Sanksiya rejiminə əməl edəcəyik – Aviasiya Agentliyi İran aviaşirkətləri barədə
Gürcüstan Mülki Aviasiya Agentliyi ABŞ tərəfindən İran aviaşirkətlərinə qarşı tətbiq edilən sanksiyalarla bağlı bəyanat yayıb və Gürcüstan tərəfinin “beynəlxalq sanksiyalar rejiminə tam riayət etməklə” hərəkət edəcəyini açıqlayıb.

“Gürcüstan beynəlxalq tərəfdaşlarımız tərəfindən tətbiq edilən sanksiyalara fəal şəkildə əməl edir və onların icrasını təmin edir. Bu, aviasiya sektoruna da aiddir”, – agentliyin bəyanatında deyilir.

Sentyabrın 10-na olan məlumata görə, ABŞ-ın sentyabrın 8-də sanksiya tətbiq etdiyi İran aviaşirkətləri Gürcüstana uçuşlarını davam etdirirlər. Bu gün Tehrandan Tbilisiyə Varesh Airlines və Qeshm Air aviaşirkətlərinin reysləri, Batumiyə isə Taban Air və Sepehran Airlines aviaşirkətlərinin reysləri planlaşdırılıb. Dörd aviaşirkətin hamısına qarşı ABŞ sanksiyaları qüvvədədir.

Agentliyin bəyanatında İran aviaşirkətlərinin Gürcüstana uçuşlarının hansı tarixdən etibarən məhdudlaşdırıla biləcəyi konkretləşdirilməyib.

Qurumun məlumatına görə, xarici aviaşirkətlərin Gürcüstanın aviasiya bazarına buraxılması zamanı ölkə milli qanunvericiliyi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartları, eləcə də ikitərəfli və çoxtərəfli beynəlxalq sazişləri rəhbər tutur.

Agentlik həmçinin qeyd edir ki, Gürcüstan Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq edilən sanksiya mexanizmlərini nəzərə alır.

“Sərnişinlərin, yerli aviasiya bazarının və infrastrukturun təhlükəsizliyinin təmin edilməsi məqsədilə Gürcüstan Mülki Aviasiya Agentliyi illərdir əlavə monitorinq mexanizmi kimi Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin sanksiya siyahısından – Specially Designated Nationals and Blocked Persons List (SDN List) – və OFAC tərəfindən idarə olunan bütün digər sanksiya siyahılarından istifadə edir”, – agentlik bildirir.

Qurumun məlumatına görə, bu mexanizm çərçivəsində Gürcüstan əvvəllər də bir neçə aviaşirkətin fəaliyyətini məhdudlaşdırıb və gələcəkdə də beynəlxalq tələblərə və müvafiq sanksiya mexanizmlərinə riayət olunması davam etdiriləcək.

“ABŞ tərəfindən açıqlanan genişləndirilmiş sanksiya siyahısına hazırda Gürcüstanla İran arasında hava əlaqəsini həyata keçirən aviaşirkətlər daxil olduğundan, Gürcüstan tərəfi digər hallarda olduğu kimi, indi də beynəlxalq sanksiyalar rejiminə tam riayət etməklə hərəkət edəcək”, – bəyanatda deyilir.

İrandan uçuşlar
Tbilisi və Batumiyə birbaşa uçuşları altı İran aviaşirkəti həyata keçirir:
  • Qeshm Air,
  • Varesh Airlines,
  • Sepheran Airlines,
  • Fly Kish Airlines,
  • Taban Airlines,
  • AVA Airlines.
İran aviaşirkətlərinə qarşı sanksiyalar
Sentyabrın 8-də OFAC İranın aviasiya sektoruna dəstək verdiklərinə görə 36 şirkət və təşkilata qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İran hakimiyyəti aviasiya sektorundan silah, şəxsi heyət və qanunsuz yüklərin daşınması üçün istifadə edir.

Sanksiyalar 27 İran aviaşirkətinə şamil olunub. Onların arasında Gürcüstan istiqamətində reyslər həyata keçirən şirkətlər də var.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyaların hədəfinə həmçinin gizli şirkətlər, xarici vasitəçilər və İranın Amerika istehsalı olan təyyarələri və texnologiyaları əldə etmək üçün istifadə etdiyi marşrutlar düşüb. Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) isə maliyyə institutlarını İranın aviasiya sənayesini dəstəkləyən satınalma şəbəkələri barədə məlumat təqdim etməyə çağırıb.

ABŞ Maliyyə Nazirliyi həmçinin sanksiya tətbiq edilmiş İran aviaşirkətlərinə, o cümlədən təyyarələrin təhvil verilməsi, yüklərə xidmət göstərilməsi və satış agenti xidmətlərinin göstərilməsi yolu ilə yardım edən xarici şirkət və şəxsləri xəbərdar edir. Vaşinqtonun bəyanatına görə, belə şirkət və şəxsləri “ciddi nəticələr” gözləyir.

Sanksiyalar ABŞ Maliyyə Nazirliyinin avqust ayında başlatdığı “İqtisadi Təcrid Əməliyyatı” (Operation Economic Outcast) kampaniyasının bir hissəsidir. Kampaniyanın hədəf sahələri arasında aviasiya, texnologiyalar, rəqəmsal aktivlər, qızıl və daşımalar da var.

2026-cı ilin avqust ayının sonunda ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı sanksiyaların yeni mərhələsini elan edib. Vaşinqtonun qiymətləndirməsinə görə, bu sanksiyalar Tehranın əsas gəlir mənbələrinə çıxışını məhdudlaşdırmalı idi.

ABŞ-ın İrana qarşı apardığı və enerji daşıyıcılarının qiymətlərinin qlobal miqyasda artmasına səbəb olan münaqişə artıq yeddinci ayındadır. Hazırda ağır döyüşlər dayandırılıb, lakin müharibənin başa çatdırılması üçün diplomatik səylər irəliləmir, Hörmüz boğazında neft və xammal daşımaları isə hələ də pozulmuş vəziyyətdədir.
  • 2023-cü ilin mayında Gürcüstanla Rusiya arasında birbaşa hava əlaqəsi bərpa edildi. Gürcüstan hökuməti həmin vaxt bildirirdi ki, ölkəyə yalnız beynəlxalq sanksiyalara məruz qalmayan aviaşirkətlər və hava gəmiləri uçuşlar həyata keçirəcək.
  • Gürcüstan Mülki Aviasiya Agentliyi 2023-cü il mayın 15-də bunun Gürcüstanın “qəti mövqeyi” olduğunu və aviaşirkətlərin müraciətlərinin sanksiyalara uyğunluq baxımından yoxlanılacağını açıqlamışdı. Həmin dövrdə Baş nazir İrakli Qaribaşvili də bildirirdi ki, Gürcüstana nə sanksiya tətbiq edilmiş aviaşirkət uçacaq, nə də sanksiya tətbiq edilmiş hava gəmisi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google