"Bu, açıq-aşkar avtoritar paranoyadır" – jurnalist Vaxo Sanaianın həbsinə reaksiyalar

“Formula” telekanalının jurnalisti Vaxo Sanaiaya siyasətçilərlə bağlı sosial şəbəkədə paylaşdığı, məhkəmənin isə təhqir hesab etdiyi posta görə 14 sutkalıq inzibati həbs cəzası verilməsi siyasətçilər,

media nümayəndələri və ictimaiyyət tərəfindən kəskin reaksiyalara səbəb olub.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazıb:
“Jurnalistlərin siyasətçiləri tənqid etdiklərinə görə həbs edilməsi qanun deyil, açıq-aşkar avtoritar paranoyadır!”

Müxalif “Dəyişikliklər naminə Koalisiya”nın liderlərindən
Nika Qvaramia isə bildirib:
“Deyəsən, biz diktaturanı yalnız tanklar və avtomatlıların küçələrə nəzarət etməsi kimi təsəvvür edirik.”

Müxalif “Qaxaria Gürcüstan naminə” partiyasının liderlərindən Anna Buçukuri yazıb:

“Facebook statusuna görə jurnalistin həbs olunması – bax, sizin öyündüyünüz bərpa olunmuş ədalət budur, əziz ‘Gürcü Arzusu’. Vaxo Sanaiya, mən sənə öz dəstəyimi bildirirəm.”

“Formula” telekanalının jurnalistinə 14 günlük həbs cəzasına Almaniyadan Avropa Parlamentinin EPP fraksiyasının üzvü Mixael Qaller də münasibət bildirib:
“Rusiyada ona daha ağır cəza veriləcəyini demək təsəlli deyil. Bu hadisə göstərir ki, Gürcüstan bu gün Avropanın avtoritar hissəsində dayanır. Sovet Gürcüstanı reallığa çevrilir.”

“Formula” telekanalının jurnalisti, “Həftənin Formulası” verilişinin həmaparıcısı Qiorqi Tarqamadze sosial şəbəkədə yazıb:
“Əlbəttə ki, bu iki həftə Vaxonu qorxutmayacaq. Onu susdura da bilməyəcək. Bütün hüquq müdafiə təşkilatlarına müraciət edəcəyik və bu qanunsuz, biabırçı qərar mütləq cavabsız qalmayacaq.
Amma indi, qəzəblə yanaşı, bizi ən çox düşündürən məsələ onsuz da son dərəcə çətin vəziyyətdə olan ‘Formula’nın yayımını necə qorumaqdır. Rejim jurnalisti kameraya salır. Onun həmkarlarının məsuliyyəti isə efiri qoruyub saxlamaqdır ki, cəmiyyət hakimiyyətin gizlətməyə çalışdığı həqiqətləri yenə eşidə bilsin.
Vaxo bu iki həftəyə dözəcək. Biz isə o qayıdanda efirin fəaliyyət göstərməsi üçün əlimizdən gələni etməliyik.”

Jurnalist Eka Kvesitadze Vaxo Sanaianın evinin qarşısında mediaya bildirib:
“Bu, jurnalistlərin qorxudulmasına yönəlmiş növbəti kampaniyadır və tam əminəm ki, ilk növbədə Vaxoya qarşı yönəlib. Çünki Vaxo hər kəsə itaətsizliyin nümunəsini göstərirdi. O, nə etdiyini, niyə etdiyini və bunun hansı nəticələr verəcəyini – hətta həbs olunacağını da tam dərk edirdi. Amma əgər həbsə düşmək və orada iki həftə qalmaq kimin üçün əhəmiyyət kəsb etmirsə, o, məhz Vaxodur. Çünki o, nə uğrunda mübarizə apardığını bilir. O anlayır ki, bu dəhşətli, diktator və paranoid rejimə, eləcə də şəxsən İvanişviliyə qarşı mübarizənin yeganə yolu bu gün itaətsizlikdir.”

“Media Vəkilliyi Koalisiyası” da bəyanat yayaraq “Formula” jurnalisti Vaxo Sanaia barəsində qəbul edilmiş repressiv qərarı pisləyib.
Bəyanatda deyilir:

“‘Gürcü Arzusu’nun hakimiyyəti dövründə məhkəmə, digər dövlət qurumları kimi, repressiv qanunların tətbiqi və söz azadlığının məhdudlaşdırılması alətinə çevrilib. Sosial şəbəkədə ifadə etdiyi mövqeyə görə jurnalistin həbs olunması bir daha sübut edir ki, ölkədə müstəqil media və ifadə azadlığı birbaşa hücum və sistemli təzyiq altındadır.

