"ATƏT-i də prosesə açıq şəkildə cəlb ediblər" - Kobaxidze ATƏT PA-nın tənqidi bəyannaməsini "dərin dövlət"lə əlaqələndirib

"Gürcü Arzusu" hökumətinin başçısı İrakli Kobaxidze ATƏT Parlament Assambleyasının (OSCE PA) "Haaqa Bəyannaməsi"ni, o cümlədən Gürcüstanla bağlı tənqidi müddəaları qəbul etməsini "dərin dövlət" (Deep State) ilə əlaqələndirib.


O həmçinin bildirib ki, ATƏT Parlament Assambleyası ilə ikitərəfli əməkdaşlığın gələcək taleyi məhz bu qurumun özündən asılı olacaq.

2026-cı il 13 iyul, bazar ertəsi hökumət administrasiyasında keçirdiyi brifinqə İrakli
Kobaxidze bu sözlərlə başlayıb:
"Məşhur bir deyim var: 'Peterin Pavel haqqında dedikləri Paveldən çox Peter haqqında danışır.' Bu ifadə ATƏT Parlament Assambleyasının bir neçə gün əvvəl qəbul etdiyi absurd qətnaməni ən yaxşı şəkildə xarakterizə edir."

"Dərin dövlət"
Daha sonra Kobaxidze partiyasının və milyarder sabiq baş nazir Bidzina İvanişvilinin uzun müddətdir irəli sürdüyü "dərin dövlət" (əvvəllər "qlobal müharibə partiyası" adlandırılırdı) nəzəriyyəsi barədə geniş danışaraq bildirib:
"Qeyri-rəsmi oliqarxik təsirlər altında fəaliyyət göstərən digər Avropa institutları kimi, artıq ATƏT-i də açıq şəkildə bu prosesə cəlb ediblər. Məqsəd əsassız və biabırçı ittihamlar, sanksiyalar, təzyiq və şantaj vasitələri ilə Gürcüstanda hakimiyyəti dəyişmək və onu 'dərin dövlət'in itaətkar agenturası ilə əvəz etməkdir."

Kobaxidze Parlament Assambleyasının bəyannaməni qəbul etməsindən beş gün sonra xüsusi brifinq keçirərək bu məsələyə münasibət bildirib. Bundan əvvəl isə "Gürcü Arzusu"nun bir sıra digər liderləri də bəyannaməni kəskin tənqid etmişdilər.

İyulun 8-də ATƏT Parlament Assambleyasının (OSCE PA) 33-cü illik plenar sessiyasında "Haaqa Bəyannaməsi" qəbul edilib. Bəyannamədə Gürcüstanla bağlı qeyd olunur ki, Parlament Assambleyası üzv dövlətləri və beynəlxalq ictimaiyyəti belə çağırır:

"Etibarlı yerli və beynəlxalq müşahidə missiyaları tərəfindən azad, ədalətli və demokratik kimi qiymətləndirilməyən Gürcüstanda keçirilmiş istənilən seçkinin nəticələrini tanımaqdan çəkinməyə."

"Bu, onların özündən asılıdır"
Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalmış "İmedi" televiziya kanalının jurnalistinin ATƏT Parlament Assambleyası ilə əməkdaşlığın gələcəkdə necə davam edəcəyi barədə sualını cavablandıran Kobaxidze bildirib:

"Əməkdaşlıq davam edəcək. Lakin bu əməkdaşlığın səviyyəsi ATƏT Parlament Assambleyasının öz fəaliyyətini necə davam etdirəcəyindən asılı olacaq – Co Uilson səviyyəsində qalacaq, yoxsa Co Uilson səviyyəsindən yuxarı qalxacaq."

O əlavə edib:
"Görək proseslər necə davam edəcək."
İrakli Kobaxidze bunu ötən həftə keçirilən brifinqdə bəyan edib.

Siyasətçilərin qiymətləndirmələri
Müxalifət nümayəndələrinin bir hissəsi isə bəyan edib ki, "Gürcü Arzusu" tənqidi müzakirələrdən "quyruğunu qısıb qaçdı" və Rusiyanı tənqid etmək üçün mühüm beynəlxalq platformadan istifadə etmək əvəzinə, onun fəaliyyətini sabotaj etdi.

"Gürcü Arzusu"nun liderlərindən Şalva Papuaşvili isə Gürcüstanla bağlı tənqidi müddəaların qəbul edilməsini "beynəlxalq nizamın sonunun nümunəsi" adlandırıb.

Müxalif "Lelo/Güclü Gürcüstan" partiyasının liderlərindən Qriqol Qeqelia hakim komandanın qərarını "qaçış" kimi qiymətləndirib.
Qeqelia bildirib:
"Onlar (“Gürcü arzusu” nümayəndələri) bir daha qaçdılar – bu dəfə ATƏT Parlament Assambleyasının iclas zalından. Ötən il Avropa Şurası Parlament Assambleyasının zalından, ondan əvvəl isə Avropa Parlamentinin zalından qaçdıqları kimi."

Keçmiş baş nazir, "Gürcüstan naminə" partiyasının lideri Qiorqi Qaxaria isə Almaniyadan X platformasında hadisəyə münasibət bildirərək yazıb:
"Rusiya işğal olunmuş Tsxinvali bölgəsində ilhaq proseslərini sürətləndirdiyi bir vaxtda, 'Gürcü Arzusu' təhlükəsizlik baxımından ən mühüm platformanı müttəfiqlərimizi səfərbər etmək əvəzinə sabotaj edir. Bu, Gürcüstanın milli təhlükəsizliyinə və həyati maraqlarına vurulan ağır və birbaşa zərbədir."

"Haaqa Bəyannaməsi"ndə Gürcüstanla bağlı əsas məqamlar
• ATƏT Parlament Assambleyası "Haaqa Bəyannaməsi"ndə Gürcüstanda demokratiyanın geriləməsi və 2024-cü il seçkilərindən sonra baş verən hadisələrlə bağlı ciddi narahatlığını ifadə edib.
• Sənəd etirazçılara, müxalifətə və mediaya qarşı təzyiqləri pisləyir, hakimiyyəti siyasi təqiblərə son qoymağa, özbaşına saxlanılan şəxsləri azad etməyə, zorakılıq və işgəncə ilə bağlı bütün halları araşdırmağa, həmçinin ATƏT-in "Moskva Mexanizmi" üzrə 2026-cı il hesabatının tövsiyələrini tam yerinə yetirməyə çağırır.
• Bəyannamə eyni zamanda Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyir və Rusiyanın Abxaziya ilə Tsxinvali regionunu/Cənubi Osetiyanı işğal etməsini pisləyir.



 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google