Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Rüşvətxorluqla
Mübarizə Agentliyinin əməkdaşları hakimin qərarı əsasında
dələduzluq və saxtakarlıq ittihamı ilə iki şəxsi saxlayıblar.
Sözügedən məsələ Marneuli və Kareli bələdiyyələrinin uşaq
bağçalarına aldatma yolu ilə mal əti əvəzinə at ətinin tədarük
edilməsi faktı ilə bağlıdır.
İstintaq nəticəsində aydın olub ki, "B.G.M.1" və "Gürcü Ət
Məhsulları Ferması" şirkətləri "Marneuli Bələdiyyəsinin Uşaq
Bağçaları Birliyi" və "Kareli Bələdiyyəsinin Uşaq Bağçaları
Birliyi" tərəfindən elan edilmiş tenderlərin qalibi olublar.
Müqavilənin şərtlərinə əsasən, həmin şirkətlər uşaq bağçalarını mal
əti ilə təmin etməli idilər.
Ancaq adıçəkilən kommersiya təşkilatlarının direktorları 2026-cı
ilin may ayında uşaq bağçalarına mal əti əvəzinə aldatma yolu ilə
at əti paylayaraq dövlət büdcəsinə məxsus külli miqdarda vəsaiti
dələduzluq yolu ilə mənimsəyiblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü
hissəsinin "b" bəndi (dələduzluq) və 197-ci maddəsinin 1-ci hissəsi
(saxtakarlıq) ilə istintaq aparılır. Bu maddələr 6 ildən 9 ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.