"59 yaşlı həyat yoldaşımı Batumidə maşın vurub, sürücü polisin kürəkənidir. 1 il keçir, heç kimi cəzalandırmayıblar"
Vətəndaş, fotoqraf Seyran Baroyan demək olar ki, bir il əvvəl – 2025-ci il sentyabrın 26-da həyat yoldaşının ölümü ilə nəticələnən qəzanın araşdırılmasını tələb edir.

59 yaşlı İskui [İrina] Baroyan piyada hərəkət edərkən oğlugilə qonaq getmək üçün Şartava küçəsində avtomobil yolunu keçirmiş.

Qadın ayırıcı zolağa çatmağa az qalmış onu, ehtimala görə, yüksək sürətlə gələn minik avtomobili
vurub. Qadın klinikaya yerləşdirildikdən bir neçə saat sonra vəfat edib.

"İnsanın həyatı qırıldıqda və buna görə heç kim cavab vermədikdə bu, dəhşətdir. Ölkəmizdə polis insanı qorumur… Polis vətəndaşın hüquqlarını qorumaq üçündür, amma qorumur, haradadır? Demək olar ki, bir il tamam olur, amma istintaqın heç bir cavabı yoxdur. Müstəntiq mənə ümumiyyətlə heç nə cavab vermir, istintaqın nə mərhələdə olduğunu bilməyim üçün mənə zərərçəkmiş statusu belə verməyiblər.

Heç olmasa desinlər ki, Seyran, bağışlayın, günah sizin arvadınızdadır. Mənim həyat yoldaşımın, İrinanın 60 yaşı tamam olacaqdı, dünən onun ad günü idi
", – deyə Seyran Baroyan bildirir.

"Həmin səhər də İrina evdən tez çıxdı," – Seyran Baroyan qəza gününü "Batumelebi"yə xatırlayır. – "İrina uşaq baxıcısı işləyirdi. Evdən çıxanda mənə tapşırdı ki, axşam evdə nə hazırlayım, çöldən nə alım… Biz 40 il birgə yaşamışıq, iki uşağımız var…

Axşam İrina qızımıza zəng edib ki, əvvəlcə sənə dəyəcəyəm. Sonra qızım mənə zəng edir: 'Ata, ana deyəsən haradasa itib, onunla əlaqə saxlaya bilmirəm'. Mən də zəng etməyə başladım, amma telefon xidmət şəbəkəsindən kənarda idi…. Sən demə, İrinanın telefonu həmin vaxt artıq sınmışdı.

Ən pis tərəfi odur ki, bu dəhşətli qəzadan 45 dəqiqə sonra mənimlə əlaqə saxlayırlar. Həmin vaxt huşunu itirmiş İrina Referal Xəstəxanasında ağır vəziyyətdə idi və onu hətta reanimasiyaya da qaldırmamışdılar – yalnız mən oraya çatdıqdan sonra qaldırdılar.

İrina gecə saat ikidə vəfat etdi – həkimlər dedilər ki, qanaxmanı saxlayala bilmədik", – deyə Seyran Baroyan danışır və vurğulayır ki, qəza haqqında ilk dəfə piyadanı vuran şəxsin qayınatasından eşidib. Klinikada görüş zamanı sürücünün qayınatası Seyran Baroyana polis olduğunu bildirib. Seyran Baroyan istintaqın səmərəsiz aparılmasının bu məqamla bağlı ola biləcəyini istisna etmir.

Sürücünün kimliyi istintaqa məlumdur. İndiyədək istintaq Seyran Baroyana zərərçəkmiş statusu verməyib. Şəxsə zərərçəkmiş statusu verildikdə, istintaq onu işin təfərrüatları ilə tanış edir. Bu halda isə DİN Seyran Baroyanın vəkillərinin 2026-cı ilin yanvarında göndərdiyi rəsmi sorğunu cavabsız qoyub: "Xahiş edirik bizə bildirin, cinayət işi hansı mərhələdədir və bu iş üzrə nə vaxt qərar qəbul olunacaq", – DİN-ə ünvanlanmış məktubda qeyd olunub.

"Həmin gün sürücünün qayınatası mənə zəng etdi ki, belə bir hadisə baş verib və o, artıq Referal xəstəxanasındadır. Qəzadan artıq 45 dəqiqə keçmişdi… Az sonra klinikaya çatdım və o məni tanıdı: 'Ayy, Seyran müəllim, sizsiniz?' 'Hər şeyə cavabdehik' dedilər. Bunu mənə həyat yoldaşımın qan içində olduğu və reanimasiyada deyil, hələ də təcili yardım şöbəsində olduğu bir vaxtda deyir. O mənə polis olduğunu bildirdi.

Sonra öyrəndim ki, ilk olaraq təcili yardıma hadisəni binadan görən insanlar zəng edib. İrinanı vuran sürücü qadını xilas etmək üçün təcili yardıma zəng etməyib.

İstintaqda bu qəzanın videoqeydiyyatı da var. Orada görünür ki, bu avtomobil orta zolaqda yüksək sürətlə gəlir, həmin vaxt yolumu keçən yoldaşıma yol verən avtomobili görür və onu ötüb keçir ('ötürmə' edir). Bu ötüb keçmə prosesində həyat yoldaşımı sol tərəfdən vurur… Bu hissədə maksimum icazə verilən sürət 40 km/saatdır və təsəvvür edin ki, insanı yerindəcə əzib keçibsə, hansı sürətlə gəlirmiş.

Bütün bu böyük yol sahəsində heç bir yerdə piyada keçidi ('zebr') yox idi. Orada 5 nəfər həlak olduqdan sonra keçid qoydular. Həm piyada keçidi çəkdilər, həm də sürət məhdudlaşdırıcı qoydular.

Deyirlər ki, bir ildir ekspertizanın cavabını gözləyirik. Bu məntiqə uyğundurmu? Hansı ekspertizaya 1 il vaxt lazımdır? Bunlar necə ekspertlərdir? Bu işin müstəntiqi Arçil Xaraza zəng edirəm, mənə deyir ki, 'mənim telefon nömrəm sizdə hardandır, mən materialları ekspertizaya vermişəm və gerisini bilmirəm'.

Sürücü və ya onun qayınatası ilə bir daha görüşməmişəm. Onlar mənim qohumlarımla görüşürdülər, amma mən qətiyyətlə bildirdim: Mənimlə ümumiyyətlə danışmasınlar, pul təkliflərini istəmirəm. 'Dəfn xərclərini üzərimizə götürürük' deyirdilər… Mənə adam göndərənlərə dedim ki, mən həyat yoldaşımın ruhunu satmıram. Mənim yeganə tələbim təqsirkarın qanun çərçivəsində cəzalandırılmasıdır.

Mənə deyirlər ki, bunun nə mənası olacaq: Şərti cəza verəcəklər, cərimə ödəyəcək və ya 2-3 il həbsdə olacaq, bundan nə dəyişəcək? – Mənim qəti mövqeyim odur ki, bunun böyük qüvvəsi var. Bilmirəm bunu başqa cür necə ifadə edim, cinayətkarın cəzalandırılmasını necə çox istəyirəm", – deyə Seyran Baroyan bildirib.

"Batumelebi" bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Oradan yalnız bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə davam etdirilir və müvafiq ekspertiza rəyləri gözlənilir. Qurumdan konkret olaraq hansı ekspertizanın aparıldığı dəqiqləşdirilməyib.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print Email
FaceBook Twitter Google