Bu həftə ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin
Pekində görüşəcək. İki ölkə İran,
Tayvan və kritik təchizat zəncirlərinə nəzarət məsələlərində gərgin
manevrlər aparır, eyni zamanda kövrək də olsa, iqtisadi atəşkəs
əldə etməyə çalışır.
Tramp sonuncu dəfə Çində 2017-ci ildə səfərdə olub. O, mayın 13-ü
axşam Pekinə çatacaq, mayın 14-15-də isə Si ilə
danışıqlar aparacaq
və bir sıra tədbirlərə qatılacaq. Bu, iki liderin altı aydan artıq
fasilədən sonra ilk üzbəüz görüşü olacaq. Tərəflər tariflər,
mineral ixracına nəzarət və münasibətləri gərginləşdirən digər
mübahisəli məsələləri sabitləşdirməyə çalışacaqlar.
Sammitdə ABŞ-nin soya ixracından tutmuş, Çinin Rusiya ilə
münasibətlərinə qədər geniş spektrdə iqtisadi və geosiyasi
məsələlər müzakirə olunacaq. İran müharibəsinin də gündəmin ön
sıralarında olacağı gözlənilir.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tramp Pekinə təzyiq
göstərərək müharibənin dayandırılması üçün Çin vasitəçiliyi istəyə
bilər. Çin hazırda İran neftindən ucuz enerji mənbəyi kimi istifadə
edir.
ABŞ rəsmiləri və analitiklərin fikrincə, Tramp və Si Böyük Xalq
Zalında görüşəndə əsas diqqət ticarət gərginliyinin azaldılmasına
yönələcək.
"Si ABŞ-nin Tayvana dəstəyini azaltmaq istəyir.
Vaşinqtondan Tayvana silah satışlarını gecikdirməsi və ya
məhdudlaşdırması üçün təzyiq göstərir. Pekin həmçinin qabaqcıl
texnologiyalar üzrə ABŞ ixrac məhdudiyyətlərinin yumşaldılmasını və
qlobal təchizat zəncirlərində mövqeyinin qorunmasını
hədəfləyir", – Fransanın "Natixis" maliyyə şirkətinin
Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Alisiya
Qarsiya-Errero AzadlıqRadiosuna bildirib.
Ticarətdə atəşkəs istəyirlər?
Gözlənilir ki,
tərəflər bir sıra yeni alış müqavilələri imzalasınlar – soya kimi
kənd təsərrüfatı məhsullarından tutmuş, "Boeing" təyyarələrinə
qədər. Qarşılıqlı ticarət və investisiyaları asanlaşdıracaq yeni
platformaların yaradılması ilə bağlı danışıqlar da aparılacaq.
Tramp administrasiyası ikinci prezidentlik müddətinin
başlanğıcında, 2024-cü ilin əvvəllərində Çinə qarşı yüksək tariflər
tətbiq etmişdi. Sonradan ABŞ Ali Məhkəməsinin bəzi rüsumları
məhdudlaşdırması və bəzilərini qanunsuz sayması ilə ticarət
gərginliyi qismən azalmışdı.
Si və Tramp 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən
görüşdə gərginliyi azaltmaq barədə razılığa gəliblər. O vaxtdan
bəzi ixrac məhdudiyyətləri və nadir torpaq metalları ilə bağlı
qadağalar yumşaldılıb.
Təhlilçilərin qənaətinə görə, Pekin danışıqlarda mövqeyini
gücləndirmək üçün güclü kozırdan – nadir torpaq metalları və kritik
minerallardan istifadə edəcək. Çin smartfondan tutmuş, döyüş
təyyarələrinə qədər bir çox strateji məhsulun istehsalı üçün vacib
olan bu resurslar üzərində nəzarəti əlində saxlayır.
"ABŞ artıq başa düşür ki, Çinin istədiyi vaxt istifadə
edə biləcəyi mühüm rıçaqları var. Çünki nadir torpaq metallarının
hasilatı və emalında dominant mövqeyə malikdir", –
Vaşinqtondakı "Center for American Progress" analitik mərkəzinin
Çin siyasəti üzrə tədqiqatçısı Maykl Klark AzadlıqRadiosuna
deyib.
