Dünya Xəbərləri İcmalı
Dünya Xəbərləri İcmalı

Moskva İrəvana Avropa İttifaqı ilə yaxınlaşma barədə xəbərdarlıq edir: Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistanın Qərblə əlaqələri dərinləşdirmək istiqamətindəki addımları Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə ziddir və sistemli dəyişiklik riskləri daşıyır. Qaluzinin sözlərinə görə, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyinin, həm də Avropa İttifaqının üzvü ola bilməz. Xatırladaq ki, Nikol
Paşinyanın baş nazirliyi dövründə İrəvan Moskvadan uzaqlaşma və Qərblə inteqrasiya xəttini seçib, cari ilin mayın 5-də isə Ermənistan və Avropa İttifaqının ilk sammiti keçirilib.

ABŞ-da Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı ittiham irəli sürülüb: Tramp administrasiyasının Ədliyyə Departamenti Kubanın keçmiş prezidenti, 94 yaşlı Raul Kastroya qarşı cinayət işi qaldırıb. Prezident Donald Tramp bu qərarı alqışlayıb və Kubada kommunist rejiminin dəyişdirilməsini tələb edib, lakin bu mərhələdə hərbi eskalasiyaya ehtiyac görmədiyini bildirib. Kubanın hazırkı prezidenti Migel Dias-Kanel ABŞ tərəfindən hər hansı hərbi müdaxilənin qan tökülməsinə səbəb olacağını, xarici işlər naziri Bruno Rodriqes isə embarqo və sanksiyalara baxmayaraq Kubanın sosialist inkişaf yolunu davam etdirəcəyini bəyan edib.

İsrail naziri İtamar Ben-Qvirin paylaşdığı video beynəlxalq etiraza səbəb olub: İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir sosial şəbəkədə yüzlərlə xarici hüquq müdafiəçisi və "Qəzza Donanması" fəallarının əlləri qandallı və yerdə uzadılmış vəziyyətdə əks olunduğu kadrlar paylaşıb. Video Fransa, İspaniya, İtaliya, Almaniya və Türkiyə daxil olmaqla beynəlxalq birliyin kəskin tənqidinə səbəb olub və tərəflər öz vətəndaşlarının dərhal azad edilməsini tələb ediblər. Nazirin bu hərəkəti İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən də tənqid edilib və bu davranışın ölkə normalarına uyğun olmadığı bildirilib. Xatırladaq ki, Qəzzanın blokadasını yarmağa çalışan 50 gəmidən ibarət beynəlxalq humanitar donanma İsrail hərbi dəniz qüvvələri tərəfindən saxlanılıb.

Britaniya radiosu Kral III Çarlzın ölümünü yanlış elan etdiyinə görə üzr istəyib: "Radio Caroline" radiostansiyası kompüter xətası səbəbindən efirdə Kral III Çarlzın vəfatı barədə yanlış məlumatın verilməsinə görə rəsmən üzr istəyib. Stansiyanın meneceri Piter Murun sözlərinə görə, texniki nasazlıq nəticəsində Britaniya mediasında monarxın mümkün ölümü halı üçün əvvəlcədən hazırlanmış material avtomatik olaraq yayımlanıb. Hadisə baş verən zaman Kral Çarlz və Kraliça Kamilla Şimali İrlandiyada rəsmi səfərdə olublar.

Rusiya qırıcıları Britaniya kəşfiyyat təyyarəsinin qarşısını təhlükəli şəkildə kəsib: Britaniya Müdafiə Nazirliyinin bəyanatına görə, ötən ay Qara dəniz üzərindəki beynəlxalq hava məkanında iki Rusiya qırıcısı (Su-35 və Su-27) Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus silahsız kəşfiyyat təyyarəsinin qarşısını təhlükəli manevrlə kəsib. Müdafiə naziri Con Hili Rusiya pilotlarının bu davranışını qəbuledilməz adlandırıb və bu cür hərəkətlərin hava məkanında ciddi qəza riski yaratdığını vurğulayıb.

İran ABŞ-ı "regiondan kənar müharibə" ilə hədələyir, Tramp danışıqlardan bəhs edir: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ tərəfindən növbəti hava zərbələri endiriləcəyi təqdirdə hərbi əməliyyatlar Yaxın Şərq regionunun hüdudlarından kənara çıxacaq. Bu hədə ABŞ Prezidenti Donald Trampın yeni bombardman əmri verməyə yaxın olduğu, lakin diplomatiyaya şans vermək üçün prosesi təxirə saldığı barədə bəyanatından sonra səslənib. Trampın sözlərinə görə, İranla nüvə silahı barədə danışıqlar yekun mərhələdədir və Tehran şərtləri qəbul etməsə, hərbi əməliyyatlar bərpa olunacaq. Paralel olaraq, Hörmüz boğazında naviqasiya qismən bərpa edilib və ötən həftə oradan aralarında Çin və Cənubi Koreya tankerləri də olmaqla 54 gəmi keçib.

Si Cinpin və Putin ABŞ-ın nüvə siyasətini qınadı, lakin qaz müqaviləsi əldə olunmadı: Pekində keçirilən sammitdə Çin və Rusiya liderləri birgə bəyanatla ABŞ-ın raketdən müdafiə sistemi ("Qızıl Qübbə") yaratmaq planını qınayıb və Vaşinqtonu nüvə arsenalının məhdudlaşdırılması müqaviləsinin müddətini uzatmamaqda ittiham ediblər. Təhlükəsizlik məsələlərində mövqelərin yaxınlığına baxmayaraq, tərəflər Moskvaya Çinə təbii qaz tədarükünü ikiqat artırmağa imkan verəcək yeni qaz kəmərinin tikintisinə dair razılıq əldə edə bilməyiblər.
Print Email
FaceBook Twitter Google