“Dəstəyimiz dini xarakter daşıyır, siyasi deyil” – İran səfirliyi qarşısında keçirilən aksiyanın iştirakçısı nə deyir
8 mart tarixində sosial şəbəkələrdə yayılan videoda İran səfirliyinin qarşısında toplaşmış Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların Ayətullah Əli Xameneyinin fotolarını tutaraq İran İslam Respublikasına dəstək ifadə etdikləri və liderinin öldürülməsi ilə bağlı başsağlığı verdikləri görünür. Videoda “Gürcüstan şərəfdir, Pəhləvi (İranın son şahı) bişərəfdir” və “Ləbbeyk ya Xameneyi! (Mən itaətkaram, sənin əmrinə hazıram, ey Xameneyi)” kimi şüarlar səsləndirilir.

Video
sosial şəbəkələrdə siyasətçilər və vətəndaşlar tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Ayətullah Əli Xameneyiyə dəstək məsələsinə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili də münasibət bildirib. O, sosial şəbəkədə yazıb ki, İran Kvemo Kartli bölgəsində, xüsusilə Marneulidə öz təsirini gücləndirib və əlavə edib ki, “biz çox təhlükəli etnik münaqişəyə yaxınlaşırıq”.

Sosial şəbəkələrdə baş verən hadisələrə siyasətçi Tamar Çerqoleişvili də reaksiya verib. O yazıb ki, “Bu gün Azərbaycan icmasının nümayəndələrinin cihadla hədələməsi və Ayətullah Xameneyinin əmrlərini yerinə yetirəcəklərinə söz verməsi, xüsusən də Naxçıvan bombardmanından sonra Azərbaycana qarşı atılmış bir addımdır”.

İran səfirliyi qarşısında toplaşanlardan biri, şüarlar səsləndirən “İmam Əli” xeyriyyə fondunun rəhbəri Amil Xəlilovdur. O, “Marneuli” radiosuna müsahibəsində bildirdi ki, onların “İslam İnqilabı Keşikçiləri Korpusu” ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, aksiyada səsləndirilən dəstək və həmrəylik yalnız onların mənəvi lideri Ayətullah Əli Xameneyiyə yönəlib.

Xəlilov müsahibədə İran səfirliyi qarşısında aksiyanın hansı məqsədlə keçirildiyini, İran İslam Respublikasının liderinə niyə dəstək və başsağlığı ifadə etdiklərini, Xameneyiyə dəstəyin Gürcüstan və regionun maraqları ilə hansı əlaqəsinin olduğunu, həmçinin Azərbaycan ərazisinə İran tərəfindən edilən hücumla bağlı mövqeyi barədə danışdı.

– İran səfirliyinin qarşısında aksiya keçirmisiniz. Aksiya keçirilməsində əsas məqsəd nə idi və cəmiyyətə çatdırmağa çalışdığınız əsas mesaj nədən ibarətdir?

– Bismillahir-rahmanir-rahim. İlk növbədə təşəkkür edirəm ki, belə bir həssas məsələ ilə bağlı sual ünvanladınız. İctimaiyyətə də aydınlıq gətirmək üçün orada baş verən hadisənin mahiyyətini izah etmək istəyirəm. Çünki bəzi insanlar bunu şəxsi məqsədləri üçün istifadə edir və müxtəlif fitnələr yaradırlar.
Dünyada hamıya məlum olduğu kimi, İran İslam Respublikasında baş verən hadisələr zamanı bizim sevdiyimiz müctəhidlərdən biri ailəsi ilə birlikdə öldürüldü. Hər bir insanın öz inancı və əqidəsi var və hər kəsin seçimi fərqlidir. Bizim də seçimimiz və əqidəmiz budur.
Bizim bağlılığımız mərcəiyyətə bağlı bir məsələdir. Sevdiyimiz və dəyər verdiyimiz müctəhid ailəsi ilə birlikdə qətlə yetirildiyi üçün dünyanın müxtəlif yerlərindən buna etiraz və başsağlığı mesajları gəldi.
Bizim qan tökülməsi ilə işimiz yoxdur. Əksinə, biz sülh tərəfdarıyıq və hesab edirik ki, dünyanın heç bir yerində qan tökülməməlidir.
Bizim əqidəmizə görə, birinci imamımız Əli (ə) demişdir ki, insanlar ya sənin din qardaşındır, ya da bəşəriyyət qardaşındır. Çünki bütün insanlar Adəmin övladıdır və buna görə də bir-biri ilə qardaşdır.
Bu hadisə bizim qəlbimizi çox ağrıtdı. Buna görə də İran səfirliyinə başsağlığı vermək üçün toplaşdıq. Müxtəlif bölgələrdən insanlar gəlmişdi. Məqsədimiz sadəcə olaraq başsağlığı vermək və mövqeyimizi bildirmək idi.
Biz səfirliyə gedəndə başqa bir mənzərə ilə qarşılaşdıq. Çünki yayılan videolarda hər şey tam şəkildə göstərilməyib. Biz başsağlığı vermək üçün getmişdik, lakin qarşı tərəfdən müəyyən təxribatlar oldu.
İranın bəzi vətəndaşları orada yüksək səslə qışqırır və bizim dini liderimizin öldürülməsini alqışlayırdılar. Bu isə gəncləri emosional reaksiyalara sövq edirdi. Mən də orada vəziyyəti sakitləşdirmək üçün müəyyən şüarlar səsləndirdim.
Səsləndirilən şüarların mahiyyəti isə ondan ibarət idi ki, dünyada harada azərbaycanlı yaşayırsa, Azərbaycan şərəflidir. Qarşı tərəf var idi, din rəhbərmizi təhqir edənlər var idi. Onlar bu gün özlərinə kimi rəhbər deyirlər? Pəhləvini. Dedim "Pəhləvi bişərəfdir". Çünki onlar Pəhləvini özlərinə rəhbər bilib şüar verirdilər. Ondan sonra dedik ki, “Gürcüstan şərəfdir, Pəhləvi bişərəfdir”. Üçüncü şüarımız da "Ləbbeyk, ya Xameneyi" oldu. Bunun da mənası odur ki, ölü də olsa, sağ da olsa biz səninləyik. Şüarlar yalnız bundan ibarət idi. Bütün bunlar qarşı tərəfin təxribatına cavab olaraq baş verdi.


