Tramp və Qalibaf virtual saziş imzaladılar – Hörmüzdən keçid 60 gün ödənişsiz olacaq
ABŞ və İran üç aydır davam edən müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq məqsədilə çərçivə sazişini elektron qaydada imzalayıblar. Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri iyunun 15-də məlumat verib.

Jurnalistlərə adlarının açıqlanmaması şərti ilə danışan rəsmilər deyiblər ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens sazişi virtual formatda imzalayıblar. İran tərəfindən
isə sənədə parlament sədri Məhəmməd Baqir Qalibaf imza atıb.

Sazişin rəsmi imzalama mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi gözlənilir.

Rəsmilər memorandumun tam mətninin yaxın 24-48 saat ərzində ictimaiyyətə açıqlanacağını bildiriblər. Onların sözlərinə görə, prosesdə tam şəffaflıq təmin ediləcək və "gizli əlavə razılaşmalar" olmayacaq.

Çərçivə sazişi Vaşinqton və Tehrana daimi sülhün əldə olunması, eləcə də İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı mübahisələrin həlli üçün 60 günlük danışıqlar müddəti tanıyır.

Hörmüz boğazından keçid ilk 60 gün ödənişsiz olacaq
ABŞ rəsmiləri yaxın iki həftə ərzində Hörmüz boğazından keçən dəniz nəqliyyatının əhəmiyyətli dərəcədə artacağını gözlədiklərini bildiriblər. Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməyə başlamasından sonra Tehran boğazı faktiki olaraq bağlamışdı.

"Əgər münaqişədən əvvəl boğazdan gündə təxminən 140 gəmi keçirdisə, düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu göstəriciyə xeyli yaxınlaşacağıq", – deyə rəsmilərdən biri qeyd edib.

Administrasiyanın məlumatına görə, hazırda boğazdan gündə cəmi 25-ə yaxın gəmi keçir. Həftənin sonuna qədər bu rəqəmin 40-50-yə çatacağı, iyunun 19-na qədər isə boğazın tamamilə açılacağı gözlənilir.

Vaşinqton bəyan edib ki, imzalanan memoranduma əsasən, ilk 60 gün ərzində boğazdan keçid ödənişsiz olacaq. Bu müddət ərzində uzunmüddətli mexanizmlərin müəyyənləşdirilməsi məqsədilə regional danışıqlar aparılacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 15-də keçirdiyi mətbuat konfransında Tehranın birbaşa keçid haqqı toplamaq niyyətində olmadığını vurğulayıb: "Buna baxmayaraq, naviqasiya, ətraf mühitin mühafizəsi, gəmilərin sığortalanması, eləcə də İran və Oman tərəfindən göstəriləcək digər xidmətlərə görə xüsusi ödəniş mexanizmi hazırlayıb tətbiq edəcəyik".

İtamar Ben Qvir

15 iyun
İsraildən ABŞ-İran razılaşmasına ilk reaksiya: 'Bizim üçün məcburi deyil'

İsraildən ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasına ilk rəsmi reaksiya gəlib. Ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, prezident Donald Trampın elan etdiyi sənəd onlar üçün məcburi deyil və "İsrail bu sazişin tərəfi hesab olunmur".

Ben-Qvir iyunun 15-də özünün Telegram- kanalında yazıb ki, İsrail yalnız "Hizbullah"ın tamamilə ləğv edilməsinə razılaşa bilər və Livanın cənubunda nəzarətə götürdüyü ərazilərdən geri çəkilməməlidir.

İsrailin müdafiə naziri İsrael Kats da ölkəsinin silahlı qüvvələrinin Livan, Suriya və Qəzzada qeyri-müəyyən müddətə qalacağını bəyan edib. Bu bəyanat Vaşinqton və Tehranın Yaxın Şərqdəki, o cümlədən Livandakı münaqişəyə son qoymaq üçün razılığa gəldiklərini elan etməsindən cəmi bir neçə saat sonra verilib.

Kats bildirib ki, İsrail Müdafiə Qüvvələri "sərhədləri və ölkə icmalarını cihadçı ünsürlərdən qorumaq məqsədilə" Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-məhdud müddətə qalacaq. Bununla belə, o, öz açıqlamasında ABŞ-İran razılaşmasına birbaşa istinad etməyib.

