ABŞ biznesi Azərbaycanda 8 milyard dollarlıq sazişlər bağladı
"Azərbaycan və ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması iqtisadi münasibətlərdə yeni mərhələnin əsasını qoyur". AZƏRTAC-ın məlumatına görə, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də keçirilən ilk Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.

ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr isə bildirib ki, Vaşinqton Azərbaycanın rəqəmsal
infrastrukturunun inkişafı və təhlükəsizliyinin gücləndirilməsi məqsədilə süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. O qeyd edib ki, tərəflər iqtisadi dialoq çərçivəsində regional bağlantılar, ticarət, tranzit, investisiyalar, enerji və rəqəmsal inkişaf məsələlərini ətraflı müzakirə ediblər: "Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik".

ABŞ rəsmisi həmçinin vurğulayıb ki, Vaşinqton Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində və ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaların artırılmasında maraqlıdır: "Bu həftə ABŞ şirkətləri 8 milyard dollardan çox həcmdə sazişlər imzalayıb. Bu razılaşmalar təkcə enerji sektorunu deyil, həm də investisiya fondlarının, o cümlədən "Apollo" kimi qurumların Azərbaycanın enerji sektoruna cəlb olunmasını əhatə edir".

K.Orr əlavə edib ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən "Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) çərçivəsində yeni infrastruktur dəhlizinin formalaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin dəhliz multimodal xarakter daşıyaraq yalnız sərnişindaşımaları deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını təmin edəcək.

1 iyun
Bakıda 7.5 milyard dollarlıq müqavilələr imzalanıb


Bakı Enerji Həftəsi, həmçinin 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu zamanı İqtisadiyyat Nazirliyi ilə SOCAR ABŞ, Türkiyə, Serbiya, San-Marino, Fransa qurumları ilə investisiya, enerji, rəqəmsal texnologiyalara dair sazişlər və anlaşma memorandumları imzalayıb.

AZƏRTAC xəbər verir ki, imzalanan müqavilələrin ümumi maliyyə dəyəri 7.5 milyard ABŞ dolları təşkil edir.

Sənədlər arasında Azərbaycan və ABŞ arasında imzalanan "Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi" üzrə çərçivə sazişi də yer alıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzalayıblar.

İmzalanan digər sənədlərin böyük qismi SOCAR-ın xarici tərəfdaşları ilə birgə layihələrini əhatə edir.

Daha sonra M.Cabbarov və K.Orr 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolunu imzalayıblar.

Kaleb Orr və İlham Əliyev

Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev iyunun 1-də ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əliyev ABŞ prezidenti Donald Trampın Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlamasını məmnunluqla vurğulayaraq Vaşinqtonun bu addımının yüksək qiymətləndirildiyini bildirib.

Son dövrlərdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən dövlət başçısı Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini diqqətə çatdırıb.

İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi işə başlayıb. Tədbirin rəsmi açılış mərasimində D.Trampın təbrik məktubu oxunub. Ağ ev rəhbəri məktubunda Birləşmiş Ştatların Azərbaycanın neft-qaz sənayesinin ən böyük tərəfdarlarından biri olduğunu vurğulayıb: "Mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaq".

Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
İyunun 2-də Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentidir. Dialoq ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun keçirilməlidir. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb.

Tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir. Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.


Bu il fevralın 10-da "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan prezidenti İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms Devid Vens imzalayıb. Orada iki ölkənin kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaq istiqamətində əməkdaşlıq etmək niyyəti ifadə olunub. Həmçinin iqtisadi sərmayələr, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastrukturdan bəhs edilir. Sənəddə daha sonra təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri yer alır.

Xatırlatma
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdı. Xartiya həmin işçi qrupun görüş və müzakirələri nəticəsində ərsəyə gəlib.

Ötən ilin avqustunda Vaşinqtonda habelə prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandırmaları bəyan edilib. Orada habelə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə də bağlı razılıq əldə edilib. TRIPP Ermənistandan keçməklə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google