Ukrayna parlamenti baş prokurorun istefasını təsdiqlədi
10:15 / 16.09.2026
Ukrayna parlamenti sentyabrın 15-də ölkənin baş prokurorunun
istefasını təsdiqləyib.
Ruslan Kravçenko istefa ərizəsi təqdim edəndən sonra prezident
Volodimir Zelenski onun tez bir zamanda vəzifəsindən
kənarlaşdırılmasını tələb etmişdi.
Səsvermədən əvvəl Kravçenko sosial media paylaşımında parlamentin
istənilən qərarını qəbul edəcəyini bildirib. O əlavə edib ki, belə
bir addım “parlamentin özünün qərarı olmalıdır. Prezidentin əmri,
parlament "rəhbərinin" tələbi, anti-korrupsiya qurumları
rəhbərlərinin
isterik tələbi olmamalıdır. Onlar və onların yaxın
ətrafı korrupsiya əməllərinə bulaşıblar. Ən vacibi, (bu qərar) bu
gün müşahidə etdiyimiz siyasi və media təzyiqinin nəticəsi
olmamalıdır”.
Ukraynanın baş prokuroru NABU rəhbərini ittiham edib və
ölkədən çıxıb
Ukraynanın baş prokuroru Ruslan Kravçenko Ukrayna Milli
Antikorrupsiya Bürosunun (NABU) direktoru Semen Krivonosu rəsmən
şübhəli şəxs elan edib. Baş prokuror bu barədə sentyabrın 14-də
səhər saatlarında özünün Telegram-kanalındakı videomüraciətində
məlumat verib. Hadisədən qısa müddət sonra Kravçenkonun ölkəni tərk
etdiyi məlum olub.
Kravçenko ötən həftə istefa ərizəsi təqdim edib. Bu, NABU və Xüsusi
Antikorrupsiya Prokurorluğunun (SAP) keçirdiyi səs-küylü "Karfagen"
əməliyyatı fonunda baş verib. NABU həmin vaxt prokurorluq daxilində
cinayətkar qruplaşmanın ifşa olunduğunu bildirmişdi. Qurumun
məlumatına görə, şəbəkə iştirakçıları dələduzluqla məşğul olan
çağrı mərkəzlərini himayə edərək qanunsuz gəlir əldə edib və
milyonlarla vəsaiti leqallaşdırıblar.
Sonradan bu iş üzrə Baş Prokurorluğun Beynəlxalq Əməkdaşlıq
Departamentinin rəhbər müavini Sergiy Kropiva və Elizaveta
İvaxnenko həbs ediliblər.
Kravçenkonun iddiaları
Kravçenko iddia edir ki, "Karfagen" əməliyyatının məqsədi NABU və
SAP rəhbərliyi, eləcə də əməkdaşları ilə bağlı materialları ələ
keçirmək olub və həmin sənədlərin bir hissəsi sonucda
"oğurlanıb".
"Əsassız danışmamaq üçün toplanmış sübutlar əsasında NABU-nun
direktoru Krivonosu rəsmən şübhəli şəxs elan edən sənədə qol
çəkdim. Mən onu qanunsuz gəlir əldə etmək məqsədilə rəsmi sənədləri
saxtalaşdırmaqda və saxta övladlığa götürmədə şübhəli
bilirəm", – "Hromadske" Kravçenkonun bu sözlərini
sitat gətirir.
Onun sözlərinə görə, iş üzrə ikinci şübhəli şəxs SAP rəhbəri
Oleksandr Klimenkonun yaxınıdır.
Kravçenko həmçinin Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin
rəhbərinə təsir göstərildiyini, ona qanunsuz qazanc təklif
olunduğunu və səfərbərlikdən yayınmaqda köməklik göstərildiyini
vurğulayıb.
Kravçenkonun iddiasına görə, indiyədək tədbir görməyib, çünki
prezident Volodimir Zelenski, həmçinin NABU və SAP ona "mane olub.
O bildirib ki, həmin qurumlar rəsmi ittiham irəli sürməmək
qarşılığında ona toxunulmazlıq təklif ediblər.
NABU və SAP-ın bəyanatı
NABU və SAP isə bu açıqlamaları müstəqil antikorrupsiya orqanlarına
qarşı sistemli hücumların davamı kimi qiymətləndirib.
