Mayda Pakistanın şimal-qərbindəki nəzarət-buraxılış məntəqəsində
partlayışdan sonra şiddətli atışmada 21 nəfər həlak olub.
Bu, Əfqanıstanda fəaliyyət göstərən silahlıların "əl-Qaidə"nin
dəstəyi ilə qonşu Pakistanda hədəflərə zorakı hücumlarından biri
idi.
21 il əvvəl ABŞ "əl-Qaidə"ni Əfqanıstandan çıxararaq qonşu
Pakistana sıxışdırıb. Terror şəbəkəsi xeyli zəifləyib. Ancaq
sonradan Pakistanın qəbilə bölgələrində yenidən təşkilatlanıb.
2007-ci ildə yaradılmış "Təhrik-e Taliban Pakistan" (TTP)
qruplaşması "əl-Qaidə"yə
yardım və sığınacaq verib. Bu qruplaşma
əsasən "Əfqanıstan Talibanı"nın təsiri altında olan gənclərdən
ibarətdir.
"Taliban" Əfqanıstanda hakimiyyətə qayıdandan TTP və "əl-Qaidə"nin
əlaqələri daha da güclənib.
Köhnə əlaqələr, yeni məqsədlər
"Əl-Qaidə"yə bağlı "Əs-Səhab" media fondu apreldə ilk dəfə açıq
bəyanat yayaraq, terror qruplaşmasının TTP-nin Pakistandakı
əməliyyatlarını dəstəklədiyini bildirib.
""Əl-Qaidə" ilə TTP arasındakı əlaqə praktiki dəstəkdən başlayaraq,
rəhbərlik səviyyəsində ortaq narrativin formalaşdırılmasına qədər
uzanır", – Cənubi Karolinadakı Klemson
Universitetinin professoru Əmirə Cadun AzadlıqRadiosuna
müsahibəsində bildirib.
Təhlükəsizlik səbəbindən adı açıqlanmayan pakistanlı tədqiqatçı isə
bildirib ki, "əl-Qaidə" ilə TTP arasındakı əlaqələr hazırda dərin
kök salıb və daha da güclənib.
""Əl-Qaidə"nin ərəb rəhbərliyi regionda hamıdan çox
TTP-yə etibar edir", – tədqiqatçı söyləyib.
AzadlıqRadiosunun jurnalisti Daud Xəttak yazır ki, bu iki qruplaşma
arasındakı münasibətlərin dəqiq mahiyyəti hələ də aydın deyil.
Mərkəzi və Cənubi Asiyadakı silahlı qruplaşmaları izləyən
tədqiqatçı Rikardo Alvarezin sözlərinə görə, "əl-Qaidə" 2020-ci
ildən bəri "Pakistan Talibanı"nı (TTP) özünü buraxmağa və ona
birləşməyə vadar etməyə çalışır.
"Əfqanıstan Talibanı"nın bu cəhdin arxasında dayandığı güman
edilir. "Taliban" Kabildə hakimiyyətə gələndən bəri müxtəlif
silahlı qruplaşmalara sığınacaq verib, onların üzvlərini mənzil və
müavinətlə təmin edib.
"Əfqanıstan Talibanı" TTP, "əl-Qaidə" və onun qolu olan "Hindistan
Yarımqitəsində əl-Qaidə" (AQIS) qruplaşmasının üzvlərinə yerli
şəxsiyyət vəsiqələri – təzkirələr verib. "Şərqi Türküstan İslam
Hərəkatı"nın (ETIM / Türküstan İslam Partiyası - TİP) uyğur
silahlıları da analoji sənədlərlə təmin olunublar.
"Əl-Qaidə"nin genişlənən dəstəyi
Ekspertlər deyirlər ki, "əl-Qaidə" təkcə TTP-yə kömək etmir, digər
silahlı qruplaşmalara verdiyi dəstəyi də genişləndirib. Bu
qruplaşmalardan biri "Bəlucistan Azadlıq Ordusu"dur (BLA). BLA və
TTP Pakistanın şimal və cənub bölgələrində ölkənin təhlükəsizlik
qurumlarını hədəfə alırlar. TTP Pakistanda "Taliban" tipli şəriət
qanunlarının tətbiqi uğrunda döyüşür, BLA isə müstəqil Bəlucistan
yaratmağa çalışır. BMT-nin avqust hesabatında adı açıqlanmayan bir
üzv dövlətə istinadla "əl-Qaidə"nin BLA silahlılarına təlim keçdiyi
bildirilib.