– Başa düşdüm. Bəs cəmiyyətin müəyyən bir hissəsi bu cür toplanışları və şüarları terrorizmə dəstək və təşviq kimi qəbul edir. Bu, ağır ittihamdır. Buna necə cavab verərdiniz?

– Bu sual üçün təşəkkür edirəm. Mən siyasətçi deyiləm, sadəcə gördüklərimi deyə bilərəm.
Əgər bu ittihamlar siyasətçilər tərəfindən səsləndirilirsə, məsələn, Mixeil Saakaşvili tərəfindən, mən buna belə cavab verərdim: bizi tanıyan insanlar bilir ki, biz milliyyətindən və dinindən asılı olmayaraq insanlara təmənnasız yardım etmişik. Buna minlərlə şahid var.
Biz söz azadlığını və insanların hüquqlarını müdafiə edən insanları demokrat hesab etdiyimiz üçün onlara dəstək vermişik. İndi isə həmin şəxslər bizi radikallıqda ittiham edirlər.
Radikallıq çox ağır ittihamdır. Biz illərlə heç bir təmənna güdmədən insanlara yardım etmişik. İndi isə bizi radikal adlandırırlar. Bu doğru deyil.
Biz sadəcə başsağlığı verməyə getmişdik və mövqeyimizi bildirmişdik. Bu radikallıq deyil. İndi isə onlar gəlib bizi radikallıqda ittiham edirlər.
Əgər onlar həqiqətən söz və vicdan azadlığının tərəfdarıdırılarsa, o zaman Fələstində (Qəzzada) vəhşicəsinə hücuma məruz qalan, öldürülən körpələrə niyə səs çıxarmırlar? 150-dən çox körpə orada dünyasını dəyişib, niyə onlardan danışmırlar? Bizim dini rəhbərimizi, müctəhidimizi dünyanın ən zalım şəxsləri vəhşicəsinə öldürdülər. Bizim buna qəlbimiz yandığı üçün öz mövqeyimizi və məhəbbətimizi bildirməkləmi radikal olduq? Bütün dünyanın hər yerindən dövlət başçıları gedib İran səfirliyinə başsağlığı verdilər, bəs onlara niyə radikal demirsiniz?


– Növbəti sualımız belədir: Nəyə görə İran İslam Respublikasının, xüsusən də "İslam İnqilabı Keşikçiləri Korpusunun" və Xameneyinin siyasətini dəstəkləyirsiniz? Bunun Gürcüstanın və ya bizim regionun maraqları ilə nə əlaqəsi var?

– Birincisi, "İslam İnqilabı Keşikçiləri Korpusu" ilə bizim heç bir işimiz və heç bir dəstəyimiz yoxdur. Bizim bağlılığımız yalnız mərcəiyyətədir (dini rəhbərliyədir). Biz dini sahədəyik və heç bir siyasətə qarışmırıq. İkincisi, biz dünyanın hər yerində sülh, əmin-amanlıq arzulayan şəxslərik. Biz nə siyasi adamlarıq, nə də hərbi. Biz sadəcə dua edirik ki, sülh olsun, heç kim qan tökməsin.
Bunun Gürcüstanla və regionla əlaqəsinə gəlincə: dünyanın hər yerində hər bir şəxsin öz inancı var. Gürcüstan cəmiyyətinin əksəriyyəti pravoslavdır, bizim onlara böyük ehtiramımız var. Mənim xristian qardaşlarımıza bir sualım var, əgər dini liderlərinə qarşı həmin cinayəti etmiş olsaydılar, məslən pravoslavların və ya katoliklərin dini rəhbərinə terror etsəydilər, onların sevənləri və tərfdarları necə reaksiya verərdilər? Gürcüstandan Avropaya gedən bir şəxs orada öz pravoslav dinini dəyişirmi? İnsanların inancı azaddır. Mən də öz əqidəmi seçmişəm, ona inanmışam və qəlbən bağlanmışam. Bizim əqidədə sərhəd yoxdur, müctəhidin harada olmasından asılı olmayaraq, ona mənəvi bağlılığımız var. Bizim gizli heç bir işimiz yoxdur, hər mövqeyimiz açıqdır.


