Hökumət Administrasiyasında keçirilən brifinqdə İrakli
Kobaxidzedən soruşulub ki, əgər Patriarxlıq Duşenn əzələ
distrofiyasından əziyyət çəkən uşaqların ailələrinə yardım
göstərilməsi ilə bağlı hökumətə müraciət etsə, bu məsələni yenidən
nəzərdən keçirməyə hazırdırlarmı.
Bu gün saat 15:00-da Patriarx Şio III Duşen xəstəliyindən əziyyət
çəkən uşaqların ailələri ilə görüşüb.
Kobaxidze bildirib ki, kilsənin istənilən mövqeyi onlar üçün
önəmlidir, lakin hökumətin
bu gün bu məsələ ilə bağlı konkret
mövqeyi var.
Kobaxidzenin sözlərinə görə, dərmanların alınması üçün ayrılacaq
vəsait vergi ödəyicilərinin büdcəyə ödədiyi pullardan ayrılmalıdır
və hökumət xalqın pulunun rasional xərclənməsinə görə məsuliyyət
daşıyır.
“Haqqında danışılan məbləğ – istər 50 milyon olsun,
istər 60 milyon – bizim şəxsi cibimizdən verəcəyimiz pul deyil. Bu,
vergi ödəyicilərinin vəsaitidir, xalqın puludur. Bizim praqmatik
xərcləmə məsələsində ehtiyatlı olmağımızın yeganə səbəbi gürcü
xalqı qarşısında, vergi ödəyiciləri qarşısında daşıdığımız
məsuliyyətdir.
Bizim üçün ən asanı bu 50 milyon manatı götürüb xərcləmək olardı.
Bu, siyasi baxımdan bizim üçün ən sərfəli çıxış yolu olardı. Lakin
digər tərəfdə hökumətin, büdcəyə xalqın ödədiyi vəsaiti rasional
şəkildə xərcləmək öhdəliyi dayanır.
Söhbət kifayət qədər böyük məbləğdən gedir – təxminən 50 milyon,
hansı ki, hər il xərclənməlidir. Burada sadə bir sual verilməlidir:
bu vəsait rasional şəkildə xərclənə bilərmi və bu xərcləmə nəticə
verəcəkmi, yoxsa bu pulla sadəcə farmasevtik mafiyanı
zənginləşdirəcəyik? Bu suala cavab verilməlidir – həqiqət
haradadır?
Əgər əmin olsaq ki, bu böyük məbləğlə real və hiss olunan nəticə
əldə etmək mümkündür, onda başqa məsələdir. Amma əgər hiss etsək
ki, bu pul yalnız farmasevtik mafiyanın zənginləşməsinə xidmət edə
bilər, bu halda müvafiq qərarı qəbul etmək bizim üçün çətin
olacaq”, – deyə Kobaxidze bildirib.
Onun iddiasına görə, Gürcüstanda əvvəllər də hökumətin asan yolu
seçdiyi və milyonlarla vəsait xərclədiyi, lakin nəticə əldə
olunmadığı hallar olub.
“Gürcüstanda elə hallar olub ki, hakimiyyət asan çıxış
yolunu seçməyə çalışıb və illərlə buna xalqın milyonlarla pulu sərf
olunub, amma gözəçarpan nəticə əldə edilməyib.
Hansı sahədən danışdığımı konkretləşdirmək istəmirəm. Vaxtilə
hökumət xalqın və cəmiyyətin bir hissəsinin təzyiqi altında müəyyən
qərar qəbul etdi və on milyonlarla vəsait nəticə verməyən bir
istiqamətə xərcləndi.
Əgər hökumət bu yolla davam etsə, farmasevtik mafiyanın yeni-yeni
təşəbbüsləri ortaya çıxa bilər. Bu təşəbbüslər də yenə heç bir
nəticə vermədən yalnız farmasevtik mafiyanın zənginləşməsinə xidmət
edə bilər və nəticədə bu məbləğin illik həcmi hətta 1 milyard
lariyə qədər çata bilər. Əgər farmasevtik mafiya dövlətin və
hökumətin zəifliyini görsə, bu vəsaitin həcmi milyard lariyə qədər
yüksələ bilər.”
Kobaxidze vurğulayıb ki, bu, hökumət üzvlərinin şəxsi pulu
deyil:
“Bu bizim pulumuz deyil. Mən şəxsən bu vəsaiti verməklə heç nə
itirmirəm. Əksinə, sabah elan etsəm ki, bu və ya başqa məsələ üçün
50 milyon, 100 milyon ayırırıq, bu siyasi baxımdan mənə yalnız
əlavə xal qazandırardı. Amma hökumət xalqın büdcəyə ödədiyi vəsaiti
rasional şəkildə xərcləməlidir.
Təsəvvür edin, elə dərman var ki, qiyməti məsələn 3 milyon dollar,
başqa bir dərman isə 700 min dollardır. Halbuki bu dərmanların maya
dəyəri maksimum 300–700 dollardır. Siz təsəvvür edə bilərsinizmi,
burada hansı miqyasda mafiya fəaliyyət göstərir? Bu, adi mafiyadır.
Əsas odur ki, mafiyanın təşəbbüslərinə uymayaq və rasional qərarlar
qəbul edək.”
Bununla yanaşı, Kobaxidze bildirib ki, hökumət valideynlərin
vəziyyətini tam anlayır:
“Biz valideynlərin vəziyyətini tam şəkildə anlayırıq.
Onların mövqeyi tamamilə başadüşüləndir. Farmasevtik mafiyaya dair
bu riskləri nəzərə alaraq bəzi təşəbbüslər bizim üçün nə qədər
qəbuledilməz olsa da, hər halda valideynlərin vəziyyətini
anlamalıyıq.
Bu səbəbdən də nazirlikdə valideynlərlə məsləhətləşmələr aparılıb.
Məsləhətləşmələr bütün formatlarda davam etməlidir. Rasional
qərarlara görə məsuliyyət Səhiyyə Nazirliyinin üzərindədir. Biz
məsləhətləşmələrə, o cümlədən kilsə nümayəndələri ilə dialoqa
hazırıq”, – deyə Kobaxidze bildirib.
Valideynlərlə şəxsən görüşüb-görüşməyəcəyi ilə bağlı suala cavab
olaraq isə Kobaxidze deyib ki, Səhiyyə Nazirliyində ekspert
bilikləri mövcuddur və məsləhətləşmələrin orada davam etdirilməsi
daha məqsədəuyğundur.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.