Aprelin 7-də ABŞ və İran Pakistanın vasitəçiliyi ilə iki həftəlik
atəşkəsə razılaşıb.
Bu razılaşmanın əsas şərti İranın Hörmüz boğazını yenidən
açmasıdır.
Atəşkəs elanından sonra qlobal bazarlarda yüksəliş qeydə alınıb.
Neftin qiymətləri düşüb. Dünya liderləri rahatlayıb.
Ancaq atəşkəs, hələlik, kövrək görünür. Bir neçə saat sonra İranın
Fars körfəzi ölkələrinə zərbələri haqda xəbərlər yayıldı. İsrail
isə Livanda ABŞ-nin
terror təşkilatı kimi tanıdığı, İranın
dəstəklədiyi "Hizbullah"a hücumlarını davam etdirir.
Aprelin 10-da İslamabadda daimi sülh razılaşması üçün danışıqlar
başlayacaq. Hər iki tərəf bildirib ki, atəşkəs müvəqqətidir,
müharibənin bitməsi anlamına gəlmir.
AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi bu atəşkəsin sülh
sazişinə çevriləcəyi, yoxsa döyüşlərdə sadəcə bir fasilə olacağını
üç məsələnin müəyyənləşdirəcəyini qeyd edir.
1. Hörmüz boğazı
Hörmüz boğazı onilliklər boyu qlobal ümumi istifadə məkanı sayılıb,
dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən 1/5-i bu
marşrutla sərbəst, maneəsiz və rüsumsuz daşınıb. Bu dövr artıq başa
çata bilər.
Atəşkəs çərçivəsində İran və Omanın boğazdan keçən gəmilərdən
tranzit rüsumu almasına icazə verən müddəanın yer aldığı deyilir.
Bu addımın presedenti yoxdur. BMT-nin Dəniz Hüququ Konvensiyası
belə rüsumları yasaqlayır. İndiyədək heç bir dövlət beynəlxalq
boğazda belə ödəniş tətbiq edə bilməyib.
İranın sistemi sadə rüsumdan daha mürəkkəbdir. SEPAH-ın ölkələri
dostluq səviyyəsinə görə sıraladığı bildirilir, yəni dost sayılan
ölkələrin gəmiləri daha əlverişli şərtlər əldə edir. Rüsum
ödənildikdən sonra gəmilərə icazə kodu və marşrut təlimatları
verilir, onların boğazdan keçidi razılaşdıran ölkənin bayrağını
qaldırması gözlənilir.
Bəs ödənişi kim edir? Brüsseldə yerləşən "Bruegel" analitik
mərkəzinin eksperti Quntram Volf deyir ki, ilk ağla gələn qlobal
istehlakçılar olsa da, bu belə deyil. Fars körfəzi ölkələri dünya
neftinin təxminən 20 faizini təmin edir, rüsumun əsas hissəsini də
məhz onların ödəyəcəyi görünür.
"Hesablamalarıma görə, Körfəz ölkələri rüsumun təxminən 80-85
faizini ödəyəcək, qlobal istehlakçılar isə cəmi 20
faizini", – Volf AzadlıqRadiosuna bildirib.
Başqa sözlə, adi istehlakçılar bu rüsumu, demək olar, hiss
etməyəcək. Ər-Riyad, Əbu-Dabi və Küveytin gəlirləri isə azala
bilər.
Hörmüz boğazı
Bu məntiq təkcə neftə aid deyil: gübrələr, neft-kimya məhsulları və
Körfəzdən gedən digər mallar da eyni cür təsirlənəcək. Belə çıxır,
Körfəz ölkələri öz resurslarını ixrac etmək üçün ödədikləri pulla
İranın bərpasını maliyyələşdirə bilərlər.
İran rəsmiləri bu niyyətlərini açıqca bildiriblər. Parlament sədri
Məhəmməd Baqer Qalibaf yazıb ki, "Hörmüz boğazında vəziyyət
müharibədən əvvəlki halına qayıtmayacaq".
2. Uranın zənginləşdirilməsi
Tramp atəşkəs elan edərkən İranın 10-bəndlik təklifini "danışıqlar
üçün işlək əsas" adlandırıb. Müşahidəçilər isə deyirlər ki,
tərəflərin mövqeləri çox uzaqdır, bu fərq ən çox İranın nüvə
proqramı məsələsində üzə çıxır.
"The Associated Press" yazır ki, İranın farsca hazırladığı
10-bəndlik atəşkəs planında "uranın zənginləşdirilməsinə razılıq"
ifadəsi yer alıb, iranlı diplomatların jurnalistlərə təqdim etdiyi
ingilisdilli versiyalarda isə bu yoxdur. Tramp aprelin 8-də
bildirib ki, İranda uranın zənginləşdirilməsinə icazə
verilməyəcək.
Farsca mətnə görə, tərəflər uranın zənginləşdirilməsi səviyyəsi
üzrə danışıqlar aparacaq.
"Uran məsələsini izləyirik. Onların nə qədər ehtiyatı
olduğunu bilirik, onlar onu verəcəklər, biz də alacağıq. Lazım
gələrsə, özümüz götürəcəyik", – ABŞ-nin müdafiə
naziri Pit Heqset belə deyib.
BMT-nin nüvə nəzarəti agentliyinə görə, İranın 60 faizədək
zənginləşdirilmiş 440 kiloqram uranı var.
Vasitəçilərin mövqeyi belədir ki, bu ehtiyatın ölkədən çıxarılması
və ya durulaşdırılması yalnız yekun sülh razılaşması çərçivəsində
mümkün ola bilər, müvəqqəti atəşkəsdə deyil. Bu, danışıqlar
Tehranın əsas alver predmetlərindən biridir.
Uran məsələsi bilərəkdən İslamabad danışıqlarına saxlanılıb.
Tərcümə fərqlərinin orada yenidən problem yaradacağı
gözlənilir.
İranın nüvə obyektləri
3. Livan
İsrailin Livandakı hərbi əməliyyatları atəşkəsi poza bilər; bu
əməliyyatlar aprelin 8-də davam edib.
İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib ki,
razılaşma Livanı əhatə etmir. Razılaşmanın əsas vasitəçisi olan
Pakistanın baş naziri Şahbaz Şərif isə əksini söyləyib.
Bu fikir ayrılığı texniki məsələ deyil. İran "Hizbullah"ı
dəstəkləyir, İsrail Livana zərbələrinin davam etməsi Tehranın hərbi
cavab verməsi üçün təzyiq yarada bilər.
Presedent yaranır?
Volfun dediyinə görə, İran böyük itkilər hesabına olsa da, göstərdi
ki, orta ölçülü bir dövlət adi müharibədə qalib gəlmədən də qlobal
sistemə ciddi iqtisadi təzyiq göstərə bilər. Bu, presedent
yaradırmı?
"Çox az ölkə İranın son həftələrdə yaşadıqlarını
yaşamaq istəyər", – o söyləyir.
"Bu
baxımdan, presedent deyil. Amma İran dünyaya assimetrik müharibənin
gücünü göstərdi. Bu mənada bu, ABŞ üçün strateji məğlubiyyət,
assimetrik müharibəni mənimsəmiş istənilən oyunçu üçün isə strateji
qələbədir. İndi bilir ki, beynəlxalq düzənin keşikçisi əslində onun
öhdəsindən gələ bilmir".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.