Qızılhacılı əhalisinə təbii qazın verilişi bərpa olunacaq — SEMEK
“Mamed” şirkətinə xüsusi idarəçi təyin etməyi planlaşdırır
Marneuli bələdiyyəsinin Qızılhacılı kənd əhalisi üçün təbii qaz
təchizatının bərpasına bu gündən başlanılacaq.
Bu barədə Gürcüstan Milli Energetika və Su Təchizatı Tənzimləmə
Komissiyası (SEMEK) məlumat yayıb.
Əhalinin maraqlarının qorunması və fasiləsiz qaz təchizatının təmin
edilməsi məqsədilə SEMEK, kəndə təbii qazın verilişinin bərpa
olunması üçün “SOCAR Gas Export-Import” MMC-yə rəsmi şəkildə
məktubla müraciət edib.
“Marneuli bələdiyyəsinin Qızılhacılı kənd əhalisinin maraqlarının
qorunması və fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə
SEMEK, “SOCAR Gas Export-Import” MMC-yə müraciət edib və
kəndə
təbii qazın verilişi bu gündən etibarən bərpa olunacaq. Komissiya
həmçinin, gələcəkdə əhalinin təbii qazla fasiləsiz və etibarlı
təminatını reallaşdırmaq üçün “Mamed” MMC-yə xüsusi idarəçinin
təyin edilməsi məsələsinə baxır”, — deyə SEMEK-dən bildiriblər.
SEMEK-dən verilən izahata görə, iyunun 9-da Qızılhacılı kənd
əhalisinə təbii qazın verilişi qazpaylayıcı şirkət olan “MamedGaz”
MMC-nin özbaşına və qanunsuz hərəkətləri səbəbindən dayandırılıb.
“MamedGaz” şirkəti Qızılhacılıda qazın paylanmasını həyata keçirən
lisenziyalı təbii qaz şirkətidir.
Komissiyanın məlumatına görə, şirkət aylarla qanunvericiliklə
nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyib və istehlakçılara
verilən təbii qazın dəyərini “SOCAR Gas Export-Import” MMC-yə
ödəməyib. Nəticədə şirkətin 600 min laridən çox borcu yaranıb.
Şirkətə təbii qazın verilişi məhz qeyd olunan bu borca görə
dayandırılıb.
SEMEK-in bəyanatında qeyd olunur ki, Qızılhacılı kənd əhalisinin
uzunmüddətli perspektivdə təbii qazla fasiləsiz və etibarlı
təminatını zəmanət altına almaq üçün növbəti açıq iclasda
“MamedGaz” MMC-yə xüsusi idarəçinin təyin edilməsi məsələsi
müzakirə olunacaq.