Videokamera ilə qeydə alınan sürət həddinin aşılmasına görə sürücülərin balları da azaldılacaq — Hökumət sistemin tətbiqini planlaşdırır
Gürcüstan hökuməti 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi Strategiyasını və 2026–2027-ci illər üzrə Fəaliyyət Planını təsdiqləyib. Sürət həddinin aşılmasının azaldılması əsas istiqamətlərdən biri kimi göstərilir.

Strategiyaya əsasən, "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi ilə koordinasiyada milli video-müşahidə sisteminin təkmilləşdirilməsi və xüsusilə sürət həddinin aşılması riski yüksək olan sahələrdə ölkə miqyasında yeni qurğuların quraşdırılması davam etdiriləcək.

Bununla yanaşı, hökumət
videokameralar tərəfindən qeydə alınan sürət həddinin aşılması halında sürücülərin ballarının azaldılması sistemini tətbiq etməyi planlaşdırır. (Hazırda videokamera ilə qeydə alınan hüquqpozmalarda sürücülük hüququ balları azaldılmır, yalnız pul cəriməsi yazılır).

Sənəddə qeyd olunur ki, bu gün sürət həddinin aşılması ilə bağlı ballar sistemindən effektiv istifadə olunmur. Müvafiq olaraq, balların azaldılması mexanizminin işə salınması sürət həddinin aşılmasının qarşısının alınması və icranın gücləndirilməsi üçün əsas alətlərdən biri kimi nəzərdən keçirilir.

Bundan əlavə, yaşayış məntəqələrində maksimum yol verilən sürət hədlərinin və tolerantlıq həddinin (icazə verilən kənarlaşma) azaldılması üzərində işlər davam etdiriləcək.

Sənədə əsasən, yalnız sürət hədlərinin azaldılması problemin aradan qaldırılması üçün kifayət deyil. Mərhələli şəkildə sistemli yanaşmanın tətbiqi planlaşdırılır ki, buraya aşağıdakılar daxildir:

Yol infrastrukturunun təkmilləşdirilməsi;

Sürət həddinin aşılmasına görə sərt, mütənasib və ardıcıl sanksiyaların tətbiqi;

Bal sistemindən daha effektiv istifadə olunması;

İctimai maarifləndirmənin artırılması;

Yollarda "qara nöqtələr"in (qəza riski yüksək olan yerlərin) müəyyən edilməsi.

Strategiyaya əsasən, sürətin effektiv idarə olunması nəticəsində yol-nəqliyyat hadisələrinin, habelə xəsarət alanların və həlak olanların sayının azalması gözlənilir.

Bundan başqa, hökumətin qiymətləndirməsinə görə, sürətin azaldılması havanın çirklənməsini, yanacağın artıq sərfiyyatını və kəskin küyü azalda bilər, həmçinin şəhər yollarında hərəkətin fasiləsizliyini və piyadalar ilə iki təkərli nəqliyyat istifadəçilərinin mobilliyini yaxşılaşdıra bilər.

Gürcüstan Hökumətinin qərarı 2026-cı il 5 avqust tarixinə aiddir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google