ABŞ-İsrailin irimiqyaslı bombardman kampaniyasına cavab olaraq İran
Hörmüz boğazını bağlayıb.
Bu isə dünya enerji bazarlarında xaos yaradıb, neft kəskin
bahalanıb.
Yaxın Şərqdə daha bir kritik gəmiçilik marşrutu olan Babül-Məndəb
boğazından tranzit də pozularsa, durum daha da pisləşə bilər,
ekspertlər belə deyirlər.
İran sahillərindəki Hörmüz boğazı Fars körfəzini açıq okean və
qlobal bazarlarla Oman körfəzi və Ərəbistan dənizi vasitəsilə
birləşdirir. Eyni ilə Babül-Məndəb Qırmızı dənizə daxil olan və
çıxan gəmilər üçün dar bir keçiddir. Bu
dənizin Yəmən sahillərinə
İranın dəstəklənən Husi silahlıları nəzarət edir.
"Husilər Yanbuya hücum etsələr...”
ABŞ husiləri terror təşkilatı kimi tanıyır. Onlar əvvəllər
Babül-Məndəb boğazında, Qırmızı dənizdə beynəlxalq gəmilərə hücum
edirdilər. AzadlıqRadiosunun mərkəzi xəbər xidmətinin baş regional
redaktoru Frud Bejan yazır ki, Tehranın ən güclü müttəfiqlərindən
olan husilər indiyədək ABŞ-İsrail müharibəsindən kənarda qalıblar.
Ekspertlərin fikrincə, onlar da müharibəyə qoşulsalar, enerji
bazarlarında daha çox şok yaşanacaq.
"Husilər burada real təhdid yaradırlar”, – İran nefti
üzrə tarixçi, Avrasiya Qrupunun baş analitiki Qreqori Bru belə
deyir.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, dünyada
dəniz yolu ilə daşınan neftin təxminən 6 faizi Babül-Məndəb
boğazından keçir.
Fevralın 28-də müharibə başlayandan dünyada ən böyük neft
ixracatçısı olan Səudiyyə Ərəbistanı Fars körfəzindən milyonlarla
barel nefti Şərq-Qərb boru kəməri vasitəsilə Qırmızı dənizə
yönləndirir.
"Səudiyyə Ərəbistanının yeganə neft ixrac marşrutu olan
Yanbu limanından xam neft götürmək üçün Qırmızı dənizdən xeyli
tanker keçir. Bu, neft bazarları üçün çox vacibdir, çünki Fars
körfəzinin tamamilə bağlanmasının səbəb olduğu təzyiqi
azaldır", – Bru bildirib.
"Husilər Yanbuya hücum etsələr, terminaldan ixracı
pozmaq üçün addım atsalar, bu, gündə 7 milyon barel neft
tranzitinin pozulması deməkdir”, – o əlavə edir.
“Barmaqlar tətikdə”
Husilər İran müharibəsinə qoşulacaqları haqda rəsmi açıqlama
verməyiblər. Ancaq onların lideri Əbdül Malik əl-Husi qrupun uyğun
bildiyi vaxt zərbə endirməyə hazır olduğunu bildirib.
"Hərbi eskalasiya və addımlara gəlincə, proses bunu tələb edərsə,
barmaqlarımız hər an tətikdədir", – o, martın 5-də televiziya ilə
çıxışında deyib.
İranın yarırəsmi “Fars” xəbər agentliyi martın 12-də husilərin tam
hazırlıq vəziyyətində olduğunu, müharibədə Tehrana qoşula
biləcəyini bildirib. “Fars” xəbərdarlıq edib ki, husilərin
müharibəyə qoşulması Babül-Məndəb boğazının bağlanmasına səbəb ola
bilər.
Husilərin İran müharibəsinə qatılmaması məqsədlidir, yoxsa qrupun
hazırkı zəifliyinin göstəricisidir, bu, bəlli deyil.
ABŞ və İsrailin hava hücumları son illər husilərin döyüş
qabiliyyətini zəiflədib. Husilərin Qırmızı dənizdə İsrailə,
beynəlxalq gəmiçiliyə raket və pilotsuz təyyarə hücumları cavabsız
qalmayıb. 2025-ci ilin mayında qruplaşma ABŞ ilə atəşkəs
imzalayıb.
Husilər İranın müqavimət oxunun, yəni əsas düşməni İsrailə qarşı
əlaltılar və silahlı qruplar şəbəkəsinin aparıcı üzvüdür.
Ekspertlərin fikrincə, husilərin muxtariyyəti böyükdür, İran qrupun
hərəkətlərinə məhdud nəzarət edir.
Zəiflik, yoxsa İranla əlaqələndirilmiş addım?
Şəbəkənin digər üzvü Livanın Hizbullah qruplaşmasıdır və İsrailə
raket və dronlar ataraq müharibədə ikinci cəbhə açıb. İsrail buna
dağıdıcı hərbi reaksiya ilə cavab verib, Livana quru qoşunları
göndərib, hava zərbələri gerçəkləşdirib.
"Fikrimcə, husilərin maliyyə və hərbi vəziyyəti onları
irimiqyaslı hərbi əməliyyatlardan çəkindirəcək. ABŞ və İsrailin
kampaniyaları husilərin Yəməndəki mövqeyinə real ziyan vurub. Onlar
hətta döyüşçülərinə maaş verməkdə çətinlik çəkirlər",
– Bru belə deyir.
Husilərin müharibədən kənarda qalması İranla əlaqələndirilmiş
addımdır. Bunu isə Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun
Yəmən üzrə baş analitiki Əhməd Nağı bildirib.
Onun sözlərinə görə, İran bütün cəbhələri birdən aktivləşdirmək
əvəzinə, eskalasiyanı tədricən idarə edir, husiləri ehtiyatda
saxlayır:
"Bu mənada husilər sonradan oynana biləcək
vacib bir kart kimi qalırlar. Onların xüsusilə də Qırmızı dənizdə
gəmiçiliyini pozmaq, daha geniş iqtisadi və təhlükəsizlik təzyiqi
yaratmaq qabiliyyəti nəzərə alınmalıdır”.
Nağının fikrincə, husiləri ehtiyatda saxlamaqla bu təsir də qüvvədə
qalır.
"İrana hərbi təzyiq artarsa, yaxud müharibə daha kritik
mərhələyə keçərsə, Yəməndəki daxili cəbhədə potensial xərclərə
baxmayaraq, husilər yenə müdaxilə edə bilərlər. Onların indiki
təmkini müdaxilə etmək istəməməkdən daha çox, zamanlamaya
bənzəyir", – təhlilçi vurğulayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.