Vaşinqton və Tehran arasında gərginliyin azaldılması ilə bağlı son
təklif mübadiləsi Hörmüz boğazında böhranın gələcəyi ilə bağlı yeni
suallar doğurub.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun dəstəklədiyi təklifə İranın
cavabını "tamamilə qəbuledilməz" adlandırıb. Bununla belə, hər iki
tərəf sanksiyaların yumşaldılması, nüvə proqramına məhdudiyyətlər
və strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçiliklə bağlı
danışıqlarda maraqlı olduqlarını nümayiş etdirir.
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu ABŞ
paytaxtındakı təhlilçilərə istinadla yazır ki, bazarlardakı nisbi
sabitlik danışıqların nəticələrindən gözləntilərlə bağlıdır.
İndiyədək maliyyə bazarları müəyyən dalğalanmalara baxmayaraq,
nisbətən sabit qalıb.
Tərəflər təzyiq altında
"Hər iki tərəf müəyyən razılaşmaya gəlmək üçün təzyiq
altındadır", – bunu mayın 11-də Strateji və
Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) keçirilən müzakirədə Mark
Kansian deyib.
Qurumun
baş müşaviri, ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan
polkovniki Kansianın sözlərinə görə, cəbhədəki hərbi vəziyyət
hazırda dalana dirənib. Tehran dünya neft və qazının 1/5-nin
daşındığı Hörmüz boğazında hərəkəti məhdudlaşdırmağa çalışır, ABŞ
isə boğazda təzyiqini davam etdirir. Hələlik tərəflərdən heç biri
həlledici üstünlük əldə etməyib.
Kansianın fikrincə, Vaşinqton və Tehran İranın zənginləşdirilmiş
uran ehtiyatları, gələcək zənginləşdirmə fəaliyyəti və
sanksiyaların mərhələli şəkildə yumşaldılması ilə bağlı mümkün
kompromisləri araşdırır. ABŞ zənginləşdirilmiş uranın həcminə
fiziki məhdudiyyətlər qoyulacağı təqdirdə, İranın beynəlxalq
müfəttişlərin ölkəyə girişinə qadağa qoya biləcəyi ehtimalını
nəzərdən keçirir. Kansian əlavə edir ki, qarşıdurma nə qədər
uzansa, hər iki tərəfə hərbi və iqtisadi təzyiq bir o qədər
artacaq.
Asiya prosesi diqqətlə izləyir
Qlobal bazarlar nisbətən sabit qalsa da, analitiklər bildirir ki,
Hörmüz boğazındakı problemlər davam edərsə, iqtisadi təsirlər daha
ciddi ola bilər. Yükdaşımaların bir hissəsi davam etsə də, böhran
artıq yanacaq qiymətlərinin 40 faiz artmasına, Asiya və Avropanın
bəzi bölgələrində təchizatla bağlı narahatlıqların güclənməsinə
səbəb olub.
Xüsusilə Şərqi Asiya böhranı diqqətlə izləyir, çünki bir çox ölkə
Yaxın Şərqdən enerji idxalından ciddi asılıdır. Cənubi Koreya üçün
bu göstərici 70 faiz, Yaponiya üçün isə 95 faiz təşkil edir.
CSIS-də geosiyasət və xarici siyasət departamentinin rəhbəri,
Corctaun Universitetinin professoru Viktor Çxanın sözlərinə görə,
Yaponiya və Cənubi Koreya artıq enerji mənbələrini şaxələndirmək və
Körfəz marşrutlarından uzunmüddətli asılılığı azaltmaq yollarını
axtarır. Mərkəzi Asiya və Afrikaya investisiya imkanları nəzərdən
keçirilir.
"Nə baş verəcəyindən asılı olmayaraq, hər iki ölkə Hörmüz
boğazından keçən xam neftdən asılılığı azaltmağa
çalışacaq", – deyə Çxa vurğulayıb. Onun qənaətinə
görə, yaranmış yeni vəziyyət Cənubi Koreya və Yaponiya üçün Rusiya
ilə münasibətləri yaxşılaşdırmağı geostrateji zərurətə çevirir.
Ekspert bunu alternativ yanacağın Mərkəzi Asiyadan, çox güman ki,
Rusiyanın Qara dəniz sahili vasitəsilə daşınacağı ilə izah
edib.
Trampın mayın 14-15-də Çin prezidenti Si Cinpinlə keçirəcəyi
sammitdə də İran məsələsini müzakirə edəcəyi gözlənilir. Pekin
Tehranın əsas müştərisidir – ötən il İranın neft ixracatının 90
faizini alıb. ABŞ rəsmiləri Çinə bu rıçaqdan yararlanaraq İranı
güzəştlərə sövq etməsi üçün təzyiq göstərə bilər.
Bununla belə, təhlilçilərin fikrincə, zaman diplomatiyanın əleyhinə
işləyir və masa arxasındakı həll yolları real böhranın sürətini
mütləq qabaqlamalıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.