Bu ilin sonunadək Ermənistanda yeni Konstitusiya layihəsi dərc
olunacaq və sənədin geniş ictimai müzakirəsinə başlanılacaq. Bunu
hakim "Vətəndaş
Müqaviləsi" partiyasından olan deputat Arusyak Culhakyan avqustun
11-də parlamentin iclasında deyib. Onun sözlərinə görə, yeni
konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad
yoxdur.
Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün məhz bu
dəyişikliyi tələb edir, bəyannamədə Azərbaycana qarşı ərazi
iddialarının yer aldığını
bildirir.
A.Culhakyan Konstitusiya İslahatları Şurasının üzvüdür.
Baş nazir Nikol Paşinyan da konstitusiya dəyişikliyinə tərəfdar
olduğunu bildirib.
Yeni konstitusiya layihəsini referenduma çıxarmaq üçün parlamentin
təsdiqi və deputatların ən azı üçdə ikisinin səsi tələb olunur.
Hakim partiyanın parlamentdə cəmi 64 deputatı var. Məsələnin
qanunverici orqandan keçməsi üçün azı 70 səs lazımdır.
İyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın "Vətəndaş
Müqaviləsi" partiyası səslərin təxminən 50 faizini qazanaraq
hökuməti təkbaşına formalaşdırmaq hüququnu qoruyub. İkinci yeri 23
faiz səslə "Güclü Ermənistan", üçüncü yeri isə 10 faizə yaxın səslə
"Ermənistan" bloku tutub.
9 iyul
Paşinyandan Bayramova cavab: Konstitusiya layihəsi ilin sonunadək
dərc olunacaq
Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc
olunacaq. Delimitasiya və ekzklavlar məsələsi isə birmənalı olaraq
Alma-Ata Bəyannaməsi əsasında həll ediləcək.
Bu barədə iyulun 9-da hökumətdə keçirilən brifinqdə Ermənistanın
baş naziri Nikol Paşinyan bildirib. O, Azərbaycan xarici işlər
naziri Ceyhun Bayramovun Ermənistan Konstitusiyasına dəyişiklik və
anklavlar barədə tələblərini şərh edərkən bu fikirləri
səsləndirib.
Baş nazir vurğulayıb ki, Yerevan daxili məsələlərini xarici siyasət
arenasında müzakirə etmək niyyətində deyil – bu, prinsipial
mövqedir. Onun fikrincə, Konstitusiya islahatları isə hakim
partiyanın seçkiqabağı proqramının tərkib hissəsidir və seçkilərdə
onu 726 min vətəndaş dəstəkləyib. Paşinyan layihənin dərcinin
gecikmə səbəbini belə izah edib:
"Müzakirələr zamanı
"Vətəndaş Müqaviləsi" partiyasının İdarə Heyəti üzvlərindən
çoxsaylı təkliflər daxil olmuşdu. Seçkilər ərəfəsində bunları sakit
iş şəraitində müzakirə edə bilməyəcəyimizi anlayaraq, komandadaxili
variantı lazımi təhlil olmadan dərc etməmək məqsədilə prosesi
seçkidən sonrakı dövrə keçirmək qərarına gəldik. Hazırda
təkliflərin verilmə müddəti başa çatıb, onlar müzakirə olunub –
yalnız sonuncu bənd üzrə qərar qəbul etmək qalır. Dəqiq vaxt
deməyəcəyəm, amma ilin sonunadək mətni mütləq dərc
edəcəyik".
Sərhədin delimitasiyası, eləcə də anklav və ekzklav probleminin
tənzimlənməsi mövzusuna toxunan baş nazir bildirib ki, Ermənistan
da bu məsələnin həllində eyni dərəcədə maraqlıdır, çünki erməni
ekzklavı olan Artsvaşen (Başkənd) kəndi de-fakto Azərbaycanın
nəzarəti altındadır.
Paşinyan ekzklav probleminin iki mümkün həll yolunu açıqlayıb: ya
ərazilər SSRİ dağılanda hansı ölkəyə məxsus idisə, həmin ölkənin
tərkibində qalır, ya da tərəflər sərhədboyu ekvivalent sahələrin
dəyişdirilməsi barədə razılığa gəlirlər.