Media Vəkilliyi Koalisiyası Vaxo Sanaiya və peşə fəaliyyəti və vətəndaş mövqeyinə görə repressiv mexanizmlərin hədəfinə çevrilən bütün jurnalistlərlə həmrəy olduğunu bildirir.”

Hakim komandanın reaksiyası
Vaxo Sanaianın həbs olunmasına hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri də münasibət bildiriblər.

Hakimiyyətə yaxın “İmedi” telekanalının yaydığı açıqlamada parlamentin Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze bildirib ki, qəbul edilən qərar Avropa İnsan Hüquqları Məhkəməsinin (Strasburq Məhkəməsi) presedent hüququna uyğundur.

O deyib:
“Nifrət nitqini müdafiə edən şəxslər – istər özlərini siyasətçi adlandıranlar, istərsə də guya media nümayəndələri – davranışları ilə Strasburq Məhkəməsinin təcrübəsini bir daha təsdiqləyirlər. Bir şəxs dəfələrlə tətbiq edilən sanksiyalara baxmayaraq nifrət dili ilə çıxış edir, başqalarını təhqir edir və onların ləyaqətini alçaldırsa, bu halda təkcə inzibati deyil, hətta cinayət məsuliyyəti də Avropa təcrübəsinə və Konvensiyaya tam uyğundur.”

Qorduladze əlavə edib ki:
“Qanunun işləməsi vacibdir. Başqa insanların ləyaqətinə əhəmiyyət verməyən şəxslər məsuliyyətə cəlb olunmalıdır.”
Hüquq komitəsi sədrinin müavini Tornike Çeişvili isə bildirib ki, hüquq-mühafizə orqanlarının “başqa alternativi qalmamışdı”.

Onun sözlərinə görə:
“Daha yüngül tədbirlər və cəzalar tətbiq edildikdən sonra hüquq-mühafizə orqanlarının yalnız həbs alternativi qalırdı. Ümumilikdə cəmiyyətdə qütbləşməni dərinləşdirməyə yönəlmiş bu proses, şübhəsiz ki, xaricdən idarə olunurdu və yerli şəxslər bu tapşırıqları israrla yerinə yetirərək nifrət nitqini və təhqirləri normaya çevirməyə çalışırdılar.”

Vaxo Sanaianın həbsi
Hakim Zviad Tsekvava iyulun 22-də jurnalist Vaxo Sanaianı parlament sədri Şalva Papuaşvili və deputat Vladimer Bojadze haqqında sosial şəbəkədə yazdığı paylaşıma görə inzibati xəta törətməkdə təqsirli bilib.

O, məhkəmə qərarından dərhal sonra yaşadığı evin yaxınlığında saxlanılıb. Həmin vaxt Sanaia ailə üzvləri və həmkarları ilə birlikdə polis əməkdaşlarını gözləyirdi. Daha sonra o, Mtsxeta müvəqqəti saxlanma təcridxanasına aparılıb.

Paylaşımla bağlı hüquqi tədbir görülməsi üçün məhkəməyə Daxili İşlər Nazirliyinin Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsi müraciət edib.
Bundan əvvəl, iyulun 10-da hakim Tornike Koçkiani Sanaiyanı başqa bir Facebook statusuna görə 6000 lari məbləğində cərimələmişdi.

Həmin statusda Sanaia yazmışdı:
“Lado Bojadzenin dili Levon Murusidze barədə sürüşdü və dərhal belinə dəyənəklə vuruldu. Ümid edirəm ki, ona qanunla qadağan olunduğu üçün ‘***’ deməyiblər. Buradan sizə də müraciət edirəm: siz də Ladonu ‘***’ adlandırmayın.”

Həbsə səbəb olan ikinci status isə belə idi:
“Status yazdım ki, Papuaşvili ilə Bojadzeyə ‘***’ deməyin və buna görə məni 6 min lari cərimə etdilər. Daha bilmirəm, onda siz özünüz deyin.”

Vaxo Sanaia bugünkü məhkəmə iclasında iştirak etməyib.
O, daha sonra “Formula” telekanalına bildirib:

“Hakimlər hansı qərarı versələr də, mənə istədiyimi deməyi heç kim qadağan edə bilməz.
Mənim iştirak etmədiyim bu məhkəmə iclaslarının özü absurddur. Elə bir vəziyyət yoxdur ki, mən söz azadlığımı məhdudlaşdırım. Əgər bu ölkədə ifadə azadlığı məhv edilərsə, deməli, hamı ağzını bağlamalıdır. Amma bu baş verməyəcək. İvanişvili bunu bilməlidir.”

