Gürcüstan yaşayış icazəsi qaydalarını sərtləşdirir: Saxta nikah cinayət sayılacaq
14:12 / 16.06.2026
Gürcüstan hakimiyyəti qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni
gücləndirir.
Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, əcnəbilərin
daimi yaşayış icazəsi alması məqsədilə Gürcüstan vətəndaşları ilə
bağladıqları saxta nikahlar artıq cinayət məsuliyyəti yaradacaq.
Mövcud qanunvericiliyə görə, Gürcüstan vətəndaşı ilə evlənən əcnəbi
birbaşa daimi yaşayış icazəsi almaq hüququ qazanır.
Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze
bildirib ki, xüsusi komissiya bu cür nikahları
fərdi qaydada
araşdıracaq: "Nikahın saxta olduğu və ölkədə qanuni
yaşamaq məqsədi daşıdığı müəyyən edilərsə, həmin şəxslər barəsində
cinayət işi açılacaq və onlara qarşı ciddi sanksiyalar tətbiq
olunacaq".
Saxta nikah bağlayan əcnəbilər Gürcüstandan deportasiya edilə,
onlara 2 ildən 10 ilədək ölkəyə giriş qadağası qoyula, habelə bu
şəxslər cərimə, ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrum
oluna bilərlər.
Tələbə yaşayış icazələrinə yeni qaydalar
Digər mühüm dəyişiklik isə tələbə yaşayış icazələri ilə bağlıdır.
Parlament yeni düzəlişləri qəbul edərsə, xarici tələbələr yalnız
akkreditə olunmuş ali təhsil müəssisələrində oxuya biləcəklər.
Onlar qəbuldan əvvəl təhsil alacaqları dildə mütləq imtahan verməli
olacaqlar.
Bundan başqa, ölkədə vahid reyestr yaradılacaq. Ali məktəblər
xarici tələbələrin qəbulu, statusunun dayandırılması və ya bərpası
barədə məlumatları həmin sistemə daxil edəcəklər. Təhsil məqsədli
yaşayış icazəsi məhz bu məlumatlar əsasında veriləcək.
Daraxvelidze deyib ki, bu tip yaşayış icazələri tez-tez təyinatı
üzrə istifadə olunmur: "Təəssüf ki, təhsil məqsədli
yaşayış icazələrindən başqa məqsədlər üçün istifadə edildiyi bir
çox hal aşkarlanıb. Bu sistemdən sui-istifadə edən xarici tələbələr
üçün konkret məhdudiyyətlər tətbiq olunacaq".
Daxili İşlər Nazirliyi (DİN) tələbələrə yönələn məhdudiyyətlərin
detallarını açıqlamasa da, ali məktəblər üçün ciddi məsuliyyət
nəzərdə tutulur. Qaydaları pozan təhsil müəssisələri cərimələnə,
xarici tələbə qəbulu hüququndan məhrum edilə və hətta
lisenziyalarını itirə bilərlər.
Liberal viza rejiminin sonu
"Nastoyaşşeye Vremya" yazır ki, Gürcüstanda miqrantların sayı ilə
bağlı dəqiq statistika yoxdur. Ölkədə mövcud olan liberal viza
rejiminə əsasən, əksər dövlətlərin vətəndaşları bir il müddətində
vizasız qala bilirlər. Məhz bu səbəbdən Rusiya 2022-ci ildə
Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra on
minlərlə rusiyalı Gürcüstana köçmüşdü.
Amma son aylarda hakim "Gürcü Arzusu" partiyası miqrasiya
siyasətini sərtləşdirməyə başlayıb. Əvvəllər əcnəbilər bir neçə
saatlıq ölkədən çıxıb yenidən qayıtmaqla vizasız qalma müddətini
faktiki olaraq sıfırlayır və Gürcüstanda illərlə yaşaya bilirdilər.
İndi isə onlar uzunmüddətli qalmaq və yaşayış icazəsi almaq üçün
qanuni əsaslarını (iş, təhsil, ailə vəziyyəti və s.) sübut
etməlidirlər.
2026-cı ilin yazında əcnəbilərin işə qəbul qaydaları da
sərtləşdirilib. Artıq iş icazəsi almaq üçün miqrantlar dövlət
qurumlarında müsahibədən keçməlidirlər. Ölkədən deportasiya
edilənlərin sayı da əhəmiyyətli dərəcədə artıb.
"Nastoyaşşeye Vremya"nın məlumatına görə, gürcü cəmiyyətinin bir
hissəsi ölkəyə köçən çoxsaylı rusiyalını potensial təhlükə hesab
edir. Siyasi şərhçi Giya Xuxaşvili bu mövqeni belə izah edir:
"Bilirik ki, Rusiyada öz vətəndaşlarını dünyanın
istənilən nöqtəsində qorumağı nəzərdə tutan qanun qəbul olunub.
Gürcüstan indi ciddi risk altındadır. İstənilən vaxt, o cümlədən
etnik zəmində hər hansı münaqişə qızışdırıla
bilər".
Məhkum olunmuş əcnəbilərin deportasiyası
DİN-in qanunvericilik paketinə məhkum olunmuş əcnəbilərlə bağlı
daha bir sərt təşəbbüs daxil edilib. Təklifə əsasən, onlar həbs
müddəti başa çatmamış, öz razılıqları tələb olunmadan ölkədən
çıxarıla biləcəklər. Amma deportasiyadan əvvəl cəzanın müəyyən
hissəsi Gürcüstanda çəkilməlidir: az ağır cinayətlərə görə ən azı
üçdə biri, ağır cinayətlərə görə yarısı, ömürlük həbs cəzası
alanlar üçün isə ən azı 15 ili.
DİN bu addımı dövlət resurslarına qənaət məqsədilə izah edir.
Bu təşəbbüs Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə də
təsir edə bilər. Hazırda o, Gürcüstan həbsxanasında müxtəlif
ittihamlar üzrə cəza çəkir. Saakaşvilinin Gürcüstan vətəndaşlığı
yoxdur, o, yalnız Ukrayna vətəndaşıdır.
Nazirliyin açıqlamasında yeni qaydaların hazırda cəza çəkən
şəxslərə şamil edilib-edilməyəcəyi dəqiqləşdirilmir. Saakaşvilinin
vəkilləri də məsələ ilə bağlı hələlik şərh verməyiblər. Hüquq
müdafiəçiləri isə hesab edirlər ki, bu addım vətənlərində siyasi
motivlərlə təqib olunan məhbuslar üçün ciddi risklər yaradır.
Bütün bu təşəbbüslərin parlamentdə sürətləndirilmiş qaydada
müzakirəyə çıxarılacağı gözlənilir.
Azel.TV internet kanalının rəhbəri Əfqan Sadıqovun aprelin
əvvəlində Gürcüstandan Azərbaycana deportasiyası birmənalı
qarşılanmayıb. Bəzi hüquq müdafiəçiləri bunun Bakı-Tbilisi
arasındakı razılaşma sayəsində mümkün olduğunu bildiriblər. İyunun
8-də Binəqədi rayon Məhkəməsi onun barəsində iyulun 30-dək
həbs-qətimkan tədbiri seçib. Müdafiə tərəfinin açıqlamasına görə,
Baş Prokurorluq 2024-cü ildə Ə.Sadıqov barəsində açılmış cinayət
işi üzrə icraatı yenidən bərpa edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.