Gürcüstanda 560 gündən çoxdur küçələrdə etiraz aksiyaları
keçirilir, etirazçılar ölkənin demokratik geriləməsinə qarşı
çıxırlar.
Bu ərəfədə Vaşinqton Gürcüstandan cənubda yerləşən İranla daha
geniş qarşıdurma riskini diplomatik yollarla azaltmağa çalışır.
Ölkənin demokratik düşərgəsi hesab edir ki, Gürcüstanda demokratiya
böhranı dərinləşir, Rusiyanın təsiri isə hakimiyyət strukturları
vasitəsilə genişlənir.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili iyunun 16-da
Vaşinqtonda AzadlıqRadiosuna müsahibə verib. Onun fikrincə, Qərbin
diqqətsizliyi Gürcüstanı Moskvanın maraqlarına "təslim etmək" riski
yaradır.
Zurabişvili müsahibədən bir neçə saat əvvəl "Freedom House" insan
hüquqları təşkilatının 2026-cı il üzrə Mark Palmer mükafatına layiq
görülüb.
Keçmiş prezidentin fikrincə, İranla bağlı gərginlik azalarsa, ABŞ
Gürcüstana problem yaşayan kənar demokratiya kimi deyil, regiondakı
növbəti geosiyasi rəqabətin əsas qovşaqlarından biri kimi
baxmalıdır.
"Amerika Gürcüstanı sadəcə Rusiyanın maraqlarına təslim
edə bilməz", – o vurğulayıb.
Zurabişvilinin prezidentlik müddəti 2024-cü il dekabrın 29-da dərin
siyasi böhran fonunda başa çatıb. O, həmin ilin oktyabrında
keçirilən parlament seçkilərinin nəticələrini tanımamış, xələfinin
andiçmə mərasimi günü prezident sarayını tərk etmişdi.
Bu arada hakim "Gürcü Arzusu" partiyası Yaxın Şərqdəki
qeyri-sabitlik fonunda özünü vacib regional oyunçu kimi təqdim
etməyə çalışır. Partiya hətta ABŞ dövlət katibi Marko Rubio ilə son
telefon danışığını Vaşinqtonla münasibətlərdə istiləşmənin əlaməti
kimi qələmə verir.
Zurabişvili isə bunu "siyasi tamaşa" adlandırıb.
"Onlar Vaşinqtonda çox da təsirli olmayan lobbi qrupları ilə
işləyirlər. Amma anlamırlar ki, bir tərəfdən lobbiçilik edib, digər
tərəfdən isə həmin insanların düşmənləri ilə yaxın münasibət qurmaq
olmaz", – o bildirib.
Gürcüstan "boz zona"ya çevrilir
Zurabişvili düşünür ki, müstəqil strateji kursunu itirən Gürcüstan
hökuməti xarici siyasətini Rusiyanın qəbul edə biləcəyi sərhədlər
daxilində formalaşdırır.
"Onların əslində heç bir strategiyası yoxdur; bütün siyasətləri
Rusiyanın icazə verdiyi güclərlə yaxınlaşmağa
çalışmaqdır", – keçmiş prezident bildirib.
Onun sözlərinə görə, bu taktika Macarıstan və Slovakiya ilə keçici
tərəfdaşlıq əlaqələrində, eləcə də Vaşinqton və Brüsellə
münasibətləri vaxtaşırı bərpa etmək cəhdlərində özünü göstərir.
Zurabişvilinin əsas narahatlığı diplomatiyadan daha çox
infrastruktur və nəzarət mexanizmləri ilə bağlıdır. Onun fikrincə,
Gürcüstan getdikcə "boz zona"ya çevrilir, burada sanksiyaların
icrası, maliyyə nəzarəti və sərhəd təhlükəsizliyinə nəzarət
çətinləşir:
"İndi Gürcüstan hər şeyin baş verə biləcəyi
boz zonaya çevrilib".
Zurabişvili xarici vətəndaşların asanlıqla Gürcüstan sənədləri əldə
etməsinə, kriptovalyuta bazarının zəif tənzimlənməsinə və Rusiyanın
"kölgə donanması" ilə əlaqələndirilən gəmilərin ölkə limanlarına
sərbəst daxil olmasına diqqət çəkib.
