İranı onillər boyu bir nəfər – ali rəhbər Əli Xamenei idarə edib.
O, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı
müharibənin ilk günü öldürülüb. Ekspertlər indi Tehranda qərarvermə
prosesinin əvvəlkindən daha mərkəzsizləşdiyini deyirlər.
Müctəba Xamenei martın əvvəlində atasının yerinə keçdikdən sonra
ictimaiyyət qarşısında hələ də görünməyib. Onun yoxluğunda ölkəni
yüksəkvəzifəli İran rəsmilərindən ibarət qrup
idarə edir.
Ekspertlərin qənaətinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) siyasi sistemdə həlledici qüvvəyə çevrilib. İslahatçılar və
mötədillər siyasi arenadan sıxışdırılıb, daha sərt xətt
tərəfdarlarının hakim olduğu və ideoloji cəhətdən daha qapalı
sistem formalaşıb.
Bəzi müşahidəçilər bu yeni mərhələni "İslam Respublikası 3.0"
adlandırır. Əsas güc mərkəzləri və fiqurların çoxu mövqelərini
qorusa da, müəyyən fikir ayrılıqları getdikcə daha çox üzə çıxmağa
başlayıb.
Müctəba Xamenei: Yeni ali rəhbər
56-yaşlı Müctəba Xamenei ali rəhbər kimi bütün dövlət məsələlərində
son söz sahibidir. Ancaq onun hakimiyyəti lap əvvəldən nüfuzdan
salınıb.
Belə ki, Xameneinin ali rəhbər seçilməsi mübahisəli qərar
sayılırdı. O, heç vaxt dövlət vəzifəsində çalışmamışdı.
Hakimiyyətin irsi olaraq ötürülməsini 1979-cu il İslam İnqilabının
monarxiya əleyhinə yönəlmiş fundamental prinsiplərinə zidd sayanlar
var idi.
Xamenei atasının həlak olduğu hava hücumunda ağır yaralanıb. Onun
baş, bel və ayaq nahiyəsindən aldığı yaraların indi tamamilə
sağaldığı bildirilir.
ABŞ kəşfiyyatının məlumatına görə, Xamenei müharibə strategiyasının
hazırlanmasında və Vaşinqtonla sülh danışıqlarının idarə
edilməsində mühüm rol oynayır. Əvvəlki ali rəhbər audiomüraciətlər
və videoçıxışlarla hər yerdə varlığını göstərirdisə, Müctəbanın bu
mənada yoxluğu gözə çarpır.
"İran, Əli Xameneinin ölümü və onun 36 illik
hakimiyyətinin sona çatmasından sonra yeni bir keçid dövrünə daxil
olub. Bu, son dərəcə çətin bir mərhələdir və müharibədən sonrakı
qüvvələr balansı proseslərdə həlledici rol
oynayacaq”, — deyə Vaşinqtonda yaşayan iranlı siyasi
təhlilçi Əli Əfşari AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda)
bildirib.
Hüseyn Taib: Pərdəarxası fiqur
Sərt xətt tərəfdarı olan nüfuzlu ruhani Hüseyn Taib 2009–2022-ci
illərdə SEPAH-ın kəşfiyyat bölməsinə rəhbərlik edib. O,
təhlükəsizlik sistemində aparılan genişmiqyaslı struktur
islahatları çərçivəsində vəzifəsindən uzaqlaşdırılmışdı.
2009-cu ildə SEPAH kəşfiyyatının rəhbəri təyin olunmazdan əvvəl
Taib ölkənin ali rəhbərinin ofisində çalışıb. ABŞ və Avropa
İttifaqı daxili repressiyalardakı roluna görə onu sanksiya
siyahısına daxil edib.
M.Xameneinin ən yaxın adamlarından biri olan Taib İran siyasətinin
pərdəarxası əsas fiqurlarından sayılır. Ekspertlərin fikrincə, o,
Xameneinin sistem daxilindəki digər güc mərkəzləri və əsas
oyunçularla münasibətlərinin idarə edilməsində mühüm strateji rol
oynaya bilər.
Əhməd Vahidi: SEPAH rəhbəri
İran Silahlı Qüvvələrinin elit qanadı olan SEPAH ölkə siyasətində
hər zaman mühüm rol oynayıb. Lakin ali rəhbər Əli Xameneinin
öldürülməsindən sonra bu qurum İslam Respublikasında əsas dominant
siyasi qüvvəyə çevrilib. Baxmayaraq ki, ABŞ və İsrail hərbi elitaya
ağır zərbələr endirilib və SEPAH-ın baş komandanı Məhəmməd Pakpur
qətlə yetirilib, idarəetmə aparatındakı boşluqlar korpus tərəfindən
sürətlə doldurulub.
Pakpurun müavini, keçmiş daxili işlər və müdafiə naziri Əhməd
Vahidi martın əvvəlində SEPAH rəhbərliyinə gətirilib. Ancaq
ekspertlər Vahidinin təşkilat daxilindəki rəqib qruplaşmaları vahid
cəbhədə birləşdirə biləcək nüfuza və siyasi çəkiyə malik
olub-olmadığını hələ də şübhə altına alırlar.
