İvanişviliyə sanksiya, gürcü xalqına dəstək – Fransa Milli Assambleyası qətnamə qəbul edib
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Gürcüstanla bağlı məcburi hüquqi qüvvəsi olmayan, tənqidi xarakterli qətnamə qəbul edib.

24 sentyabr 2025-ci ildə irəli sürülmüş və 11 may 2026-cı ildə qəbul edilmiş qətnamə ilə Fransa Milli Assambleyası:
  • Gürcüstanın “qeyri-liberal və avtoritar istiqamətə yönəlməsi” adlandırdığı prosesi, həmçinin fundamental hüquqların pozulmasını və dinc etirazçılara qarşı “qeyri-mütənasib güc tətbiqini” pisləyib;
  • “Gürcü Arzusu”nun
    fəxri sədri Bidzina İvanişviliyə və onun yaxın çevrəsinə qarşı “hədəfli” maliyyə sanksiyalarının tətbiqini tələb edib;
  • Hökumətdən “Rusiya rejiminin Gürcüstan üzərindəki təsirini”, daha dəqiq desək siyasi institutlara və “oliqarx” kimi təqdim olunan Bidzina İvanişviliyə təsirini pisləməyə çağırıb.
Qətnamə, Avropa Parlamentinin qətnamələrinə bənzər şəkildə, Gürcüstan hökuməti ilə xalqını bir-birindən ayırır və gürcü xalqına Avropa istiqamətindəki məqsədlərinə doğru irəliləməsində dəstəyini ifadə edir.

Qətnamənin müzakirəsində Gürcüstanın beşinci prezidenti, keçmiş fransız diplomatı Salome Zurabişvili iştirak edib.

Prosedur
Ümumiyyətlə, həm qanunların, həm də qətnamələrin qəbul olunması üçün Assambleyanın plenar iclasında iştirak edən deputatların yarısından çoxunun dəstəyi kifayətdir.

11 mayda keçirilən səsvermədə 97 deputat iştirak edib. Onlardan 96-sı səsvermədə iştirak edib. Qətnamənin qəbul olunması üçün 49 səs kifayət edirdi.

Qətnaməni 68 deputat dəstəkləyib. 28 deputat əleyhinə səs verib, 1 deputat isə bitərəf qalıb.

Fransa Milli Assambleyası ümumilikdə 577 deputatdan ibarətdir.

Bundan əvvəl qətnamənin mətni Avropa məsələləri və xarici işlər komitələrində də qəbul edilmişdi.

Kimlər dəstəklədi
Qətnamənin təşəbbüskarı keçmiş baş nazir Qabriel Attalın rəhbərlik etdiyi parlament qrupu “Birlikdə Respublika naminə” olub.

Bu partiyanın 34 üzvü qətnaməni dəstəkləyib; onlara sosialistlər, respublikaçı sağçılar, ekoloqlar və demokratlar da qoşulublar.

Qətnamənin əleyhinə Marin Le Penin “Milli Birlik” partiyasından 13 deputat, həmçinin solçu koalisiya “Yeni Xalq Cəbhəsi”ndən 10 deputat səs verib.

“Gürcü Arzusu”nun deputatlarından biri Zviad Şalamberidze 12 may tarixində Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi qətnaməni “təəssüf doğuran” adlandırıb.

“Bu gün Avropa ölkələrinin və Avropa liderlərinin faktlardan tamamilə uzaq qətnamələr yayması təəssüf doğurur”, – deyə o bildirib.

Hüquq-mühafizə strukturlarının koordinasiyası məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze isə 12 mayda jurnalistlərin Salome Zurabişvilinin qətnamənin müzakirəsində iştirakını necə qiymətləndirdiyi ilə bağlı sualına cavab olaraq belə deyib:

“Gürcünün Gürcüstana qarşı yönəlmiş zərbələrdə iştirak etməsi təəssüf doğurur.”

“Məncə, nə qədər müxalif olursan ol, hakimiyyəti nə qədər tənqid edirsən et, belə bir prosesdə iştirak etməməlisən”, – o əlavə edib.

“Salome xanım öz vətəninə qayıtdı və Gürcüstana qarşı düşmən xarakterli qətnamənin qəbul edildiyi yerdə iştirak etdi”, – “Gürcü Arzusu”nun digər liderlərindən Şalva Papuaşvili də 12 mayda bildirib.

“Gürcü Arzusu”nun liderləri vaxtilə, 2018-ci ildə prezidentliyə namizəd kimi dəstəklədikləri zaman, Salome Zurabişvilini mühacirətdən “vətənə qayıdışın” nümunəsi kimi təqdim edirdilər.

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının məlumatına görə, Bidzina İvanişvili Gürcüstan və Fransa vətəndaşlığına malikdir. 2024-cü il üzrə təqdim etdiyi bəyannaməyə əsasən, onun ailəsi Fransada daşınmaz əmlaka sahibdir.

5 may tarixində Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi oxşar məzmunlu tənqidi hesabat qəbul etdikdən sonra Gürcüstan Xarici İşlər Nazirliyi bunu “reallıqdan uzaq” və “narahatedici” adlandırmışdı.
  • Avropa İttifaqı bildirir ki, Gürcüstanın rəsmi şəxslərinə və “demokratik geriləməyə” görə məsuliyyət daşıyan şəxslərə qarşı maliyyə sanksiyalarının tətbiqini istəyir, lakin bu məsələdə konsensus əldə olunmur.
  • Bu şəraitdə Brüssel Gürcüstan vətəndaşları üçün vizasız rejimin dayandırılmasını da müzakirə edir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google