Yeni tədris ilindən etibarən aqrar istiqamət tamamilə Suxumi Dövlət Universitetinə keçirilir - Qivi Mikanadze

"Yeni tədris ilindən etibarən aqrar istiqamət üzrə bakalavr və magistr təhsil proqramları tamamilə Suxumi Dövlət Universitetinə keçirilir.


Buna uyğun olaraq, birinci kurs tələbələrini artıq Gürcüstan Texniki Universiteti deyil, Suxumi Dövlət Universiteti qəbul edəcək".

Bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze bu gün – avqustun 5-də Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Nazirin sözlərinə görə,
bu dəyişikliklərə baxmayaraq, hazırda Gürcüstan Texniki Universitetində aqrar istiqamət üzrə təhsil alan tələbələr təhsillərini elə həmin universitetdə başa vuracaqlar.

"Bu istiqamətlər üzrə hazırda təhsil alan tələbələrə gəldikdə isə, əlbəttə, onlar təhsillərini Gürcüstan Texniki Universitetində başa çatdıracaqlar.
Suxumi Dövlət Universitetində aqrar istiqamət üzrə təhsil proqramlarının Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzində müvafiq akkreditasiyadan keçməsi üçün müəyyən vaxt tələb olunurdu. Hazırda isə bu proses artıq başa çatıb.
İctimaiyyətə onu da bildirmək istəyirəm ki, iki regional universitet – Şota Mesxi adına Zuqdidi Dövlət Universiteti və Samtsxe-Cavaxeti Dövlət Universiteti turizm istiqaməti üzrə təhsil proqramlarını həyata keçirmək üçün akkreditasiyadan keçib.
Xatırlatmaq istəyirəm ki, islahat çərçivəsində regional universitetlər üçün prioritet istiqamətlər kimi dar ixtisas profilli sahələr, o cümlədən pedaqoji, turizm və aqrar təhsil proqramları müəyyən edilib. Yeni istiqamətlər əlavə olunan universitetlərdə, əlbəttə ki, qəbul kvotaları da artırılıb
", – deyə Qivi Mikanadze bildirib.




 

Print Email
FaceBook Twitter Google