Xarici İşlər Nazirliyi Brüsseldə keçirilən görüşlə bağlı bəyanat yayıb
İyunun 11-də Avropa Komissiyasının nümayəndələri Gürcüstan nümayəndə heyəti ilə vizalarla bağlı dərinləşdirilmiş dialoq aparmaq üçün görüş keçiriblər.

Görüşdən sonra Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatını İctimai Yayımçı yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Avropa Komissiyasının bu qərarı Gürcüstandakı vəziyyəti “qərəzli şəkildə qiymətləndirən” hesabata əsaslanır və bu da özlüyündə “müvafiq və obyektiv nəticələr çıxarmağa imkan vermir”.

“Viza dialoqu çərçivəsində
Avropa İttifaqı tərəfindən vizasız rejimin dayandırılması mexanizminin işə salınması üçün göstərilən səbəblər, Avropa Komissiyasının təqdim etdiyi tövsiyələr və Gürcüstan tərəfindən onların icrası istiqamətində görülmüş və davam edən tədbirlər müzakirə olunub.

Vurğulanıb ki, Gürcüstan Konstitusiyası və qüvvədə olan qanunvericilik vətəndaşların əsas hüquq və azadlıqlarının, o cümlədən ifadə, toplaşma və nümayiş, birləşmək, şəxsi həyatın toxunulmazlığı və bərabərlik hüquqlarının qorunmasını təmin edir.

Qeyd olunub ki, ölkədə insan hüquqlarının müdafiəsi üzrə səmərəli milli mexanizmlər fəaliyyət göstərir və müvafiq institutların gücləndirilməsi prosesi davam edir.

Həmçinin bildirilib ki, ölkədə dinc toplaşmaq və nümayiş keçirmək hüququnun təmin edilməsinin sübutu kimi siyasi partiyalar və vətəndaş fəalları tərəfindən uzun müddətdir mütəmadi şəkildə təşkil olunan etiraz aksiyalarını göstərmək olar.

Qeyd edilib ki, 2024-cü ildə keçirilən aksiyaların zorakı xarakter daşımasına, dövlət institutlarına və hüquq-mühafizə orqanlarına hücumların baş verməsinə baxmayaraq, dövlət qulluqçularının və hüquq-mühafizə əməkdaşlarının səlahiyyət həddini aşması, səlahiyyətlərdən sui-istifadə etməsi və digər pozuntuların araşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Vurğulanıb ki, 2024-cü ildə zorakı etiraz aksiyalarının dağıdılması əməliyyatı zamanı hüquq-mühafizə əməkdaşlarının səlahiyyət həddini aşması və bir epizod üzrə jurnalistin peşə fəaliyyətinə mane olunması ittihamı ilə hazırda 5 nəfər saxlanılıb və onların barəsində məhkəmə prosesi davam edir.

Həmçinin qeyd olunub ki, seçilmiş qanunverici orqan tərəfindən qəbul edilmiş qanunların ləğv olunması tələbi əsassızdır. Bildirilib ki, həmin qanunlar Gürcüstanın milli və ictimai maraqlarından irəli gələrək qəbul olunub və Gürcüstanın tərəfdar çıxdığı heç bir beynəlxalq konvensiya və ya sazişə zidd deyil.

Bununla yanaşı, vurğulanıb ki, Gürcüstan Konstitusiyası və qanunvericiliyi ayrı-seçkiliyə qarşı mübarizə üçün effektiv mexanizmlər yaradıb.

Görüş zamanı miqrasiyanın idarə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və readmissiya sahəsində Gürcüstanın əldə etdiyi irəliləyiş də müzakirə olunub.

Qeyd edilib ki, Gürcüstan Avropa İttifaqına üzv dövlətlər və müvafiq qurumlarla fəal əməkdaşlıq edir. Korrupsiyaya qarşı mübarizə, aktivlərin axtarışı idarəsinin yaradılması, yeni antikorrupsiya strategiyasının hazırlanması və Dövlət Audit Xidmətinin institusional imkanlarının gücləndirilməsi də vurğulanıb.

İşçi qrup qeyd edib ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesinin davamlılığını təmin etmək məqsədilə praktiki məsələlər üzərində işi davam etdirir. Bununla yanaşı, bu məsələnin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Gürcüstan tərəfi qarşılıqlı hörmətə, bərabərliyə və ortaq maraqlara əsaslanan konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb”,
– Xarici İşlər Nazirliyində bildiriblər.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin açıqlamasına görə, bu, Aİ-nin viza qaydaları ilə müəyyən edilmiş standart prosedurdur və vizasız rejimin dayandırılması mexanizmi işə salındıqda tətbiq olunur.

Bu proses 2026-cı ilin mart ayında qəbul edilmiş qərardan sonra başlayıb. Həmin qərara əsasən, üzv dövlətlərin razılığından sonra Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız gediş-gəliş ilkin mərhələdə 12 ay müddətinə dayandırılıb.

“Gürcü Arzusu” nə deyir və Avropa İttifaqı nə tələb edir?