– Sizdən tez-tez "Xameneyiyə xidmət edirik" ifadəsi eşidilir. Bu təcrübədə nə deməkdir? Bu xidmət dedikdə nəyi nəzərdə tutursunuz və cəmiyyət bu bəyanatı necə başa düşməlidir?

– "Xameneyiyə xidmət" deyərkən, bu, tamamilə mənim imanıma bağlı bir məsələdir. Mən Xameneyiyə fiziki olaraq nə xidmət edirəm ki? Nə vəzifə tutmuşam, nə iş görmüşəm? Xeyr, mən Xameneyiyə sadəcə qəlbən bağlı olan bir şəxsəm.

– Sizi həmçinin Azərbaycana dəstək verməməkdə günahlandırırlar...

– Onlar çox böyük səhv edirlər. Biz dəfələrlə Azərbaycanın həm Xocalı soyqırımını, həm 20 Yanvar hadisələrini, həm də bütün şəhidlərini məsciddəki hər bir mərasimimizdə diqqətdə saxlamışıq və bununla bağlı bəyanatlar da vermişik.

– Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin İrana qarşı ciddi iradları var idi. Buna hansı şərhi verərdiniz?

– Mən siyasi adam deyiləm, xahiş edirəm, o sualları siyasətçilərə verin. Mənim onunla nə işim var? Qlobal siyasətdə "Qarabağ belə gəldi, İran belə getdi" – bunlar mənlik deyil. Siyasətçilərə sual verin, onlardan cavab alın, qardaşım.

– Bəs İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə dronlarla edilən hücumu necə qiymətləndirirsiniz?

– Vallah, mən o haqda da heç bir şey deyə bilmərəm. Azərbaycan tərəfi başqa iddia edir, İran tərəfi başqa iddia edir. Bu, dövlətlərin şəxsi və siyasi işləridir. Bizim nə işimiz var? Biz QHT-yik, siyasətçiyik, nəyik? O müharibə də daimi davam etməyəcək, sabah barışıb mehriban olacaqlar. Biz burada Gürcüstanda yaşayırıq. Burada milli azlıqlar çoxdur. Biz Gürcüstanlı olaraq əlimizdən gələni edirik ki, insanlar bir-birinə mehriban və sülh içində yaşasınlar. Bizim qlobal siyasətlə heç bir işimiz yoxdur və tərəfdarı da deyilik.

Qeyd edək ki, İran İslam Respublikası hibrid idarəetmə sisteminə malik dövlətdir və burada dövlət hakimiyyəti dinlə sıx bağlıdır. Ölkədə iki əsas hakimiyyət mərkəzi mövcuddur.

Bir tərəfdən, dünyəvi siyasi qurumlar: prezident, parlament və hökumət ölkənin gündəlik idarəçiliyini həyata keçirir. Digər tərəfdən isə bu qərarlar daim dini nəzarət altında olur. Ən yüksək səlahiyyət İranın ali dini liderinə məxsusdur. O, əsas siyasi, hərbi, maliyyə və xarici siyasət proseslərinə nəzarət edir və qəbul edilən qanunların və qərarların şəriət qaydalarına uyğun olub-olmadığını müəyyənləşdirir.

Prezident və parlament seçkiləri keçirilsə də, son qərarvermə səlahiyyəti əsasən dini liderin əlində cəmlənir.

Fevralın 28-də İsrail və Amerika Birləşmiş Ştatlarının birgə hərbi əməliyyatı nəticəsində İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyi öldürülüb. Hazırda İsrail və ABŞ İran əleyhinə hərbi əməliyyatları davam etdirir.

Öz növbəsində İran müxtəlif ölkələrdə yerləşən ABŞ hərbi bazalarını bombardman edib və İsrail istiqamətində raketlər buraxıb. İranın dronları həmçinin Azərbaycan Respublikasının ərazisinə – Naxçıvan Muxtar Respublikasının hava limanına hücum həyata keçirib.

Martın 9-da isə İran İslam Respublikasında yeni ali dini lider kimi öldürülmüş Ayətullah Əli Xameneyinin oğlu Müctəba Xameneyi seçilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google