"Bu hücum bu gün başlamayıb. Hələ ötən ilin yayında
onun fəal mərhələsinə start verilib. Həmin vaxt əsas hədəflərdən
biri NABU və SAP-ı Baş Prokurorluğa tabe etdirmək cəhdi
idi", – bəyanatda vurğulanır.
Büro Krivonosa heç hansı bir şübhə bildirişinin rəsmən təqdim
edilmədiyini açıqlayıb.
Zelenski isə bildirib ki, "bu baş prokurorun yalnız bir çıxış yolu
var – vəzifəsindən uzaqlaşdırılmaq": "Ona məhz bunu
dedim. Ukrayna bunun bütün səbəblərini gördü. Əgər o, bunu siyasi
təzyiq hesab edirsə, qoy elə də desin. Deputatlardan onun dərhal
vəzifədən uzaqlaşdırılmasını dəstəkləmələrini xahiş
edirəm".
"Ukrainska pravda" hüquq-mühafizə orqanlarındakı mənbələrinə
istinadla Kravçenkonun sentyabrın 14-nə keçən gecə xidməti
avtomobillə ölkədən çıxdığını bildirib.
Sonradan Kravçenko ölkəni tərk etdiyini özü də təsdiqləyib. O,
xaricə ezamiyyətə getdiyini və səfər çərçivəsində bir sıra rəsmi
görüşlərinin planlaşdırıldığını deyib.
Kravçenko bildirib ki, beynəlxalq tərəfdaşları antikorrupsiya
orqanları sistemindəki real vəziyyət, "bu qurumların nəzarətsiz
şəkildə hakimiyyəti öz əllərinə almaq cəhdləri, eləcə də bunun
Ukraynanın dövlət suverenliyi, qanunun aliliyi və demokratik
institutları üçün yaratdığı risklər" barədə məlumatlandırmaq
niyyətindədir.
Xatırlatma
Kravçenko ətrafındakı qalmaqal Zelenski hökumətinə kölgə salan
korrupsiya ittihamları fonunda xüsusilə diqqət çəkir.
Zelenskinin administrasiya başçısı Andriy Yermak ötən il istefa
verməyə məcbur olub. O, "Enerqoatom" dövlət nüvə enerjisi
şirkətinin podratçılarından yüz milyonlarla dollar məbləğində
"otkat" (rüşvət) alınması sxemi ilə bağlı araşdırma çərçivəsində
saxlanılıb, sonradan 3 milyon dollarlıq girov qarşılığında sərbəst
buraxılıb.
İyulda müdafiə naziri postundan uzaqlaşdırılan Mixaylo Fedorov
müdafiə sektorundakı korrupsiyadan açıq və sərt şəkildə
şikayətlənib. Bir çox müşahidəçi bunu Zelenskiyə açıq çağırış kimi
qiymətləndirib. Fedorovla ciddi fikir ayrılığı yaşayan Ukrayna
Silahlı Qüvvələri baş komandanı, general Oleksandr Sırski də
vəzifəsindən uzaqlaşdırılıb.
Bu qalmaqallarda birbaşa Zelenskinin əli olduğuna dair heç bir
iddia səsləndirilməyib. Daha əvvəl isə ədliyyə və energetika
nazirləri istefaya göndərilib və ya vəzifələrindən azad
ediliblər.
Zelenski iyulda hökumətin tərkibini tamamilə yeniləyib. O, Yuliya
Sviridenkonu baş nazir postundan kənarlaşdırıb, yerinə "Naftoqaz"
dövlət enerji şirkətinin rəhbəri Sergiy Koretskini təyin edib.
Zelenski ölkənin Vaşinqtondakı səfirini də dəyişib. Diplomata qarşı
da korrupsiya iddiaları irəli sürülüb.
Qalmaqallar Zelenskinin nüfuzuna xələl gətirib. Son ictimai rəy
sorğuları onun reytinqinin zəiflədiyini və bir sıra tanınmış
xadimlərdən geridə qaldığını göstərir.
Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı rəy
sorğularında öndə gəlir. O, hazırda Ukraynanın Londondakı səfiri
vəzifəsində çalışır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.