Cənubi Qafqaz "silahla idarə edən diktatorlar" ilə "qanunun
aliliyinə söykənən demokratiyalar" arasında qlobal mübarizənin əsas
meydanlarından birinə çevrilib.
Bunu AzadlıqRadiosuna müsahibəsində Cənubi Karolinadan respublikaçı
konqresmen Co Uilson deyir.
Uilson Tennessi ştatından demokrat konqresmen Stiv Koen ilə
birlikdə ikipartiyalı qanun layihəsi təqdim edib. "Qafqazda Çinin
nəzarətinə qarşı mübarizə aktı" Kremlin və Pekinin Gürcüstana
təsirini sənədləşdirməyə yönəlib.
Yeni kəşfiyyat mandatı
AzadlıqRadiosunun jurnalisti Aleks Raufoğlu yazır ki, yeni qanun
layihəsi Vaşinqtonda artan narahatlığı əks etdirir. Onlar hakim
"Gürcü Arzusu" partiyasının ABŞ-nin əsas rəqiblərinin təsir
dairəsinə keçməsindən əndişələnirlər.
Qanun layihəsində ABŞ administrasiyasından Gürcüstanda Rusiya və
Çin kəşfiyyat qurumlarının nüfuzu ilə bağlı məxfi qiymətləndirmə
hazırlamaq tələb olunur. Bu iki ölkənin təsiri arasında hər hansı
kəsişmənin araşdırılması da nəzərdə tutulur.
Həmçinin, ABŞ-Gürcüstan münasibətlərinə dair beşillik strateji
baxış tələb olunur. Gələcək maliyyələşmə və Tbilisinin Qərblə
əlaqələri dərinləşdirməyə sadiq qalıb-qalmadığı da öyrəniləcək.
"Dünyada demokratik qüvvələrlə yanaşı
dayanmalıyıq", – Uilson AzadlıqRadiosuna deyib. O,
qanun layihəsini Çin Kommunist Partiyasının "fövqəladə və zərərli"
təsirinə, dünyada hökmranlıq məqsədinə qarşı zəruri müdafiə
adlandırıb.
Qara dəniz uğrunda mübarizə: Anakliya limanı
Uilson Anakliya dərin dəniz limanı layihəsini "strateji ağırlıq
mərkəzi" kimi qiymətləndirib. Bu layihənin idarəçiliyi Çinin
rəhbərliyi ilə bir konsorsiuma verilib.
"Çinin limanı nəzarətə almağa çalışmasının səbəbi Orta
Asiyadan nadir torpaq metalları və nadir mineralların daşınmasına
nəzarət etməkdir. Gürcüstan hər şeyin mərkəzindədir",
– Uilson bildirib.
O, bunu Panama kanalı ilə müqayisə edib. Çin Kommunist Partiyası
orada, demək olar, nəzarəti ələ keçirsə də, prezident Donald
Trampın təzyiqi nəticəsində bu təsir aradan qaldırılıb. Uilson
Anakliya üçün də "iqtisadi və ictimai təşviq" modelinin tətbiq
oluna biləcəyini vurğulayıb.
MEGOBARI təşəbbüsü
Uilsonun sözlərinə görə, Gürcüstan rəsmilərinə sanksiyaları nəzərdə
tutan MEGOBARI Aktı Konqresin niyyətinin "qızıl standart"ı olaraq
qalır.
Konqresmen keçən il Nümayəndələr Palatasında 349-42 səs nisbəti ilə
qəbul edilmiş bu qanunu "tamamilə misilsiz" dəstək sayır.
"85-90 faiz dəstək alan başqa qanun layihəsi
olmayıb", – deyən Uilson 349 konqresmenin Gürcüstan
xalqından ilham aldıqları üçün MEGOBARI-ni dəstəklədiklərini əlavə
edib.
Qanun layihəsi Senatda prosedur maneələrinə görə irəliləyə
bilməyib. Amma Uilson optimistdir. O, layihəyə etiraz edən keçmiş
senator Markueyn Mallinin artıq daxili təhlükəsizlik naziri postuna
keçdiyini və bunun qanun üçün yol açdığını vurğulayıb.
Rubionun totalitar rejimlərə xəbərdarlığı
"Gürcü Arzusu" hökuməti dövlət katibi Marko Rubio daxil, Dövlət
Departamenti ilə telefon danışığını münasibətlərdə "yeni başlanğıc"
kimi təqdim etməyə çalışıb. Uilson bu yanaşmanı rədd edib.
"Marko Rubioya totalitarizmin nəticələrini izah etməyə
ehtiyac yoxdur", – deyə Uilson Rubionun ailəsinin
Kubadan qaçmasını xatırladıb.
"Həm Rubio, həm də Donald Tramp xalq üçün ən yaxşısını
istəyir. Bu da açıq şəkildə ədalətli və azad
seçkilərdir", – konqresmen deyib.
Uilson 2024-cü ilin sonlarında Suriyada Bəşər əl-Əsəd rejiminin
süqutunu, Macarıstanda demokratik geriləməyə görə tənqid olunan
Viktor Orbanın hakimiyyətdən getməsini nümunə gətirərək
"diktaturalar artıq hakimiyyətdə deyil" deyir.
Maliyyə alətləri
Ekspertlərin fikrincə, ABŞ beynəlxalq maliyyə sisteminin
mexanizmləri vasitəsilə Çinin təsirini məhdudlaşdıra bilər.
Amerika Xarici Siyasət Şurasının Orta Asiya-Qafqaz İnstitutunun
proqramlar direktoru Laura Linderman AzadlıqRadiosuna deyib ki,
Vaşinqton Dünya Bankı və Asiya İnkişaf Bankındakı təsirindən
istifadə etməlidir:
"Vaşinqtonun Gürcüstanda Çinin
roluna təsir etmək üçün yetərincə imkanları var".
Onun təklifinə görə, ABŞ beynəlxalq maliyyə institutlarının
infrastruktur layihələrinə şərtlər qoymasını təmin edə bilər ki,
podrat işləri "korrupsiyalaşmış əmək praktikalarına malik" və
"qlobal ticarətdə mənfi reputasiyası olan" Çin şirkətlərinə
verilməsin.
İranla əlaqə
Uilson Tbilisi ilə Tehran arasında kəşfiyyat məlumatlarının
paylaşılması xəbərlərindən də narahatdır:
"Dəhşətdir.
"Gürcü Arzusu" rejiminin kütləvi qırğınlara görə məsuliyyət daşıyan
(İranın mərhum ali lideri Əli) Xameneiyə hörmət göstərməsi çox şey
deyir… Bu, Gürcüstanın gözəl və qətiyyətli xalqının mövqeyini əks
etdirmir".
Konqresmen çıxış yolunu demokratiyaya qayıdışda görür:
"Hərbi cinayətkar Putin düşünürdü ki, Ukraynanı 30 günə
məğlub edəcək. Dörd il keçib, Ukrayna xalqı əvvəlkindən daha
güclüdür. Dünyada hər şey ədalətli və azad seçkilərə doğru gedir…
İndi bu, Gürcüstan Respublikasında da lazımdır".