Donald Tramp

Tramp və İran müharibəni bitirir. Hörmüz boğazı açılır
ABŞ prezidenti Donald Tramp deyir ki, Yaxın Şərqdə döyüşlərin dayandırılması üçün çərçivə razılaşmasının əldə olunub. Razılaşma Hörmüz boğazının yenidən açılmasını və İran limanlarına qarşı ABŞ blokadasının qaldırılmasını nəzərdə tutur.

"İran İslam Respublikası ilə razılaşma artıq tamamlanıb", – Tramp "Truth Social" platformasında yazıb.

Bu razılaşmanın ardınca Vaşinqton və Tehran arasında daha ətraflı sülh sazişinin hazırlanması məqsədilə 60 günlük danışıqlar mərhələsinin başlayacağı bildirilir.

Pakistanın baş naziri Şahbaz Şərif də sülh razılaşmasının əldə olunduğunu təsdiqləyərək imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyini qeyd edib. İslamabad bu prosesdə Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynayıb.

İran tərəfi də razılaşmanı təsdiqləyib. Ölkənin xarici işlər nazirinin müavini Kazım Qəribabadi iyunun 15-də bildirib ki, "Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və daimi şəkildə dayandırılması elan edilib". Onun sözlərinə görə, razılaşma rəsmən imzalandıqdan sonra, iyunun 19-da Hörmüz boğazı yenidən açılacaq.

Yekun saziş imzalanacağı imzalanarsa, bu, münaqişənin sona çatdırılması yönündə ən böyük addım olacaq.

İranla müharibə fevralın 28-də ABŞ və İsrailin hava zərbələri endirməsi ilə başlayıb.

Tramp mövzu ilə bağlı paylaşımında "Bu böyük razılaşma bütün regiona sülh və təhlükəsizlik gətirəcək", – deyə vurğulayıb.

"Cümə günü (19 iyun) razılaşma imzalandıqdan sonra boğazın açılması və minalardan təmizlənməsi ilə neft daşımaları hər iki istiqamətdə bərpa olunacaq", - o əlavə edib.

Nüvə silahından imtina qarşılığında 25 milyard dollar
İranın "Mehr" dövlət xəbər agentliyi 14 maddədən ibarət anlaşma memorandumunun təfərrüatlarını dərc edib. Sənəddə nüvə məsələləri və Tehrana qarşı sanksiyaların tamamilə ləğvi ilə bağlı 60 günlük danışıqlar mərhələsinin nəzərdə tutulduğu bildirilir.

Tramp dəfələrlə vurğulayıb ki, hərtərəfli sülh sazişinin əsas şərti İranın nüvə silahı əldə etməsinin qarşısının alınması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasıdır.

"Reuters" agentliyi isə bundan əvvəl yüksək rütbəli iranlı rəsmiyə istinadən yazmışdı ki, sənədə əsasən, ABŞ İranın dondurulmuş 25 milyard dollarlıq aktivini geri qaytarır, Tehran isə nüvə silahı əldə etməmək öhdəliyi götürür.

Həmin rəsminin bildirdiyinə görə, İran yekun saziş imzalananadək uranın zənginləşdirilməsini və nüvə obyektlərinin genişləndirilməsini dayandırmağa, beləliklə də mövcud nüvə status-kvosunu qorumağa razılaşıb.

Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan "Fars" agentliyi xəbər verir ki, "Fars körfəzində dəniz nəqliyyatının İran və Omanın koordinasiyası ilə tənzimlənməsi qərara alınıb". Bu isə Trampın boğazda sərbəst gəmiçiliklə bağlı əvvəlki bəyanatlarına ziddir.

İranın hərbi rəhbərliyi sülh razılaşmasını ölkə üçün qələbə kimi qiymətləndirib.

Tramp bundan əvvəl "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib ki, razılaşmanı ya şəxsən özü, ya da vitse-prezident Cey Di Vens elektron qaydada imzalayacaq.