DİN-in Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsi Sanaianı nədə ittiham edirdi?

İdarənin nümayəndəsi Mariam Kereselidze məhkəmədən sonra bildirib ki, onların vəsatəti Sanaianın davranışına əsaslanırdı və məhkəmə də bu mövqeyi bölüşüb.

Onun sözlərinə görə:
“Əvvəlki məhkəmə qərarı ilə tanış olduqdan sonra o, yenidən təhqiramiz ifadələr ehtiva edən paylaşım etdi. Buna görə hesab etdik ki, bu, məhkəmə qərarına hörmətsizlik və hüquq pozuntusunu davam etdirmək niyyətidir.
Cənab Vaxtanq Sanaia məhkəmə iclaslarında iştirak etmir, cərimələri ödəmir və məhkəmə prosesləri davam etdiyi müddətdə də hüquq pozuntularını davam etdirir. Buna görə də məhkəmə qərarlarının formal xarakter daşımaması üçün biz həbs qətimkan tədbirinin tətbiqini tələb etdik.”

Onun sözlərinə görə, bu, Sanaianın dövlət siyasi vəzifəli şəxsini təhqir etməsi ilə bağlı üçüncü hal idi.
Mübahisəli paylaşım barədə isə Kereselidze bildirib:
“Bu, təhqiramiz ifadədən uzaqlaşmaq deyildi. Bu, ironik və gizli təhqir forması idi və həmin epitetləri özü yayırdı. Buna görə də guya məsafə saxlaması onu məsuliyyətdən azad edən hal sayıla bilməzdi. İfadə azadlığının qiymətləndirilməsi zamanı yalnız cümlənin qrammatik quruluşu deyil, məqsəd, kontekst və məzmun da nəzərə alınır. Biz bunu təhqiramiz ifadə hesab etdik və məhkəmə də bu mövqeyi bölüşdü.”

Hazırda Gürcüstanın müxtəlif məhkəmələrində DİN-in Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsinin təqdim etdiyi işlər üzrə hər gün bir neçə məhkəmə prosesi keçirilir.

Bəzən cəmi bir neçə dəqiqə davam edən bu proseslərdə vətəndaşlar sosial şəbəkələrdə siyasətçiləri və digər şəxsləri açıq şəkildə təhqir etməkdə ittiham olunurlar.

İyunun 1-dən etibarən, yeni idarənin əməkdaşları sosial şəbəkələrin monitorinqinə başladıqdan sonra artıq çoxsaylı şəxslər 1500–6000 lari arasında cərimələniblər.

Vaxo Sanaia sosial şəbəkədə paylaşdığı posta görə həbs edilən ilk şəxsdir.
Bundan əvvəl, iyunun 25-də hakim Zviad Tsekvava Facebook-da Vaxo Sanaianı təhqir etdiyinə görə Zurab Osikmaşvilini 2000 lari məbləğində cərimələmişdi.
Daxili İşlər Nazirliyi Facebook istifadəçilərini hansı maddələr üzrə məsuliyyətə cəlb edir?

İki maddə üzrə:
1. İnzibati Xətalar Məcəlləsinin 173¹⁶ maddəsi
Dövlət-siyasi vəzifəli şəxsin, dövlət qulluqçusunun, ona bərabər tutulan şəxsin və ya ictimai qulluqçunun şifahi təhqir edilməsi, söyülməsi və ya ona qarşı təhqiramiz davranış.

Bu inzibati xəta:
• 1500–4000 lari məbləğində cərimə və ya 45 sutkayadək inzibati həbs nəzərdə tutur.
• Təkrar törədildikdə cərimə 2500–6000 lariyə, həbs müddəti isə 60 sutkayadək artırılır.
2. İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi – xırda xuliqanlıq
İctimai yerdə söyüş söymək, vətəndaşları təhqir etmək və ya ictimai asayişi və vətəndaşların rahatlığını pozan digər hərəkətlər.
Bu inzibati xəta:
• 500–3000 lari məbləğində cərimə və ya 20 sutkayadək inzibati həbs nəzərdə tutur.
• Təkrar törədildikdə cərimə 3000–5000 lariyə qədər artırılır və əlavə olaraq 5–60 sutka müddətinə inzibati həbs də tətbiq oluna bilər.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google