HRW: Gürcüstan risk altında olan azərbaycanlı jurnalisti deportasiya edib
Gürcüstan hakimiyyəti bu ölkədə mühacir həyatı yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqovu Azərbaycana zorla qaytarmaqla onu siyasi motivli təqib və pis rəftar riskinə məruz qoyub. Bunu "Human Rights Watch" insan haqları təşkilatı aprelin 10-da bildirib.

Qurumun bildirdiyinə görə, hakimiyyət jurnalisti bu riskləri ölçüb-biçmədən deportasiya edib. Bu isə hər iki hökumətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun öhdəliklərinə sadiqliyini
sual altına alır.

"Bu deportasiya baş verməməli idi, onun necə həyata keçirilməsi xüsusilə narahatedicidir", – "Human Rights Watch"un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya bildirib.

"Gürcüstan hakimiyyəti Sadıqovu təqib riski ilə üzləşdiyi bir ölkəyə qaytarıb, bu riski düzgün qiymətləndirməyib, sürətli prosedurlar isə ədalətliliklə bağlı ciddi narahatlıq yaradır", – o vurğulayıb.

"Human Rights Watch" Sadıqovun deportasiyasının Azərbaycanda jurnalistlərin və hökumətin tənqidçilərinin uzunmüddətli təqib olunması fonunda xüsusi narahatlıq doğurduğunu bildirir. Üstəlik, onun deportasiyasının Gürcüstan hakimiyyətinin Azərbaycan rəsmiləri ilə əlbirliyi, Avropa konvensiyası çərçivəsindəki öhdəliklərindən yayınması ilə bağlı ciddi narahatlığa yol açdığını vurğulayır. Qurum Avropa Şurası üzvlərini Gürcüstanın hərəkətlərini araşdırmağa çağırır.

6 aprel
Əfqan Sadıqovun saxlanıb buraxıldığı deyilir

"AzelTV" təsisçisi Əfqan Sadıqovun sərbəst buraxıldığı deyilir.

Bu barədə də onun xanımı Sevinc Sadıqova məlumat yayıb.

Məsələ ilə bağlı nə onunla, nə də Daxili İşlər Nazirliyi ilə danışmaq mümkün olub.

+++

Aprelin 5-də Gürcüstandan Azərbaycana deportasiya edilən "AzelTV" təsisçisi Əfqan Sadıqovun bu gün, aprelin 6-da Bakıda saxlandığı bildirilir.

Bu barədə onun mühacirətdə olan xanımı Sevinc Sadıqova məlumat yayıb: "İndi aldığım məlumata görə, həyat yoldaşım Əfqan Sadıqovu polis saxlayıb, hara aparıldığını dəqiq bilmirəm (ehtimal var ki, Xətai rayonu 34-cü bölməyə)".

Bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

5 aprel
Əfqan Sadıqov Gürcüstandan Azərbaycana deportasiya edilib

"AzelTV" saytının Gürcüstanda yaşayan təsisçisi Əfqan Sadıqov Azərbaycana deportasiya edilib. AzadlıqRadiosunun gürcü xidməti yazır ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Məlumata görə, onun Gürcüstana girişi 3 illik qadağan edilib.

Avropa İnsan Haqları Məhkəməsi bundan əvvəl Gürcüstandan Sadıqovun extradisiyasının müvəqqəti dayandırılmasını tələb etmişdi. Gürcüstan DİN açıqlamasında ölkədə insan haqları və azadlıqların tam müdafiə olunduğunu bildirib. Nazirlik əlavə edib ki, Azərbaycanda Ə.Sadıqova qarşı əvvəllər açılmış cinayət işi dayandırılıb.

Sadıqovun vəkili Tamta Mikeladze baş verənləri iki ölkənin hakimiyyətinin planlaşdırdığını iddia edib. Onun sözlərinə görə, Ə.Sadıqova qarşı cinayət işi aprelin 1-də dayandırılıb. O əlavə edib ki, aprelin 3-də Gürcüstanda məhkəmə Sadıqova qarşı hərəkət məhdudiyyətini ləğv edib, aprelin 4-də isə o saxlanaraq Azərbaycana bir neçə saat ərzində təhvil verilib. Mikeladze Avropa İnsan Haqları Məhkəməsinin Sadıqovla bağlı müvəqqəti qərarının hələ də qüvvədə olduğunu deyib.

Ə.Sadıqovla bağlı qərarı hakim Tornike Koçkiani qəbul edib. DİN-in açıqlamasına əsasən, Sadıqov 2 min lari cərimə də edilib.

Ə.Sadıqovun aprelin 5-ə keçən gecə Tbilisidə yaşadığı evindən zorla aparıldığı xəbəri yayılmışdı. Səhər saat 4 radələrində isə məhkəmə onun deportasiyasına qərar verib.

Vəkil T.Mikeladzenin sözlərinə görə, jurnalist Facebook səhifəsində gürcü polisini təhqir etməkdə ittiham olunub. İstinad olunan paylaşım aprelin 1-də ingilis və Azərbaycan dillərində edilib. Amma Ə.Sadıqov həmin paylaşımında Gürcüstanın adını çəkməyib, diktaturanın mövcud olduğu ölkələrdən bəhs edib

T.Mikeladzenin sözlərinə görə, Ə.Sadıqovun ölkəni könüllü şəkildə tərk edə biləcəyini və buna görə də deportasiya qərarına ehtiyac olmadığı məhkəmənin diqqətinə çatdırılıb. Lakin məhkəmə bunu və onun ailəsinin artıq Avropa İttifaqı ərazisində siyasi sığınacağa malik olduğunu nəzərə almayıb.

