Avropa İttifaqı (Aİ) iyunun 2-də Ermənistan hökumətinə Rusiyanın
artan iqtisadi təzyiqi ilə bağlı daha çox yardım vəd edib.
Yerevanın Aİ-yə üzvlük istəyinə cavab olaraq, xüsusilə iyunun 7-də
keçiriləcək parlament seçkiləri ərəfəsində Moskva təzyiqləri
gücləndirib və Ermənistandan idxalı əsasən qadağan edib.
Bu vəziyyətdə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb.
Ermənistan
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər
Aİ-Ermənistan ticarətini artırmaq üçün xüsusi mexanizmləri də
müzakirə ediblər. Kos Rusiyanın artan iqtisadi təzyiqi qarşısında
Aİ-nin Ermənistanla həmrəyliyini bir daha vurğulayıb.
Komissar sosial şəbəkə X-də yazıb:
"Biz qısa müddətdə
Aİ-nin Ermənistana dəstəyini artırmağın yollarını axtarırıq.
Həmçinin Cənubi Qafqazla və region daxilində ticarət, eləcə də
enerji əlaqələrini gücləndirmək, Ermənistanın yaxın qonşuluğu ilə
iqtisadi əlaqələrini dəstəkləmək üçün işimizi
sürətləndirəcəyik".
Azadlıq Radiosunun erməni xidmətinin xatırlatdığına görə, Aİ-nin
iki yüksək vəzifəli rəsmisi – Antoniu Koşta və Ursula fon der
Lyayen mayın 5-də Yerevanda keçirilən Avropa Siyasi Birliyi
sammitindən bir gün sonra baş nazir Nikol Paşinyanla görüşdə
Ermənistana əlavə iqtisadi yardım vəd etməmişdilər. Moskva bu
toplantılara qəzəblə reaksiya verərək Paşinyan hökumətini Rusiya
əleyhinə Aİ-nin tərəfini tutmaqda ittiham etmişdi.
Rusiyanın qadağaları
Rusiya prezidenti Vladimir Putin mayın 9-da bildirib ki, Yerevan
mümkün qədər tez seçim etməlidir: ya Aİ üzvlüyünə doğru
irəliləməli, ya da Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi
İttifaqında (Aİİ) qalmalıdır. Sonuncu blok Ermənistan
ixracatçılarının Rusiya bazarına gömrük rüsumları olmadan çıxışını
təmin edir. Bu bəyanatdan təxminən iki həftə sonra Rusiya
hakimiyyəti Ermənistandan kənd təsərrüfatı məhsullarının, mineral
suların və spirtli içkilərin idxalını qadağan etməyə başlayıb.
Ötən il Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı
35.8 faiz, Aİ-nin payı isə 11.7 faiz təşkil edib. Rusiyanın
embarqosu bir çox erməni fermerlərinə, aqrobiznes firmalarına və
spirtli içki istehsalçılarına xüsusilə ağır zərbə vura bilər.
Baş nazir N.Paşinyan iyunun 2-də keçirilən seçki mitinqində
istehsalçıları sakitləşdirməyə çalışıb. O, hökumətin artıq Avropada
onlar üçün yeni ixrac bazarları tapdığını bildirsə də, detallar
barədə danışmayıb.
Seçkilərdə iştirak edən üç əsas müxalifət qrupundan birinin lideri,
keçmiş prezident Robert Koçaryan Paşinyanın vədlərini rədd edib:
"Avropalı fermerlər heç kimi öz bazarlarına buraxmırlar. Rusiya isə
Ermənistanın Avropa İttifaqına gedən yolunu maliyyələşdirməyə hazır
olmadığını nümayiş etdirir".
Aİ-dən Yerevana güzəştli ticarət şərtləri gözlənilir
AzadlıqRadiosu Brüsseldəki mənbələrinə istinadən xəbər verir ki,
Avropa Komissiyasının prezidenti fon der Lyayen və Paşinyan bu gün
– iyunun 3-də Aİ-nin Ermənistana dəstəyini müzakirə etmək üçün
telefonla danışacaqlar. Məlumata görə, Aİ Yerevana maliyyə yardımı
göstərməyə hazırlaşır, lakin onun dəqiq məbləği hələ müəyyən
edilməyib.
Eyni mənbələrin bildirdiyinə görə, maliyyə yardımından əlavə,
Brüssel Ermənistan üçün ticarət sektorunda güzəştli şərtlər
yaratmaq niyyətindədir. Söhbət Muxtar Ticarət Tədbirlərindən (MTT)
gedir. Bu rejim Ermənistandan bəzi məhsulların Avropa bazarına
gömrük rüsumları və kvotalar olmadan daxil olmasını nəzərdə
tutur.
Belə bir rejim Rusiyanın genişmiqyaslı işğalından aylar sonra,
2022-ci ilin iyununda Ukraynaya münasibətdə tətbiq edilib. Moldova
isə 2008-ci ildən Muxtar Ticarət Tədbirlərindən istifadə edir.
2014-cü ildə Rusiya Moldova şərablarının, meyvələrinin və ət
məhsullarının idxalını qadağan edəndə Aİ bu imtiyazları daha da
genişləndirmişdi.
Ermənistan hökuməti illər əvvəl Brüssel ilə bu güzəştli rejimlə
bağlı danışıqlara başlayıb. Ölkənin iqtisadiyyat naziri Gevorq
Papoyan 2024-cü ildə bildirmişdi ki, "müzakirələr asan getmir".
İndi isə Avropa Komissiyasının bu istiqamətdə konkret addım atmağı
planlaşdırdığı bildirilir.
“Azatutyun” qeyd edir ki, Muxtar Ticarət Tədbirlərinin tətbiqi
təsdiqlənərsə, Avropa standartlarına cavab verən erməni məhsulları
450 milyon istehlakçısı olan Aİ bazarına birbaşa daxil ola
biləcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.