı ilə baş verib.
Elisaşvili 15 aprel 2024-cü ildə, “agentlər haqqında qanun”un
müzakirəsi zamanı, o vaxt deputat olan, hazırda isə Dövlət
Təhlükəsizliyi Xidmətinin rəhbəri olan Mamuka Mdinaradzeyə yumruq
vurmuşdu.
Hakim Valerian Buqianișvilinin sualına cavab olaraq –
saxlanıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən
qeyri-insani rəftara və ya işgəncəyə məruz qalıb-qalmadığı
soruşulduqda, Elisaşvili “bəli” cavabını verib.
“Dörd saat ərzində əllərim arxadan qandallı idi. Sonra
gördülər ki, əllərimin vəziyyəti çox pisdir – əvvəl müvəqqəti
saxlama təcridxanasında, sonra da bölmədə gördülər ki, qandaldan
əllərimdən qan axırdı... Yəqin xanım prokuror o polis əməkdaşlarını
müdafiə edir...” – deyə saxlanıldığı günü
xatırlayıb.
Bu hadisə ilk dəfə deyildi. Elisaşvili qandal məsələsini
saxlanıldıqdan sonra keçirilən ilk məhkəmə iclasında da qaldırmış
və bununla bağlı araşdırma aparılmasını tələb etmişdi.
Prokurorun sözlərinə görə, hüquq-mühafizə orqanlarının
əməkdaşlarının təqsirləndirilən şəxslərə qarşı mümkün zorakılıq
halları Tbilisi prokurorluğu tərəfindən araşdırılır, buna görə də
o, bu barədə məlumatlı deyil. Onun bildiyinə görə, qurum
Elisaşvilinin dediklərindən xəbərdardır.
Hakim soruşub: “Başqa hallar da
olubmu?”
Elisaşvili cavab verib:
“Başqa hallar da var, amma ədalət haradadır... Əvvəllər də
araşdırmalar aparılırdı – polis məni qrup halında döymüşdü, sonra
isə həmin qurumu bağladılar”.
2024-cü il aksiyasında döyülməsi
2024-cü ildə “agentlər haqqında qanun”a qarşı keçirilən aksiyada
Aleko Elisaşvili – o zaman deputat statusu da var idi – xüsusi
təyinatlı qüvvələr tərəfindən fiziki zorakılığa məruz qalmışdı.
“Maestro” televiziya kanalının yaydığı videoda görünürdü ki,
siyasətçi Rustaveli prospektində yerləşdirilmiş xüsusi təchizatlı
hüquq-mühafizə əməkdaşlarına yaxınlaşır.
Bundan sonra xüsusi təyinatlılar aksiyanın digər iştirakçılarına
bibər qazı səpirdilər, Elisaşvilini isə döydülər, köynəyini
çıxardılar və yerə yıxdılar.
2 sentyabr 2024-cü ildə Elisaşvili bildirmişdi ki, ona hücum edən
polis əməkdaşlarından birini tanıyıb və bu barədə hüquq-mühafizə
orqanlarına məlumat verib, lakin heç bir reaksiya olmayıb. İki il
keçməsinə baxmayaraq, istintaq hələ də davam edir.
“Həmin insidentdən sonra bir nəfər polisə belə ittiham
irəli sürülməyib, onların heç biri
müəyyənləşdirilməyib”, – Elisaşvili 9 mart 2026-cı
ildə məhkəmə iclasında deyib. Bu iclasda isə artıq o özü
təqsirləndirilən şəxsdir.
Ona qarşı irəli sürülən ittiham
Siyasətçi Aleko Elisaşvili terrorçuluqda, daha dəqiq desək, terror
aktına cəhddə ittiham olunur.
İstintaqa görə, o məhkəmə binasını yandırmağa cəhd edib. Bu
məqsədlə şənbə günü səhər saat 04:00 radələrində binanın yanına
gəlib, odlu silah, döyüş sursatı və terror aktını həyata keçirmək
üçün lazım olan əşyalarla silahlanmış vəziyyətdə şüşəni sındıraraq
binaya daxil olub, yanacaq səpib, lakin məhkəmə mühafizəçiləri onun
od vurmasına mane olublar.
Prokurorluğun məlumatına görə, Elisaşvilini mühafizəçilərdən biri
görən kimi ona hücum edib və döyməyə başlayıb.
Prokurorluq bildirir ki, üç məhkəmə mühafizəçisi Elisaşvilini
zərərsizləşdirməyə, onun yanar maddəyə od vurmasının qarşısını
almağa və onu tərksilah etməyə çalışıblar.
“Hücum edən şəxs isə öz növbəsində odlu silahını
çıxarmağa və istifadə etməyə cəhd edirdi”, – 30
noyabr tarixində prokurorluğun yaydığı bəyanatda deyilir.
Prokurorluq həmçinin müşahidə kameralarının görüntülərini də
yayıb.
Elisaşvili “Şəhər Məhkəməsinin dəftərxanasını yandırmağı
planlaşdırdığını” inkar etmir. O, əməli etiraf edir, lakin
ittihamın hüquqi kvalifikasiyasını – terrorçuluq maddəsini – qəbul
etmir.
Bu ittiham üzrə ona 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası
təhlükəsi var.
İş hazırda məhkəməyəqədərki icraat mərhələsindədir. İşin mahiyyəti
üzrə baxışın başlanma tarixi növbəti iclasda müəyyən ediləcək.
Hakim Valerian Buqianișvili əvvəlcə tərəflərin sübutların qəbul
edilə bilməsi ilə bağlı vəsatətlərinə baxmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.