İyunun 10-da parlamentin sədri Şalva Papuaşvili hökumətyönlü “İmedi” televiziyasının efirində iyunun 11-də keçiriləcək görüş və vizasız rejimin mümkün dayandırılması barədə danışarkən Avropa İttifaqını yenidən tənqid edib:

“Əslində sabah texniki görüşdə bu barədə danışılacaq – niyə Çinlə, Azərbaycanla, Ermənistanla və Avropa İttifaqının vizasız rejimi olmayan digər ölkələrlə vizasız gediş-gəlişiniz var? Nə etməliyik, özümüzü bağlamalıyıq? İkinci məsələ – niyə sizin sanksiya siyasətiniz Avropa İttifaqının siyasəti ilə uyğunlaşdırılmayıb? Rusiyaya sanksiyalar tətbiq edin, ölkənizi dağıdın, xalqınızı məhv edin, əgər vizasız rejim istəyirsinizsə”, – Papuaşvili deyib.

Avropa Komissiyası isə bildirir ki, Gürcüstanın viza siyasəti Avropa İttifaqının siyasətindən əhəmiyyətli dərəcədə fərqlənir və harmonizasiya zəruridir.

Dekabrın 19-da dərc olunmuş viza liberallaşdırılması üzrə sonuncu – yeddinci hesabatda qeyd olunur ki, Gürcüstan Avropa İttifaqına giriş üçün viza tələb olunan ölkələrlə 26 vizasız rejim sazişi bağlayıb. Gürcüstan 2022-ci ildən bəri bu sahədə əlavə harmonizasiya istiqamətində heç bir addım atmayıb. Əksinə, 2024-cü ildə Çin vətəndaşlarına vizasız giriş hüququ verib.

Avropa Komissiyası həmçinin qeyd edir ki, Gürcüstan Avropa İttifaqı qanunvericiliyindən əhəmiyyətli dərəcədə fərqlənən viza siyasətini davam etdirir. Belə ki, həm Avropa İttifaqına, həm də Gürcüstana daxil olmaq üçün viza tələb olunan 17 ölkənin vətəndaşlarına yalnız Fars Körfəzi Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrdən biri tərəfindən verilmiş viza və ya yaşayış icazəsi əsasında Gürcüstana giriş imkanı yaradır.

Hesabatda Hindistandan, eləcə də Asiya və Yaxın Şərqin digər ölkələrindən Gürcüstana əhəmiyyətli miqrant axınının Avropa İttifaqına potensial qeyri-qanuni miqrasiya baxımından narahatlıq doğurduğu da qeyd olunur.

Yəni Avropa Komissiyasının fikrincə, Gürcüstan Avropa İttifaqının yüksək risk qrupu hesab etdiyi ölkələrlə vizasız rejim tətbiq etdiyinə və həmin şəxslərin axınına kifayət qədər nəzarət etmədiyinə görə, bu insanların Gürcüstan pasportu əldə etməklə və ya ölkə ərazisindən tranzit keçməklə Şengen zonasına daxil olmağa çalışa biləcəyi riski yaranır.

Problemlərdən biri kimi Gürcüstandan Avropa ölkələrinə təqdim edilən əsassız sığınacaq müraciətlərinin çoxluğu da göstərilir.

Bundan əlavə, Avropa Komissiyasının hesabatında Rusiyanın təsiri də risk amili kimi qeyd olunur.

“Həmçinin Gürcüstandakı Rusiya mövcudluğunun xarici təsir əməliyyatları üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar artır”, – hesabatda bildirilir.

Avropa Komissiyasının fikrincə, bütün bunlar korrupsiyaya qarşı mübarizə sahəsində islahatlardan geri çəkilmə, eləcə də bir sıra repressiv qanunların – o cümlədən “Rusiya qanunu”, “ailə dəyərləri haqqında qanun”, qrantlarla bağlı qanun, FARA və digər qanunların qəbulu ilə birlikdə vizasız rejimin əsas şərtlərini pozur.

Papuaşvilinin Rusiyaya sanksiyalar tətbiq olunması ilə bağlı dediklərinə gəlincə, vizasız rejimin dayandırılması mexanizminin hüquqi əsaslarında başqa dövlətə qarşı ikitərəfli sanksiyaların tətbiq edilməsi barədə heç bir tələb yoxdur.

Avropa İttifaqının xarici siyasətinə uyğunlaşma məsələsi üzvlüklə bağlıdır, vizasız rejimlə deyil. Bundan başqa, Avropa İttifaqı Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi də tələb etməyib.

Aİ ümumilikdə tələb edir ki, Gürcüstan ərazisi Rusiyaya qarşı tətbiq olunan Avropa sanksiyalarından yayınmaq üçün istifadə olunmasın.

Eyni zamanda, Avropa Komissiyası namizəd ölkə kimi Gürcüstana Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) ilə uyğunluğu mərhələli şəkildə artırmağı tövsiyə edir.

Bu isə aşağıdakıları nəzərdə tutur:
  • Beynəlxalq münaqişələr, insan hüquqları, sanksiyalar və digər məsələlər üzrə Aİ-nin xarici siyasət bəyanatlarına qoşulmaq;
  • Aİ Şurasının xarici siyasətlə bağlı qərarlarını dəstəkləmək;
  • Aİ-nin sanksiya siyasəti ilə daha yüksək səviyyədə uyğunlaşmaq;
  • Beynəlxalq təşkilatlarda səsvermə zamanı Aİ-nin mövqeləri ilə daha tez-tez uzlaşmaq;
  • Təhlükəsizlik, müdafiə və böhranların idarə olunması sahələrində Aİ ilə əməkdaşlığı dərinləşdirmək.
Lakin bunlar Avropa İttifaqına üzvlük yolunda ümumi siyasi meyarlardır və hüquqi ultimatum hesab edilmir, xüsusilə də vizasız rejim məsələsində.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google