ABŞ prezidenti Donald Tramp İranla münaqişənin sona yaxınlaşa
biləcəyinə eyham vurub.
O, regionda gərginlik, qlobal enerji bazarlarında qeyri-sabitlik
yaratmış müharibəni nikbin dəyərləndirib.
Tramp martın 9-da jurnalistlərə müharibənin tezliklə başa
çatacağını söyləyib. Amma o, dəqiq qrafik açıqlamayıb, bircə onu
deyib ki, əməliyyatlar bu həftədən sonra da davam edə bilər.
"Burada dayana bilərik, amma daha da irəli
gedəcəyik", – deyən prezident iddia edib ki, ABŞ-nin
müdaxiləsi İranın Yaxın Şərqi ələ keçirməsinin qarşısını alıb.
AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki,
Trampın nikbinliyi münaqişənin məqsədləri, xərcləri, potensial
trayektoriyası ilə bağlı Vaşinqtonda gedən müzakirələr fonunda
diqqət çəkir.
Müharibəni başqa cür aparmaq?
Trampın bəzi keçmiş rəsmilərinin fikrincə, prezidentin fikirləri
Vaşinqtonun hərbi gücə yanaşmasında daha geniş dəyişikliyin tərkib
hissəsidir.
Aleksandr Qrey Trampın ilk administrasiyası dövründə Milli
Təhlükəsizlik Şurasında çalışıb. O, martın 9-da AzadlıqRadiosuna
deyib ki, prezident 2003-2011-ci illər İraq müharibəsindən bəri
ABŞ-də hərbi müdaxilə ilə bağlı müzakirələri müəyyən edən çərçivəyə
meydan oxuyur.
Qrey vurğulayır ki, Amerika siyasətçiləri adətən iki seçimdən
danışırlar: ya böyük quru qüvvələri göndərib uzunmüddətli dövlət
quruculuğu kampaniyalarına qoşulmaq, ya da hərbi əməliyyatlardan
bütünlükdə çəkinmək.
"ABŞ aydın, spesifik və real məqsədlərə çatmaq üçün
məhdud müddətə hədəfli, "cərrahi" zərbələr endirə
bilər", – o əlavə edir.
Belə bir yanaşma İranda uğurlu olarsa, ABŞ və tərəfdaşlarına "böyük
geosiyasi faydalar" gətirə bilər, - Qrey deyir.
Müharibə narrativinə düzəliş
Administrasiyanın mesajlarına şübhə ilə yanaşan təhlilçilər də
var.
Çikaqo Universitetindən Pol Post AzadlıqRadiosuna deyib ki, Ağ
evdən gələn ziddiyyətli siqnallar rəsmilərin eyni anda iki məqsədə
nail olmağa çalışdığını göstərir: bazarları sakitləşdirmək və
müharibəni uğur kimi qələmə vermək. Onun fikrincə, müharibənin
tezliklə bitə biləcəyi ilə bağlı açıqlamalar investorları və enerji
bazarlarını sakitləşdirə bilər.
Post onu da qeyd edir ki, administrasiya məqsədləri ilə bağlı
ritorikanı dəyişib. Əvvəllər rejim dəyişikliyi və ya İranın nüvə
silahı əldə etməsinin həmişəlik önlənməsindən danışırdılarsa, indi
daha məhdud məqsədlərdən, məsələn, raket imkanlarını və dəniz
qüvvələrini məhv etməkdən söz açılır.
Təhlilçinin sözlərinə görə, bu düzəliş administrasiyaya imkan
verəcək ki, İranın siyasi rəhbərliyi hakimiyyətdə qalsa belə,
missiyanın yerinə yetirildiyini iddia etsin.
Konqresdə debatlar qızışır
İranla müharibə Konqresdə siyasi müzakirələrin qızışmasına səbəb
olub.
Senatda bir qrup demokrat Senatın işini axsatmaq üçün prosedur
vasitələrindən istifadə edəcəyinə söz verib, ta ki yüksəkvəzifəli
administrasiya rəsmiləri and içərək münaqişə ilə bağlı ifadə
verənədək.
Nyu-Cersi ştatından demokrat Kori Buker martın 9-da bildirib ki,
Senatın əsas komitələrində dövlət katibi Marko Rubio və müdafiə
naziri Pit Heqset ilə dinləmələr keçirmək, administrasiyanın
strategiyasını, kampaniyanın nə qədər çəkəcəyini və xərclərini
öyrənmək istəyirlər.
Bir qrup senator ABŞ-nin münaqişədə iştirakını dayandırmaq üçün bir
neçə qətnamə təqdim ediblər. Qanunla uzunmüddətli hərbi
əməliyyatlar üçün Konqresin təsdiqi tələb olunur.
Respublikaçılar Trampı dəstəkləyir
Bir çox respublikaçı Trampın İrana zərbə kampaniyasına başlamasını
qətiyyətlə müdafiə edib.
"Tənqidçilər Trampın İrana zərbə endirmək qərarını
ədalətsizcəsinə şübhə altına alırlar". Bunu Silahlı
qüvvələr komitəsinin sədri, Missisipi ştatından respublikaçı Rocer
Uiker Senatda çıxışında deyib. Onun fikrincə, administrasiya öz
məqsədlərini aydın müəyyənləşdirib: İranın raket potensialını
dağıtmaq; yaraqlı qruplara dəstək üçün istifadə olunan dəniz
qüvvələrini zərərsizləşdirmək; Tehranın nüvə silahı əldə etməsinin
qarşısını almaq.
Uiker düşünür ki, hava zərbələri ilə bu hədəflərə çatmaq, güman ki,
"günlərlə deyil, həftələrlə" davam edəcək.
Nə gözləməli
A.Raufoğlu yazır ki, yaxın günlərdə bir neçə əlamət münaqişənin
gerçəkdən də sona çatıb-çatmadığını göstərə bilər. Bunu
AzadlıqRadiosuna anonimlik şərti ilə danışan senator köməkçiləri
deyiblər.
Əsas əlamətlərdən biri döyüşlərin əməliyyat tempi olacaq. ABŞ hava
zərbələrinin səngiməsi, yaxud vurulan İran dronlarının sayının
azalması onu göstərə bilər ki, Vaşinqton əsas hərbi məqsədlərinə,
əsasən, çatdığına inanır.
Digər amil İranın cavabı olacaq. İranın, onun regional
müttəfiqlərinin davamlı raket və dron hücumları Tehranın hələ də
döyüşü davam etdirmək qabiliyyətini və istəyini saxladığını
göstərəcək. Bu isə Vaşinqtonun döyüş meydanında uğurları
iddialarına baxmayaraq, münaqişənin uzanmasıdır.
Nəhayət, analitiklər İranın hərbi infrastrukturunun davamlılığını
da diqqətlə izləyirlər. ABŞ zərbələri İranın raket istehsalını,
hərbi-dəniz qüvvələrini, hava hücumundan müdafiə sistemini xeyli
zəiflədərsə, administrasiya uzun-uzadı kampaniya olmadan əsas
təhlükəsizlik məqsədlərinə nail olunduğunu iddia edə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.