Ukrayna məhkəməsi prezident Volodimir Zelenskinin vaxtilə ən
nüfuzlu müşavirlərindən olmuş Andriy Yermakın həbsinə qərar verib.
Onun üçün 3.2 milyon dollar girov müəyyən edilib. Yermak dəbdəbəli
daşınmaz əmlak qalmaqalı ilə bağlı ittiham olunur.
2020-2025-ci illərdə Zelenskinin administrasiya rəhbəri vəzifəsində
çalışmış Yermakın girovu ödəyə biləcəyi hələlik məlum deyil. Kiyev
məhkəməsi mayın 14-də bu qərarı çıxarıb.
"Sizə dedim ki, məndə bu qədər pul yoxdur", - Yermak
məhkəmədə bildirib. O, vəkillərinin qərardan apellyasiya şikayəti
verəcəyini əlavə edib.
Yermak Zelenskinin aktyor və komediyaçı olduğu dövrlərdən yaxın
tərəfdaşıdır. O, ötən ilin noyabrında istefa verib. Həmin vaxt
antikorrupsiya müstəntiqləri onun və ailə üzvlərinin hava
hücumundan müdafiə sistemləri üçün ayrılmış vəsaitlərin
mənimsənilməsi hesabına dəbdəbəli daşınmaz əmlak aldıqlarını iddia
etmişdi.
Müstəntiqlərin məlumatına görə, Zelenskinin özü bu sxemdə iştirak
etməyib. Lakin qalmaqal onun imicinə zərbə vurub və Ukraynada kök
salmış korrupsiya ilə bağlı uzun illərdir mövcud olan şübhələri
daha da gücləndirib. Zelenski isə hakimiyyət dövründə bu problemlə
mübarizə apardığını bildirirdi.
Rusiyanın təcavüzkar müharibəsi 2022-ci ilin fevralında başlayıb və
artıq beşinci ilini doldurub. Müharibədən yorulan Ukrayna
cəmiyyətində Zelenskinin siyasi nüfuzu zəifləyib. O, ölkədə hərbi
vəziyyətin qüvvədə olması səbəbindən yeni seçkilərin keçirilməsinə
müqavimət göstərir. Bununla belə, siyasi müşahidəçilər seçki
keçiriləcəyi təqdirdə Zelenskiyə qarşı çıxmağa hazır ola biləcək
bir neçə potensial namizədin adını çəkirlər.
Astroloqla məsləhətləşmələr
A.Yermakın məhkəmə prosesində daha bir utandırıcı məqam üzə çıxıb.
Məlum olub
ki, o, mühüm kadr qərarları verməzdən əvvəl astroloqla
məsləhətləşib.
AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemı" layihəsinin məlumatına
görə, sözügedən açıqlama mayın 12-13-də Milli Antikorrupsiya Bürosu
(NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAPO)
iddiaları əsasında keçirilən məhkəmə dinləmələri zamanı
səsləndirilib.
Müstəntiqlər hal-hazırda Kiyev yaxınlığındakı dəbdəbəli tikinti
layihələri vasitəsilə 460 milyon qrivnanın (10.5 milyon dollar)
yuyulması iddiasını araşdırırlar. Yermaka mayın 11-də bu çirkli
pulların yuyulması sxemi ilə bağlı şübhəli şəxs bildirişi təqdim
olunub.
SAPO prokuroru Valentina Qrebenyukun sözlərinə görə, Yermak mühüm
dövlət təyinatları ilə bağlı vaxtaşırı "Veronika Fenşuy" ləqəbi ilə
tanınan şəxslə məsləhətləşib.
"Həmin şəxslər sonradan vəzifələrə təyin
olunublar", – Qrebenyuk bildirib. Onun dediyinə görə,
Zelenskinin keçmiş sağ əli təyinatdan əvvəl namizədlərin doğum
tarixlərini həmin məsləhətçiyə göndərirmiş.
Qrebenyuk Veronika Fenşuyun əslində Veronika Anikiyeviç olduğunu
açıqlayıb. Anikiyeviçin "Andriy 2025" adlı şəxsə yazdığı gizli
mesajlarda keçmiş aparat rəhbərini onu tənqid edən siyasətçilərə və
jurnalistlərə qarşı kəskin addımlar atmağa səslədiyi
bildirilir.
"Onları dayandırmasan, hakimiyyəti ələ keçirəcəklər.
Vəziyyət elədir ki, ya sən qalib gələcəksən, ya da
onlar", – Qrebenyukun sözlərinə görə, Anikiyeviç belə
yazıb.
Yermak isə məhkəmədə hər hansı falçı və ya "peyğəmbər" ilə əlaqə
saxladığını inkar edib. Ondan Anikiyeviçi tanıyıb-tanımadığı
soruşulanda isə deyib:
"Bir neçə Veronika tanıyıram.
Soyadlarını xatırlamıram".
Veronika Anikiyeviç kimdir
"Sxemı" Anikiyeviçin Kiyevdə yaşayan 51 yaşlı bir qadın olduğunu
müəyyənləşdirib. Özünü astrologiya üzrə məsləhətçi kimi təqdim edən
bu şəxs rəsmi olaraq "fərdi xidmətlər göstərən sahibkar" kimi
qeydiyyatdan keçib. Jurnalistlər iş axtarışı saytlarından
sızdırılmış məlumatlar bazasında onun CV-sini də aşkar ediblər.
Həmin sənədə əsasən, Anikiyeviç "maliyyə analizi, nəzarət və
idarəetmə" istiqaməti üzrə təhsilə malikdir
Açıq mənbələr əsasında aparılan araşdırma üzə çıxarıb ki,
Anikiyeviçin telefon nömrəsi başqa şəxslərin kontakt siyahısında
"Veronika Məsləhətçi A.B." və "Veronika Anikiyeviç/Yermakın
falçısı" kimi qeyd edilib. Bu, onun Yermakla əlaqəsini təsdiqləyən
daha bir detal kimi təqdim olunur.
Yermaka şübhəli şəxs bildirişinin verilməsinə münasibət bildirən
Anikiyeviç NABU və SAPO əməkdaşlarını "alçaqlar" adlandırıb və bunu
"Ukraynanın kapitulyasiyasına yönəlmiş xüsusi əməliyyat" kimi
qiymətləndirib.
"Sxemı" Anikiyeviçlə əlaqə saxlamağa çalışsa da, jurnalist özünü
təqdim edən kimi astroloq dərhal dəstəyi asıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.