ABŞ prezidenti Donald Tramp bildirib ki, Fransada keçirilən G7
sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə "çox
yaxşı" görüş keçirib.
O, iyunun 16-da jurnalistlərə açıqlamasında "Rusiya razılığa
gəlməlidir" deyib. Prezident bununla da İkinci Dünya müharibəsindən
bəri Avropada yaşanan ən böyük münaqişənin yenidən onun
prioritetləri siyahısında ön sıraya yüksələ biləcəyinə işarə
vurub.
Son aylar ABŞ-nin Rusiyanın Ukraynadakı təcavüzkar
müharibəsini
dayandırmaq yönündəki səyləri xeyli səngimişdi. Buna fevralın 28-də
ABŞ və İsrailin İrana qarşı hava zərbələrinə başlaması səbəb
olmuşdu.
Tramp deyib ki, İranla çərçivə sazişinin elan olunmasından sonra
vəziyyət dəyişə bilər.
"Sülhə ehtiyac var"
Ukraynaya indi xüsusi diqqət ayırıb-ayırmayacağına dair sualı Tramp
belə cavablandırıb: "Biz diqqətimizi İrana yönəltmişdik. İndi o
məsələ arxada, arxa güzgüdəki kimi qalacaq... Əlimdən gələni etmək
istəyirəm".
Tramp iyunun 16-da Zelenski ilə yenidən görüşəcəyini söyləyib.
Bundan əvvəl Zelenski Tramp da daxil olmaqla, G7 liderləri ilə
görüş masasına əyləşərkən gecə saatlarında baş vermiş yanğının
görüntüləri olan qovluğu açıb. Bu görüntülərin UNESCO-nun Ümumdünya
İrsi siyahısına daxil olan Kiyev-Peçora Lavrası katedralına
endirilən zərbənin nəticələrini əks etdirdiyi ehtimal olunur.
"Əsas məsələ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və
Rusiyanın müharibəni dayandırması üçün diplomatik səyləri
artırmaqdır. Sülhə ehtiyacımız var", – Zelenski görüşdən sonra X
sosial şəbəkəsində yazıb.
Ukraynanın cavab zərbələri
Bu arada Ukrayna da cavab zərbələrini davam etdirir. Uzaqmənzilli
dronlarla Rusiyanın neft emalı zavodları hədəf alınır. G7 sammiti
ərəfəsində Moskva yaxınlığındakı neft emalı zavoduna hücum həyata
keçirilib. Bu zavod paytaxt regionunun yanacaq tələbatının təxminən
40 faizini təmin edir.
Cəbhədə isə Rusiya qüvvələri əsaslı irəliləyiş əldə edə bilməyib,
müharibə əsasən tükəndirmə fazasına keçib.
"Bloomberg" agentliyinin sammitdən əvvəl yazdığına görə, ABŞ-nin
müttəfiqləri Trampı inandırmağa çalışırlar ki, hazırda təşəbbüs
Ukraynanın əlindədir.
Trampın bəyanatları fonunda Kremlin sözçüsü Dmitri Peskov bildirib
ki, ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri
ilə bağlı hazırda hər hansı plan yoxdur. Hər iki şəxs Moskvaya
dəfələrlə səfər etsə də, indiyədək Kiyevə getməyiblər.
Aİ üzvlüyü danışıqları başlayıb
Ukrayna diplomatik və iqtisadi sahədə də müəyyən irəliləyişlər əldə
edib. İyunun 15-də ölkə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi
danışıqlara başlayıb.
G7 sammitinin keçirildiyi bir vaxtda Böyük Britaniyanın baş naziri
Kir Starmer X hesabında Kiyev-Peçora Lavrasına hücumu
"qəbuledilməz" adlandırıb.
"Belə hücumlara görə mən Rusiyanın müharibə iqtisadiyyatını
dəstəkləyən gəmiləri, maliyyə mənbələrini və şəxsləri hədəf alan
sanksiyalar elan etmişəm. Onlar eyni zamanda Avropanın
təhlükəsizliyinə təhdid yaradırlar", – paylaşımda bildirilir.
Britaniya qüvvələri iyunun 14-də ilk dəfə Rusiyanın "kölgə
donanması"na aid tankeri ələ keçirib. Kamerun bayrağı altında üzən
"Smyrtos" adlı neft tankeri hazırda Böyük Britaniya sularında
lövbərdə saxlanılır. Gəminin kapitanı iyunun 16-da Britaniya
məhkəməsinə çıxarılmalı idi. Ona sanksiyalara məruz qalan Rusiya
neftini daşımaq ittihamı ilə 10 ilədək həbs cəzası verilə
bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.