Berlində yerləşən Robert Kox İnstitutunun (RKI) cümə axşamı verdiyi
məlumata görə, yayın əvvəlindən iyunun sonuna qədər Almaniyada
anomal isti havalar səbəbindən təxminən 5120 nəfər ölüb.
AZƏRTAC alman mediasına istinadla xəbər verir ki, RKI-nin isti hava
ilə əlaqəli ölüm halları ilə bağlı hesabatına görə, son rəqəm artıq
2023-2025-ci illər arasında qeydə alınan təxminən 2900 isti
hava
ilə əlaqəli ölüm halının illik orta göstəricisini keçib. Hesabat,
digər məlumatlarla yanaşı, Federal Statistika İdarəsinin ölüm
qeydlərinin monitorinqinə və Alman Hava Xidmətinin (DWD)
məlumatlarına əsaslanır.
İnstitut Almaniyanın ən şiddətli isti havasını yaşadığı 22-28 iyun
həftəsində ölüm hallarının 4310 nəfər artdığını təxmin edir. Həmin
dövrdə ölkənin bəzi yerlərində temperatur 40 dərəcə Selsidən yuxarı
qalxıb.
Aprel-iyun ayları arasında RKI isti hava ilə əlaqəli 810 ölüm
hadisəsini təxmin edib. İnstitut sözçüsü bildirib ki, bu ölümlərin
demək olar ki, hamısı 15-21 iyun arası həftədə baş verib.
Ən çox zərərçəkənlər yaşlı insanlar olublar. İyunun 28-nə qədər
ölümlərin təxminən 2950-si 85 və daha yuxarı yaşda olanlar arasında
baş verib. Bu rəqəm 75-84 yaş arası insanlar arasında təxminən
1320, 65-74 yaş arası insanlar arasında təqribən 550 və 65 yaşdan
kiçik insanlar arasında 300 nəfər olub.
Almaniya Meteorologiya Xidmətinin məlumatına görə, 2026-cı ilin
iyunu 2019-cu ildən sonra ölkədə qeydlər aparılmağa başlayandan
bəri ikinci ən isti analoji ayı olub.
İyunun sonlarında Almaniyanı cənginə alan isti hava dalğası
temperaturu 41 dərəcə Selsidən yuxarı qaldırıb, 46 hava stansiyası
isə iyunun 7-də 40 dərəcədən yuxarı temperatur qeydə alıb.
Mənbə: Azərtac