Baş nazir həmçinin hər iki ölkənin oxşar infrastruktur çətinlikləri
ilə üzləşdiyini vurğulayıb – yaşayış məntəqələrinə aparan yollar
sovet dövrünün anklav zonalarından keçir və Azərbaycanın timsalında
bu, bəzi kəndlərin tam təcrid olunmasına gətirib çıxara bilər.
Paşinyan çıxışını bu sözlərlə tamamlayıb: "Münaqişə məntiqi – "kim
nə götürübsə, onundur" – biz bu məntiqdən imtina etmişik. Biz sülh
sazişi və Alma-Ata Bəyannaməsinin məntiqini rəhbər tuturuq:
Ermənistanın ərazisi Sovet Ermənistanının ərazisinə – 29 min 743
kvadratkilometrə, Azərbaycanın ərazisi isə Sovet Azərbaycanına
bərabərdir. Əgər sərhədlərlə bağlı qərar Konstitusiyaya və
qanunlara uyğun olaraq xalqın iradəsinin öyrənilməsi tələb edərsə,
təbii ki, bu sualla vətəndaşlara üz tutacağıq".
Bayramovdan eksklav açıqlaması: 'Məsələ öz həllini
tapacaq'
Azərbaycanla Ermənistan arasında 13 kilometrə yaxın dövlət sərhədi
delimitasiya olunub, həmin ərazilərdə demarkasiya işləri də başa
çatdırılıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov
jurnalistlərə açıqlama verib. Nazir iyulun 9-da – diplomatik xidmət
orqanları əməkdaşlarının peşə bayramı günündə Fəxri xiyabanı
ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Delimitasiya sərhədin xəritə və coğrafi təsvirlər əsasında kağız
üzərində müəyyənləşdirilməsi, demarkasiya isə həmin xəttin birbaşa
ərazidə dirək və nişanlarla işarələnməsidir.
Bayramov iki ölkə arasında delimitasiya prosesinin davam etdiyini
bildirib: "Sərhədin şimaldan cənuba doğru müəyyənləşdirilməsi
barədə bəlli bir razılaşma var. Sülh sazişinin yekunlaşdırılması
istiqamətində Azərbaycan tərəfi üzərinə düşən bütün işləri
tamamlayıb".
AZƏRTAC-ın məlumatına görə, nazir delimitasiya prosesi çərçivəsində
eksklav kəndlərlə bağlı məsələlərin də öz həllini tapacağını əlavə
edib.
Eksklav - bir dövlətin əsas ərazisindən kənarda yerləşən və
tamamilə digər ölkənin quru ərazisi ilə əhatə olunmuş torpaq
parçasıdır.
Rəsmi Bakının açıqlamasına görə, dörd eksklav kəndi hələ də
Ermənistanın nəzarətindədir. Yerevan isə Gədəbəy rayonu
ərazisindəki eksklavına nəzarət etmədiyini bildirir.
Bayramov rəsmi Bakının əsas gözləntisini də açıqlayıb: "Biz
Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının
çıxarılmasını gözləyirik. Sülh sazişi bundan sonra imzalana
bilər".
Ermənistan rəsmiləri əvvəllər konstitusiya dəyişikliklərinin
parlament seçkilərindən sonra mümkün olacağını bildirirdilər. Son
seçkilərdə baş nazir Nikol Paşinyan yenidən qələbə qazansa da,
konstitusiya islahatları üçün parlamentdə yetərli səs çoxluğu əldə
edə bilməyib. Ermənistan müxalifəti isə Bakının tələbi ilə
konstitusiyanın dəyişdirilməsinə qəti etiraz edir.
Ekspertlər indiki mərhələdə sülh sazişinin imzalanmasını hələlik
mümkün saymırlar.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı
yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib. Elə bundan sonra Qarabağdan erməni əhali köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın
vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və
Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə
tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə
qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415