Təhlilçilər bildirirlər ki, müharibə və Ə.Xameneinin ölümündən
sonra İranda təhlükəsizliyin ön plana çıxması SEPAH-a ölkənin
daxili və xarici siyasətində mərkəzi rol qazandırıb.
"Əli Xameneidən sonrakı dövr hələ də qeyri-müəyyəndir.
Bircə həqiqət ortadadır: İslam Respublikasının idarə olunmasında
SEPAH-ın rolu və gücü durmadan artır", - Fransada
yaşayan iranlı siyasi şərhçi Müctəba Nəcəfi "Radio Fərda"ya
müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın idarəçiliyi, demək olar ki, tamamilə
SEPAH-ın əlində cəmləşib. İqtisadi, siyasi, mədəni və ictimai
həyatın hərbiləşdirilməsi isə artıq yekun mərhələyə qədəm
qoyub.
Məhəmməd Baqir Qalibaf: Vasitəçi
Mühafizəkar siyasətçi və keçmiş hərbçi Məhəmməd Baqir Qalibaf illər
boyu İranın ali rəhbərliyi və SEPAH ilə sıx əlaqələr qurub.
Onun siyasi karyerası mütəmadi olaraq korrupsiya qalmaqalları və
uğursuz prezidentlik kampaniyaları ilə müşayiət olunub. Bununla
belə, o, hazırda İslam Respublikasında ayaqda qalan ən güclü
fiqurlardan sayılır. Qalibaf həm parlamentin sədri, həm də İranın
ABŞ ilə danışıqlarda əsas təmsilçisidir.
Ekspertlər Qalibafın ölkədəki müxtəlif hakimiyyət qanadları
arasında əsas vasitəçi rolunu oynadığını deyirlər. O, yeni ali
rəhbərə yaxın şəxs sayılır.
Əvvəllər bu kritik balansı İranın nüfuzlu təhlükəsizlik rəhbəri Əli
Laricani təmin edirdi. O, martda öldürüldü. Laricani bir-biri ilə
rəqabət aparan siyasi qrupları bir araya gətirən, həmçinin SEPAH,
kəşfiyyat strukturları və dini establishment ilə sıx əlaqələri olan
birləşdirici fiqur idi.
"Qalibaf həmişə rəhbərliyin ehtiyac duyduqca istifadə
etdiyi fiqurlardan biri olub. Digər əsas fiqurlar aradan
götürüldükcə, onun sistem daxilində oynadığı rol daha çox ön plana
çıxır", - deyə Almaniyada yaşayan siyasi təhlilçi
Hüseyn Rəzzaq mövzunu şərh edir.
Məhəmməd Baqir Zülqədr: Təhlükəsizlik rəhbəri
Keçmiş SEPAH komandiri Məhəmməd Baqir Zülqədr Laricaninin yerinə
Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin olunub.
Laricani çevik və praqmatik siyasətçi kimi tanınırdısa, Zülqədr
sərt xətt tərəfdarı olan təhlükəsizlik və hərbi fiqur sayılır.
Rəzzaqın fikrincə, generalın bu posta gətirilməsi Xameneinin
hakimiyyət rıçaqlarını özünə sadiq adamlar arasında bölüşdürmək
cəhdidir. Bu təyinat həm də İranın bütün əsas idarəetmə və güc
strukturlarında SEPAH-ın dominantlığını növbəti dəfə nümayiş
etdirir.
Məsud Pezeşkian: Gücsüz prezident
İslahatçı prezident Məsud Pezeşkian ölkədə böyük siyasi çəkiyə
malik fiqur hesab olunmur. Sistemdə dominant mövqedə olan sərt xətt
tərəfdarları onu təhlükə kimi görmür.
Pezeşkianın rolu əsasən inzibati xarakter daşıyır – hökumətin
gündəlik fəaliyyətini idarə etməklə məşğuldur. Müharibə və
diplomatiya da daxil olmaqla, əsas qərarlar isə birbaşa olaraq ali
rəhbərlik və SEPAH mərkəzlərində verilir.
Pezeşkian xarici işlər naziri Abbas Əraqçi ilə birlikdə yeni
hakimiyyət strukturunda üzdə olan yeganə mötədil və islahatçı
siyasətçilərdir. Pezeşkian kimi, Əraqçinin də müstəqil qərarvermə
səlahiyyəti yoxdur – o, yuxarının təlimat və göstərişlərini icra
edir.
Bununla belə, ABŞ ilə pərdəarxası danışıqlarda hər hansı güzəştə
qarşı çıxan SEPAH generalları ilə Qərblə diplomatiya tərəfdarı olan
Pezeşkian- Əraqçi tandemi arasında fikir ayrılıqları artıq özünü
büruzə verməyə başlayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.