Gürcüstanın Patriarxı III Şio 17 may tarixində, Ailə Müqəddəsliyi
Günündə toplaşmış əhaliyə müraciət edib
və bəyan edib ki, əgər Gürcüstanda demoqrafik vəziyyət düzəlməsə,
Gürcüstanda “başqa xalqlar” çoxalacaq və gürcülərin sayını ötüb
keçəcək.
“Əgər demoqrafik vəziyyətimizi düzəltməsək, ailənin
möhkəmləndirilməsinə, xilas edilməsinə və qorunmasına diqqət
yetirməsək, uşaqları sevən, uşaqlarını tərk etməyən, dinini qoruyan
və buna görə də yaxşı çoxalan digər xalqların da cənnət kimi gözəl
və möhtəşəm ölkəmizdə məskunlaşması təhlükəsi ilə üzləşəcəyik.
Əlbəttə ki, Allah bizi qoruya bilər, amma belə davam etsək, bu
təhlükə realdır ki, onlar gürcülərdən çox olacaqlar”,
– III Şio bəyan edib.
Patriarxın bəyanatına etnik azlıq nümayəndəsi olan siyasətçilər,
mülki fəallar və hüquq müdafiəçiləri reaksiya veriblər. Onlar hesab
edirlər ki, patriarx tərəfindən edilmiş bəyanat xoşagəlməz və
ağrılıdır. III Şionun bəyanatı Gürcüstan vətəndaşı olan etnik
azlıqlara özlərini yenidən ikinci dərəcəli vətəndaş kimi hiss
etdirir.
Siyasətçi və mülki fəal Ceyhun Məhəmmədəli sosial şəbəkədə III
Şionun bəyanatına reaksiya verib və qeyd edib ki, demoqrafiyaya
qayğı vətəndaşları bölücü bəyanatlarla deyil, siyasi cəhətdən doğru
və insanları gücləndirməyə yönəlmiş qərarlarla mümkündür.
“Patriarxın bugünkü çıxışından sonra mən daha bir dəfə
özümü bu ölkədə ikinci dərəcəli hiss etdim və düşünürəm ki, sən
demə bu ölkədə təhlükəyəm və ölkədə başqa xalqlar içində hesab
olunuram və ölkə yalnız gürcülərindir. Demoqrafik problemlərə qayğı
belə bəyanatlarla olmur. Sevgi ilə, birliklə, həm özünün, həm də
başqasının dinlərinin sevgisi ilə və ölkənin iqtisadi
problemlərinin həlli ilə olur. Belə bəyanatlar ölkənin etnik
mənsubiyyəti və inancı ilə fərqlənən vətəndaşlarına qarşı çox böyük
risklər yaradır. Ölkədən camaat qaçır və iqtisadi problemlərə görə
camaatın uşaq saxlamaq qorxusu var. Əgər dövlət bu problemləri həll
edərsə, heç bir xristian gürcü bir və ya iki uşaqla kifayətlənməz,
buna 100% əminəm!” – Ceyhun qeyd edib.
“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının
rəhbəri Aqil Mustafayevin bəyanatına görə, Gürcüstanın Patriarxı
tərəfindən edilmiş bəyanat cəmiyyətdə soyuqluq, inciklik və
etibarsızlıq yarada bilər. Mustafayevin sözlərinə görə, Gürcüstanın
etnik azərbaycanlı vətəndaşları özlərini Gürcüstanın bir hissəsi
hesab edir və özlərini "əcnəbi" hesab etmirlər.
“Mən hər hansı bir millətin və ya dini icmanın inkişafını təhlükə
kimi təqdim edən fikirlərdən çox narahatam. Çünki biz bu ölkədə heç
vaxt özümüzü əcnəbi hesab etməmişik. Tarix boyu Gürcüstanın gücü
müxtəlif millətlər və dinlər arasında qarşılıqlı hörmət və
qardaşlıq şəraitində olub. Azərbaycanlılar, gürcülər, ermənilər,
müsəlmanlar, xristianlar, hamımız bu ölkənin vətəndaşlarıyıq və
hamımız onun sabitliyi, inkişafı və təhlükəsizliyi üçün çalışırıq.
Biz Gürcüstandakı hər bir vətəndaşın, hər bir ailənin güclü, sabit
və təhlükəsiz olmasını istəyirik. Bu ölkədə yaşayan hər bir insanın
rifahı bizim üçün eyni dərəcədə vacibdir. Cəmiyyətin inkişafı və
demoqrafik dəyişikliklər qorxu ilə deyil, düzgün sosial və iqtisadi
siyasətlə qiymətləndirilməlidir. Hər hansı bir millətin və ya
icmanın mövcudluğu və böyüməsi təhlükə yaratmır, əksinə, bu
dövlətin canlılığının, inkişafının və davamlı gücünün
göstəricisidir. Gürcüstanın əsl gücü onun müxtəlifliyini
qorxutmaqda deyil, bu müxtəlifliyi ədalət, hörmət və bərabərlik
prinsipləri əsasında birləşdirməkdədir”, – Aqil
Mustafayev yazıb.