Keçmiş prezident Gürcüstanla Rusiya arasında həftədə 100-dən çox
aviareysin həyata keçirildiyini vurğulayaraq, bunun təhlükəsizlik
və nəzarət imkanları baxımından ciddi suallar doğurduğunu
bildirib.
Onun fikrincə, əsas təhlükə təkcə qanunsuz fəaliyyətlər deyil, həm
də Kremlə bağlı şəbəkələrin və sanksiyalı aktorların yararlana
biləcəyi nəzarətsiz bir mühitin formalaşmasıdır.
"Rusiya modeli"
Zurabişvili Gürcüstanda vəziyyətin ciddi şəkildə pisləşdiyini
bildirib. Onun sözlərinə görə, parlament əsasən formal təsdiq
orqanına çevrilib, müxalifət liderləri artan hüquqi təzyiqlərlə
üzləşir və yeni qanunlar etirazları getdikcə daha çox
kriminallaşdırır.
"Bundan daha pis vəziyyət təsəvvür etmək
çətindir", – deyə o qeyd edib.
Onun ən böyük narahatlıqlarından biri Gürcüstanın Konstitusiya
Məhkəməsi vasitəsilə müxalifət partiyalarının qadağan olunmasına
yönəlmiş təşəbbüslərdir. Bu addım gələcək seçkilər ərəfəsində
siyasi məkanı ciddi şəkildə məhdudlaşdıra bilər. Zurabişvili
"vicdan məhbusları" adlandırdığı yüzlərlə insanın hələ də həbsdə
qaldığını bildirib:
"Bu, Rusiya modelinə çox
bənzəyir".
Keçmiş prezident Gürcüstanda vətəndaş cəmiyyətinin hələ də fəal,
təşkilatlanmış və müqavimət göstərmək qabiliyyətində olduğunu
söyləyir. Artıq təxminən iki ildir ki, etirazçılar küçələrdə
ölkənin sürətlə avtoritarizmə doğru getdiyini bildirərək bu prosesə
qarşı çıxırlar.
Keçən həftə ABŞ Nümayəndələr Palatası Qafqazda Rusiya, Çin və
İranın təsirinə qarşı qanun layihəsini qəbul edib. Zurabişvili
deyir ki, bu, Vaşinqtonun regiondakı dəyişən geosiyasi xətləri
nəhayət daha yaxından izləməyə başlamasının əlamətidir. Amma belə
bir diqqətin yalnız qanunvericilik təşəbbüsü sayəsində yaranmasına
təəccübləndiyini bildirib:
"Məni təəccübləndirən odur
ki, bunun üçün mütləq qanun lazım olub".
"Vahid milli cəbhə"
Zurabişvili xəbərdarlıq edir ki, hakim partiya daxilində
qeyri-sabitlik əlamətləri görünür. O, partiya üzvlərinin həbsini və
daxili siyasi gərginliyin artmasını "Gürcü Arzusu"nun özünəinamının
zəifləməsinin göstəricisi hesab edir:
"Dünənin Putini
də artıq Avropanın güclü adamı deyil".
Onun fikrincə, bu vəziyyət növbədənkənar seçkilərin keçirilməsi
ehtimalını artıra bilər. Amma vurğulayıb ki, Gürcüstan müxalifəti
hələ də parçalanmış vəziyyətdədir və belə bir prosesə kifayət qədər
hazır deyil.
Zurabişvili hesab edir ki, getdikcə mərkəzləşən avtoritar sistemə
müqavimət göstərmək üçün müxalifətə adi seçki siyasətindən daha
böyük bir güc – "vahid milli cəbhə" lazımdır.
Keçmiş prezident vurğulayıb ki, demokratiyanın bərpası ilk növbədə
gürcülərin öz üzərinə düşür. Ancaq onun qənaətinə görə, Qərb
müttəfiqləri də bu prosesin daha geniş strateji nəticələrini düzgün
qiymətləndirməlidirlər. Çünki Zurabişvilinin sözlərinə görə, İran
Vaşinqtonun xarici siyasət gündəmindəki əvvəlki aktuallığını
itirərsə, Qafqaz Qərbin qətiyyətinin növbəti sınaq meydanına
çevrilə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.