Tehran

İranlıların qarışıq hissləri
Sıravi iranlılar bu razılaşmanın nəticələrini hələ də anlamağa çalışırlar. Cəmiyyətdə bəziləri ehtiyatlı nikbinlik nümayiş etdirsə də, digərləri tərəddüd içindədir.

"Ümid edirəm ki, tərəflər sazişi imzalayacaqlar və biz nisbi sülhə qovuşacağıq",
– deyə 50 yaşlarında bir qadın AzadlıqRadiosunun fars xidmətinə bildirib. O, radioya danışan digər həmvətənləri kimi, təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyib. Qadının sözlərinə görə, bu münaqişə insanlar üçün çox ağır keçib və "müharibənin yaratdığı stress uzun illər yaddaşlardan silinməyəcək".

O, ABŞ ilə münasibətlərin yaxşılaşacağına ümid bəslədiyini bildirib, amma əlavə edib ki, İranda dini hakimiyyət qaldığı müddətdə bunun baş verməsi çətin görünür: "Sadəcə ümid edirəm ki, yenidən müharibə başlamayacaq. Çünki hərbi əməliyyatlar vəziyyəti daha da pisləşdirdi".

30 yaşlarında bir kişi də hərbi əməliyyatların dayanmasından sevincini bildirsə də, yekun sazişin İranın daxili vəziyyətinə necə təsir göstərəcəyindən əmin olmadığını söyləyib: "Əgər bu addım ölkədə daha çox liberallaşmaya və iqtisadiyyatın dirçəlməsinə gətirib çıxararsa, müsbət hal olacaq". "Ümid edirəm ki, uzunmüddətli perspektivdə bu saziş rejiminin süqutuna səbəb olacaq, çünki onlar xalqı düşünmürlər", - o sözlərinə davam edib.

30 yaşlarında başqa bir iranlı isə qeyd edib ki, bir çoxları bu razılaşmanı sadəcə "müvəqqəti həll" kimi görür, buna görə də gələcəyə böyük ümid bəsləmirlər. Bununla belə, o, İranda bəzi mühafizəkar və sərt xətt tərəfdarlarının razılaşmaya qəti qarşı çıxdığını bildirib, ABŞ ilə sazişin hakimiyyətin daxildən dəyişmə prosesinin bir hissəsinə çevrilə biləcəyini vurğulayıb.

Emmanuel Makron

Qərb Hörmüzün açılmasını gözləyir
Qərb liderləri ABŞ-İran çərçivə razılaşmasını alqışlayıblar. İyunun 15-də G7 sammitinə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron bildirib ki, bu razılaşma Hörmüz boğazının təcili və qeyd-şərtsiz açılmasına imkan yaratmalıdır. O, Böyük Britaniya ilə birlikdə yaradılmış beynəlxalq missiyanın bu prosesə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer isə Hörmüz boğazında rüsumsuz və sərbəst gəmiçiliyin bərpa olunmasının vacibliyini vurğulayıb. O əlavə edib ki, "İran heç vaxt nüvə silahına sahib olmamalıdır".

BMT-nin baş katibi Antonio Quterreş razılaşmanı Yaxın Şərqdəki müharibənin nizamlanması istiqamətində "kritik addım" adlandırıb.

ABŞ Demokratlar Partiyasının təmsilçiləri diplomatik səyləri alqışladıqlarını bəyan etsələr də, razılaşmanın konkret detallarını görmədən yekun dəstək qərarı verməyəcəklərini bildiriblər. Trampın yaxın müttəfiqlərindən olan və Tehrana qarşı sərt mövqeyi ilə tanınan respublikaçı senator Lindsi Qrem də çərçivə razılaşmasından məmnunluğunu ifadə edib, amma sənədin tam detallarını gözlədiyini deyib.

Digər tərəfdən, İran Livandakı müharibənin başa çatdırılmasını istənilən saziş üçün əsas şərt kimi irəli sürür. Hazırda İsrail Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirir. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

İyunun 14-də İsrail ordusu "Hizbullah"ın Livandakı mövqelərinə yenidən zərbələr endirib. İsrail tərəfi hələlik sülh razılaşması ilə bağlı bəyanatlara rəsmi münasibət bildirməyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google