BLA 2025-ci ilin martında İran və Əfqanıstanla həmsərhəd Bəlucistan
vilayətində qatar qaçırmışdı. Pakistan təhlükəsizlik qüvvələrinin
xilasetmə əməliyyatı zamanı onlarla insan həlak olub.
Digər qruplaşma isə Əfqanıstanla həmsərhəd Xeybər-Paxtunxva
vilayətində fəaliyyət göstərən cihadçı ittifaq –
"İttihadül-Mücahidin Pakistan"dır (IMP). BMT müşahidəçilərinin
məlumatına görə, AQIS bu qruplaşmaya təlim keçir və onun
strategiyasının hazırlanmasına kömək edir. IMP Pakistanın
şimal-qərbində polis məntəqəsinə maydakı hücuma görə məsuliyyəti
üzərinə götürüb.
Ancaq Pakistanı "əl-Qaidə"nin TTP-yə dəstəyi daha çox
qəzəbləndirir. TTP 2025-ci ilin oktyabrında Əfqanıstan sərhədi
yaxınlığında Pakistan hərbi karvanını pusquya salaraq 11 əsgəri
öldürüb. Bu hücumdan sonra Pakistan sərhədin o tayına hava
zərbələri endirib, Kabili, Əfqanıstanın sərhədyanı vilayətlərini
hədəfə alıb. "Taliban"la Pakistan sərhədçiləri arasında sonradan da
vaxtaşırı toqquşmalar baş verib. Tərəflər arasında gərginlik hələ
də yüksəkdir.
Şişirdilmiş rol?
Bəzi ekspertlər "əl-Qaidə"nin bu hücumlardakı rolunun
şişirdildiyini bildirirlər.
İsveçdə yaşayan, Əfqanıstan və Pakistandakı cihadçı qruplaşmaları
araşdıran Əbdül Səid "əl-Qaidə" ilə TTP arasındakı əlaqələri "mif"
adlandırıb. Səid AzadlıqRadiosuna bildirib ki, "əl-Qaidə" 11
Sentyabr hücumlarından sonra yerli silahlılara təlim verməklə
Pakistanda cihadçı üsyanın formalaşmasına kömək edib, amma 2014-cü
ildən bəri onun təsiri xeyli zəifləyib.
Səidin sözlərinə görə, əsasən Pakistana yönəlmiş məqsədlərini
həyata keçirmək üçün TTP-nin "əl-Qaidə"nin dəstəyinə ehtiyacı
yoxdur.
""Əl-Qaidə"nin qlobal gündəliyi TTP-nin Pakistandakı
məqsədlərinə ziddir. İndi TTP bir istiqamətdə, "əl-Qaidə" isə
fərqli strateji yolla gedir. Ancaq, təbii ki, ideoloji baxımdan
onların bir sıra ortaq cəhətləri var", – deyən Səid
əlavə edib ki, "Taliban" 2021-ci ildə hakimiyyətə qayıdandan sonra
TTP dəfələrlə "əl-Qaidə"dən uzaqlaşmağa çalışıb.
İki qruplaşma arasında ən sıx əməkdaşlıq media və təbliğat
sahəsində müşahidə olunur.
Cadunun sözlərinə görə, elə əsas məsələ də narrativdir; AQIS
Pakistanı Vaşinqtonun əlaltısı kimi qələmə verməklə, TTP-nin ölkə
daxilində apardığı savaşı Birləşmiş Ştatlara qarşı qlobal cihadın
bir hissəsi kimi təqdim edir:
""Pakistan Talibanı"
(TTP) özü də bilmədən və ya istəmədən, apardığı mübarizə ilə
birbaşa "əl-Qaidə"nin qlobal hədəflərinə xidmət etmiş
olur".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.