Patriarx III Şionun bəyanatına hüquq müdafiəçisi Samirə Bayramova
da reaksiya verib. O, ölkədə doğum sayını azaldan iqtisadi və
sosial problemləri vurğulayır. Bayramovanın yazdığına görə, ölkədə
gürcü uşaqlar yaşamaq üçün mübarizə aparırlar və dərman tələb
edirlər. Hər il minlərlə insan yalnız ona görə ölür ki, tam tibbi
xidmət mövcud deyil, ayrıca hər il yüzlərlə insan qəzalarda ölür.
Bayramova ailələrin parçalanmasından da danışır və bəyan edir ki,
uşaqların əksəriyyəti anasız və ya atasız böyüyür, çünki
valideynlərə xaricə işləməyə getmək məcburiyyəti yaranır.
“Bizim ölkəmizdə insanların bir-birini etnik
mənsubiyyətinə görə ayırması çox ağrılıdır. Gürcüstanda istər
azərbaycanlı olsun, istər erməni, istər kist və ya digər etnik
qrupun nümayəndəsi – hamı bir ölkənin övladıdır, hamı Gürcüstan
vətəndaşıdır. Sən demə “kimlərsə çoxalır, gürcülər yox” – deyəndə,
bu yalnız səhv deyil, həmçinin də ayıbdır. Reallıq odur ki, demək
olar ki, bütün azlıqların ailəsində 2 uşaqdır, maksimum 3 və o da
çox vaxt yalnız o zaman, ki ailənin oğlan uşağı yoxdur, o zaman
olur. Bu, ümumi sosial və iqtisadi vəziyyətin nəticəsidir və hər
hansı bir etnosun “təqsiri” deyil. İkinci İlia məhz buna görə bütün
millətləri sevirdi ki, bu, bir-birimizi bölünmə ilə deyil, birliklə
necə görməli olduğumuzun nümunəsi idi”, – Samirə
Bayramova paylaşımda bildirib.
Patriarxın bəyanatına mülki fəal Naşir Orduxanov da reaksiya verib
və deyir ki, Gürcüstan patriarxından bənzər bəyanatların eşidilməsi
xoş deyildi.
“Gürcüstanın yeni seçilmiş patriarxının Gürcüstanda "başqa
millətlərin çoxalması" ilə bağlanan bəyanatına münasibət bildirmək
istəyirəm. Qeyd etmək istəyirəm ki, mən də sözdə "başqa millətin
nümayəndəsiyəm" və Gürcüstan patriarxından bənzər bəyanatın
eşidilməsi xoş deyildi. Biz əvvəlki patriarx cənab İkinci İlianın
vaxtında belə bəyanatlar eşitmirdik, əksinə, o, hər zaman
bərabərliyi və başqa millətlərə qarşı hörməti vurğulayırdı. Mən
düşünürəm ki, Gürcüstanda əsas problemi "başqa millətlərin
çoxalması" deyil, ölkədə vicdansız insanların, pedofillərin,
irqçilərin, faşistlərin, fırıldaqçıların, kriminalların və s.
çoxalması təşkil edir. Müvafiq olaraq biz, patriarx, imamlar,
cəmiyyət, hakimiyyət, möminlər və xalq hamımız birlikdə əl tutmalı
və hər şeyi etməliyik ki, bu ölkədə "konkret millətin
nümayəndələri" deyil, "vicdanlı insanların" sayı
çoxalsın”, – Naşir Orduxanov yazıb.
17 may Beynəlxalq Homofobiya və Transfobiyaya Qarşı Mübarizə
Günüdür. 2013-cü ildən Gürcüstan Pravoslav Kilsəsi 17 mayda Ailə
Müqəddəsliyi Gününü qeyd edir. Ailə Müqəddəsliyi Günündə xütbə
zamanı Gürcüstanın Patriarxı III Şio demoqrafik problemlərdən
danışıb. O, həmçinin bəyan edib ki,
“ailənin xilası
üçün, ailə dəyərlərinin qorunması üçün işləməli, çalışmalıyıq, elə
bir qanunvericiliyə malik olmalıyıq ki, hansı ki ailəni, bizim
xalqı zərərli gender nəzəriyyələrindən, ideologiyasından qoruyacaq.
Bu qanunvericilikdən imtina etməli deyilik, necə ki bəziləri bizə
çağırış edir, əksinə, bu istiqaməti, ailənin qorunması və
saxlanmasını gücləndirməli və
möhkəmləndirməliyik”.
Patriarxın bəyanatını qadın hüquq müdafiəçiləri də problemli kimi
qiymətləndirirlər. Onların sözlərinə görə, patriarxın bəyanatı
abortların qadağan edilməsinə aiddir, hansı ki, qadınların hüquqi
vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.