ABŞ Maliyyə Nazirliyi dəniz yolu ilə daşınan Rusiya neftinin
alınmasına icazə verən sanksiya möhlətinin müddətini daha 30 gün
artırıb.
Bu qərarın ilk növbədə enerji təhlükəsizliyi baxımından həssas
vəziyyətdə olan ölkələrə şamil edildiyi bildirilir.
ABŞ-nin maliyyə naziri Skot Bessent "X" sosial şəbəkəsindəki
hesabında məsələ ilə bağlı yazıb:
"Maliyyə Nazirliyi ən
həssas ölkələrin hazırda dənizdə olan Rusiya neftinə müvəqqəti
çıxışını təmin etmək məqsədilə 30 günlük ümumi lisenziya
verir".
Nazirin sözlərinə görə, bu addım həm də Çinin endirimli Rusiya
neftini alıb böyük həcmdə ehtiyat yığmasının qarşısını almağa
yönəlib.
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu şərhində
qeyd edib ki, bu qərar Vaşinqton və müttəfiqlərinin mürəkkəb bir
balansla üz-üzə qaldığını göstərir. Qərb bir tərəfdən Rusiyanın
Ukraynaya qarşı müharibəsinə görə iqtisadi təzyiqi davam etdirmək,
digər tərəfdən isə İranla artan gərginlik fonunda qlobal enerji
böhranının genişlənməsinin qarşısını almaq məcburiyyətindədir. ABŞ
və İsrailin İranla münaqişəsi regional tədarük zəncirində ciddi
pozuntulara səbəb olub; xüsusilə Fars körfəzi marşrutlarının
bağlanması enerji bazarlarını sarsıdır.
Sanksiya möhlətinin müddəti ötən həftəsonu başa çatmışdı. Prosesdən
xəbərdar olan mənbələr bir neçə inkişaf etməkdə olan ölkənin əlavə
vaxt tələb etdiyini və qərarın məhz bu səbəbdən yeniləndiyini
bildirirlər. Lakin həmin dövlətlərin adları açıqlanmır.
Güzəşt müddətinin uzadılmasına baxmayaraq, neft bazarlarında
qeyri-sabitlik qalmaqdadır. Mayın 18-də "Brent" markalı neftin
qiyməti təxminən 1.5 faiz artaraq barelə görə 111 dollar həddinə
yaxınlaşıb.
Bessentdən müttəfiqlərə İran çağırışı
S.Bessent G7 ölkələrinin maliyyə nazirlərinin Parisdə keçirilən
toplantısında tərəfdaşlarını Tehrana qarşı sanksiyaların icrasını
gücləndirməyə çağırıb. Paralel olaraq, Vaşinqtonun İran
sanksiyalarını məhdud şəkildə yumşaltmağı nəzərdən keçirdiyi barədə
də xəbərlər yayılır.
Bessent jurnalistlərə açıqlamasında deyib: "Biz G7 ölkələrini,
eləcə də bütün müttəfiqlərimizi sanksiya rejiminə ciddi riayət
etməyə çağırırıq. Bu yolla İranın hərbi maşınını maliyyələşdirən
qanunsuz pul axınlarının qarşısını ala və bu vəsaitlərin İran
xalqına qaytarılmasını təmin edə bilərik".
İranın yarırəsmi "Tasnim" agentliyinin məlumatına görə, Vaşinqton
Hörmüz boğazının yenidən açılması və mümkün sülh razılaşmasının
əldə olunması məqsədilə İran neftinə sanksiyaların müvəqqəti
yumşaldılmasını təklif edib.
Danışıqlara yaxın mənbələrə istinadən bildirilir ki, hər hansı
güzəşt yalnız yekun razılaşmadan sonra qüvvəyə minə bilər.
Vaşinqton hələlik "Tasnim"in bu xəbərinə rəsmi münasibət
bildirməyib.
Kiyev daha sərt sanksiyalar tələb edir
Rusiya neftinin idxalına ilk analoji möhlət cari ilin mart ayında
verilmişdi. Həmin vaxt ABŞ və İsrailin İrana zərbələrindən sonra
qlobal neft bazarında tədarük çatışmazlığı yaranmış, qiymətlər
kəskin yüksəlmişdi.
Bu addım qiymətləri əhəmiyyətli dərəcədə aşağı sala bilməsə də,
Hindistan kimi əsas alıcıların Rusiya xam neftini idxal etməyə
davam etməsinə şərait yaratdı. Bununla belə, ABŞ-nin Moskvanın
enerji sektoruna qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar hələ
də tam qüvvədədir.
Ukraynanın maliyyə naziri Sergiy Marçenko da G7 toplantısında çıxış
edərək müttəfiqləri Rusiyaya qarşı məhdudiyyətləri genişləndirməyə
çağırıb: "Rusiyaya təzyiqi artırmalı, əlavə və daha sərt
sanksiyalar tətbiq etməliyik".
Sanksiyalar üzrə bəzi ekspertlərin fikrincə, möhlətin davamlı
olaraq uzadılması enerji bazarındakı təzyiqlərin Qərbin Moskvanı
iqtisadi cəhətdən təcrid etmək cəhdlərini məhdudlaşdırdığını
göstərir.
"Obsidian Risk Advisors" şirkətinin eksperti Brett Erikson
AzadlıqRadiosuna məsələni belə şərh edib:
"Bu, sadəcə
qaçılmaz idi. Əgər belə bir presedent artıq yaranıbsa, bazarda
normallaşma baş verənədək müddətin növbəti dəfə uzadılması da
gözləniləndir".