Aprelin 1-də Azərbaycan hökumətinin ona qarşı cinayət işinə xitam verdiyi və bu barədə Gürcüstanı məlumatlandırdığı bildirilir. Aprelin 3-də isə yerli məhkəmənin Ə.Sadıqovun ölkədən çıxış qadağasını ləğv etdiyi deyilir.

Müdafiə tərəfində düşünürlər ki, bunlar iki ölkədə Ə.Sadıqovun deportasiyası üçün əvvəldən koordinasiya olunub: "Mən indiyə qədər bir ölkənin qanun çərçivəsi ilə Avropa İnsan Hüquqları Konvensiyası arasında bu qədər ziddiyyət görməmişəm. Bu, fəlakətdir. Bu, bir insana qarşı aydın şəkildə aparılmış xüsusi əməliyyatdır".

Bütün bu açıqlamalara Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarından ayrılıqda münasibət almaq mümkün olmayıb.

Ə.Sadıqovun hazırda Azərbaycanda olduğu, saxlanmadığı deyilir. Bu barədə onun yaxınları məlumat yayıb. Amma hələlik onun özü ilə danışmaq mümkün olmayıb.

Əfqan Sadıqov Tbilisidə etiraz aksiyasında

23 oktyabr
Əfqan Sadıqova 14 sutka həbs verilib

Əfqan Sadıqov 14 günlük inzibati qaydada həbs olunub. AzadlıqRadiosunun gürcü xidmətinin məlumatına görə, bu qərar oktyabrın 23-də Tbilisi şəhər Məhkəməsində verilib.

Məhkəmədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, Ə.Sadıqov şəhər mərkəzində etiraz aksiyasında iştirakı zamanı yolu bağlayıb. O bildirib ki, polis onun və digər iştirakçıların yolu boşaltmasını əmr etsə də, onlar əmrə tabe olmayıblar.

Ə.Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib: "Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı".

O, hakimə bildirib ki, hər gün parlament binasının qarşısında keçirilən etiraz aksiyasına gedib: "Əlavə edəcəyim heç nə yoxdur, buradan çıxan kimi yenə mitinqə gedəcəyəm...".

Proses zamanı "İvanişvili diktatordur!" şüarlarını səsləndirən Ə.Sadıqov məhkəmə zalından çıxarılıb.

Əfqan Sadıqov Tbilisidə saxlanılıb
Əfqan Sadıqov Tbilisidə inzibati qaydada saxlanılıb. Bu barədə AzadlıqRadiosunun gürcü xidməti məlumat yayıb.

Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanın daha öncə dediyinə görə, jurnalist parlament binası qarşısında keçiriləcək aksiyaya getmək istəyirmiş, ancaq evdən çıxdıqdan sonra əlaqə saxlamaq mümkün olmayıb. Bir neçə saat ərzində ailəsi və hüquq müdafiəçiləri onun yerini müəyyənləşdirməyə çalışıblar. Son günlər həyat yoldaşının izlənildiyini deyən S.Sadıqova baş verənləri "Əliyev və İvanişvili rejimlərinin növbəti siyasi repressiyası" adlandırıb.

Sadıqova hüquqi yardım göstərən Sosial Ədalət Mərkəzinin direktoru Tamta Mikeladze jurnalistin saxlanılması faktını təsdiqləyib. Onun sözlərinə görə, jurnalistin yaşadığı binanın qarşısındakı müşahidə kamerası məhz onun evi tərk etdiyi anda söndürülüb.

Ə.Sadıqovun Rustaveli prospektinin "qanunsuz" bağlanması ittihamı ilə saxlanıldığı ehtimal olunur.

Ailəsi Əfqan Sadıqovun taleyindən narahatdır
"AzelTV"nin hazırda Gürcüstanda yaşayan təsisçisi Əfqan Sadıqovdan ailəsi xəbər tuta bilmir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb. Onun vurğulamasına görə, bu gün, oktyabrın 22-də Ə.Sadıqov Gürcüstanda keçirilən etiraz aksiyasına, 329-cu gündür davam edən etirazlara qatılmaq üçün parlamentin qarşısına getməli idi: "Lakin evdən çıxdıqdan sonra onunla heç bir əlaqə saxlamaq mümkün olmadı. Dünən və ondan əvvəlki gün isə Əfqan mənə bildirmişdi ki, izlənir".

Hələlik, məsələyə Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Gürcüstanda son seçkilərdən sonra tez-tez kütləvi aksiyalar keçirilir. Xüsusilə "xarici agent" haqqında qanunun qəbulu, həmçinin, Avropa İttifaqına üzvlük məsələsinin 2028-ci ilə qədər dayandırması böyük etirazlara səbəb olub. Qərb ölkələri də bu respublikanın rəsmilərinə qarşı sanksiyalara başlayıb. Müxalifət arasında saxlananlar, həbs edilənlər var.

Əfqan Sadıqovun bundan əvvəl həbsi
Ə.Sadıqov bu il aprelin 16-da təqribən 8 aylıq həbsdən sonra məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onu 5 min lari (3 min manat) məbləğində girov qarşılığında azadlığa buraxmışdı.

Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və ekstradisiyası istənirdi. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina etmişdi. 2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi. Lakin qərar icra edilməmişdi. Ə.Sadıqov ittihamı qurama sayırdı.

Xatırlatma
"AzelTV"nin təsisçisi və baş redaktoru Ə.Sadıqov daha əvvəl, 2016-cı il noyabrın 22-də isə Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq Ə.Sadıqov ittihamı qəbul etmir, işi qurama sayırdı. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaltmışdı. O, 2018-ci il mayın 23-də azadlığa çıxmışdı.

Azadlığa çıxdıqdan sonra da o, polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası almışdı. Ə.Sadıqov onda da ittihamı qəbul etmirdi.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google