2022-ci ildə Tacikistanın cənubundakı Boxtar şəhərində yeni
rusdilli məktəb açılanda minlərlə sakin övladlarını ora yazdırmağa
tələsib.
Həmin il Tacikistanda Rusiyanın maliyyə dəstəyi ilə beş belə məktəb
fəaliyyətə başlamışdı.
Boxtardakı məktəb XVIII əsr rus alimi Mixail Lomonosovun adını
daşıyır və Rusiyanın 150 milyon dollarlıq dövlət layihəsinin bir
hissəsidir. Amma bu qapalı təhsil müəssisəsi ərazidəki digər
binalardan kəskin fərqlənir.
Müasir üçmərtəbəli binanı gecə-gündüz
xüsusi formalı mühafizəçilər qoruyur, qarşısında isə Rusiya və
Tacikistan bayraqları dalğalanır.
Moskvanın Tacikistanda və ümumilikdə Orta Asiyada məktəbləri
maliyyələşdirməsi regionda uzunmüddətli təsirini qorumaq cəhdi kimi
qiymətləndirilir. Çünki bu bölgəyə eyni zamanda Çin nüfuz edir,
Qərbin də buraya marağı getdikcə artır.
Boxtardakı rusdilli məktəbdə mindən çox şagird təhsil alır.
Tikintidə çalışan Muxtorun böyük qızı da onların arasındadır.
42-yaşlı Muxtor oğlunu da bu məktəbə yazdırmaq istədiyini və
siyasətlə maraqlanmadığını deyir:
"Mənim üçün əsas
məsələ uşaqlarımın gələcəyidir. Bu məktəb Rusiyadakı
universitetlərə və orada daha yaxşı iş imkanlarına yol aça
bilər".
2022-ci ildə Tacikistanda açılan beş rusdilli məktəbdə təxminən 6
min şagird təhsil alır. Bu məktəblər Rusiya təhsil standartları ilə
işləyir və tədris əsasən rus dilində aparılır. Təhsil proqramı,
mərasimlər və rəmzlərdə Rusiyanın dili ilə mədəniyyəti əsas yer
tutur.
"Uzunmüddətli təsiri təmin etmək"
AzadlıqRadiosunun müxbiri Farangiz Nəcibullah yazır ki, Moskva Orta
Asiyada rusdilli təhsili genişləndirmək üçün yüz milyonlarla dollar
xərcləyir, yeni məktəblər tikir, universitetləri maliyyələşdirir və
mədəniyyət mərkəzləri açır. Bu arada region ölkələri milli dilləri
təşviq edir, gənclər isə ikinci dil kimi getdikcə daha çox ingilis
və ya çin dilinə üstünlük verirlər.
Buna baxmayaraq, Rusiyada işləmək imkanları və ali təhsil
perspektivlərinə görə rusdilli təhsilə tələbat hələ də yüksəkdir.
Rus dili regionda dövlət idarəçiliyi və biznes sahələrində geniş
istifadə olunur.
"Moskva yeni məktəblər vasitəsilə növbəti nəsli
hədəfləyir və regionda uzunmüddətli təsirini təmin etməyə
çalışır", – bunu Tacikistanda fəaliyyət göstərən bir
siyasi analitik deyir. Onun sözlərinə görə, gənc ortaasiyalılar
sovet dövrünü xatırlamır, Qərb və Çin təsirlərinə daha çox məruz
qalırlar.
Hər ölkəyə fərqli yanaşma
Rusiya Orta Asiyada onlarla təhsil layihəsini maliyyələşdirir. Ən
iri layihələrdən biri Bişkekdə yerləşən Qırğızıstan-Rusiya Slavyan
Universitetinin 200 milyon dollarlıq yeni kampusudur. Moskva
Qırğızıstanda bir neçə yeni rusdilli orta məktəb tikməyi də vəd
edib.
Qazaxıstanda rus dili qazax dili ilə yanaşı rəsmi statusunu
saxlayıb. Burada Moskvanın diqqəti daha çox ali təhsil və peşə
hazırlığına yönəlib. Vladimir Putin mayın 28-də bildirib ki,
hazırda 60 minə yaxın qazaxıstanlı tələbə Rusiyada təhsil alır və
Rusiyanın səkkiz aparıcı ali məktəbinin Qazaxıstanda filialı
fəaliyyət göstərir.
Özbəkistanda hökumətin özbək dilini əsas tədris dili kimi təşviq
etməsinə baxmayaraq, rusdilli təhsil ali təhsil və texniki
sahələrdə populyarlığını qoruyur. Türkmənistanda isə xarici təhsil
təşəbbüsləri ciddi nəzarət altında olsa da, Rusiya ilə təhsil
əlaqələri davam edir.
Dil və milli kimlik
Rusiyanın təhsilə yatırımları Orta Asiya ölkələrinin milli dil və
kimlik siyasətlərini gücləndirdiyi dövrə təsadüf edir. Bu proses
Sovet İttifaqının dağılmasından sonra başlasa da, son illərdə daha
da sürətlənib.
Dil və milli kimlik məsələləri vaxtaşırı mübahisələrə səbəb olur.
Qırğızıstanda Bişkekin sovet dövründən qalan rayon adlarının
dəyişdirilməsi müzakirə ediləndə rusiyalı siyasətçilər və şərhçilər
bunu ortaq tarixin silinməsi, rusdillilərə qarşı ayrıseçkilik
adlandırıblar. Rusiya rəsmiləri Qırğızıstanda rus dilinin ictimai
həyatda rolunun azaldılması ilə bağlı müzakirələrə də sərt reaksiya
veriblər. Rus dili bu ölkədə də rəsmi statusunu qoruyur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.