Hazırda Çin qlobal nadir torpaq metalları hasilatının 70 faizdən
çoxuna, onların emalının 90 faizə yaxınına və maqnit istehsalının
93 faizə qədərinə nəzarət edir.
Pekin 2025-ci ilin oktyabrında istənilən ölkəyə nadir torpaq
metalları və ikili təyinatlı komponentlərin ixracını dayandırmağa
imkan verən yeni hüquqi mexanizm tətbiq edib. Bu, müdafiə sənayesi
üçün vacib olan yeddi nadir torpaq elementi üzrə məhdudiyyətləri
daha da sərtləşdirib.
Cənubi Koreya görüşündə Vaşinqtonun bəzi tarifləri yumşaltması və
Çinin ABŞ-dən soya idxalına yenidən başlaması qarşılığında nadir
torpaq metalları ilə bağlı bəzi məhdudiyyətlər dayandırılıb.
Əsas məsələ İran müharibəsidir
AzadlıqRadiosunun jurnalistləri Reyd Stendiş və Kolin Hud yazır ki,
İran müharibəsinin sammitə ciddi təsir göstərəcəyi gözlənilir.
Trampın Pekinə səfərindən bir həftə əvvəl Çin İranın xarici işlər
nazirini qəbul edib. ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda İran
neftini emal etdiklərinə görə Çinin beş özəl neft emalı şirkətinə —
ən böyük zavodlarından birinə — sanksiya tətbiq edib. Pekin buna
açıq şəkildə etiraz edərək şirkətlərə ABŞ sanksiyalarına məhəl
qoymamağı tapşırıb. Hərçənd ölkənin maliyyə tənzimləyicisi
qeyri-rəsmi qaydada iri dövlət banklarına qara siyahıya salınmış
neftayırma zavodlarına yeni kreditlərin verilməsini dayandırmağı
tövsiyə edib.
Çin və ABŞ-nin Hörmüz boğazının yenidən açılmasında həm iqtisadi,
həm də strateji maraqları var. Təhlilçilərə görə, əsas sual Pekinin
Tehrana təzyiq göstərməyə hazır olub-olmaması və bunun qarşılığında
Vaşinqtondan nə tələb edəcəyidir.
M.Klark deyir:
"Tramp Çinə çox dəyərli bir şey verməsə,
Çin Hörmüz boğazının açılmasına kömək etməyəcək. Buraya süni
intellekt çipləri, qabaqcıl çip istehsalı avadanlıqları və reaktiv
mühərrik texnologiyalarına tətbiq edilən ixrac məhdudiyyətlərinin
yumşaldılması daxil ola bilər".
Bəs Tayvan necə olacaq?
Pekin Tayvan
məsələsində də güzəştlər istəyə bilər. Çin Tayvanı öz ərazisi hesab
edir və lazım gələrsə, güclə onu materikə birləşdirəcəyini
gizlətmir. Pekin həmçinin ABŞ-nin Tayvana silah satışlarından ciddi
narahatdır. Vaşinqton dekabrda Tayvana rekord həcmdə — 11.1 milyard
dollarlıq silah paketi təsdiqləyib. Bundan əlavə, dəyəri 14 milyard
dolları keçə biləcək yeni bir yardım paketi üzərində də iş
aparılır. Sammitin gedişatına xələl gətirməmək üçün bu barədə
Konqresə rəsmi bildirişin qəsdən gecikdirildiyi bildirilir.
Tramp mayın 11-də jurnalistlərə bildirib ki, Si ilə görüşdə Tayvana
silah satışı məsələsi də müzakirə olunacaq.
Harvard Universitetinin professoru Rana Mitterə görə, Çin sammitdə
ABŞ-nin Tayvana dəstəyini fundamental problem saydığını açıq
şəkildə nümayiş etdirmək istəyir:
"Bu məsələdə
Amerikanın mövqeyini dəyişdirməyə çalışmaq Pekinin əsas hədəfi
olacaq və bu, İranla bağlı hər hansı mövzudan daha kəskin və
qabarıq şəkildə ifadə edilə bilər".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.