Tamaz Boraşvili Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təsdiqlənib

Bu gün, 16 sentyabr tarixində mübahisəli Parlament Tamaz Boraşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəisi seçib. Onun namizədliyini 83 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb.



İclasda səsvermə məsələ müzakirə olunmadan keçirilib. Bura qədər Boraşviliyə Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında dinlənilib. İclasın xidmətin gələcək rəisinin prioritetləri təqdim etdiyi hissəsi açıq, sual-cavab hissəsi isə qapalı keçirilib.

Komitə Tamaz Boraşvilinin namizədliyini, eləcə də onun təsdiqlənməsi məsələsinin plenar iclasda müzakirə olunmadan keçirilməsini yekdilliklə dəstəkləyib.

Tamaz Boraşvili komitənin iclasında "Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidzeyə göstərilən etimada görə və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə" namizədliyinin irəli sürülməsinə görə təşəkkür edib.

"Mənim üçün ölkənin təhlükəsizliyinin təmin edilməsində həlledici rolu olan bir quruma rəhbərlik etmək böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir".

Tamaz Boraşvilinin sözlərinə görə, o, uzun illərdir Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətində çalışır və "bu illər ərzində peşəkar fəaliyyətimin əsas məqsədi Gürcüstanın milli maraqlarını, dövlətin təhlükəsizliyini və ölkəmizin sülhünü qorumaq olub". O bildirib ki, "bu sistemin spesifikasiyasını, imkanlarını və ölkəmizin üzləşdiyi çağırışları yaxşı bilir".

"Bu təcrübədə bir şeyi xüsusilə aydın gördüm"
"Təhlükəsizlik bir dəfə əldə olunan reallıq deyil, onun qorunmağa, daimi əməyə, ayığ-sayıqlığa və öz vəzifəsini böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirən güclü təsisatlara və insanlara ehtiyacı var", — Tamaz Boraşvili deyib və bu xidmətin rəhbəri postunu tutacağı təqdirdə onun üçün prioritet olacaq əsas fəaliyyət istiqamətlərini sadalayıb.

Prioritetlər: Təhdidlərin erkən mərhələdə aşkar edilməsi
"Mənim və Dövlət Təhlükəsizlik Xidmətinin hər bir əməkdaşının səyləri Gürcüstan vətəndaşlarının təhlükəsizliyini, ölkəmizin konstitusiya quruluşunu və milli maraqlarını qorumaq üçün təhdidlərin erkən mərhələdə aşkar edilməsinə, qarşısının alınmasına və aradan qaldırılmasına yönələcək", — Tamaz Boraşvili qeyd edib.

Onun sözlərinə görə, ölkənin demokratik və dayanıqlı inkişafı sülh və təhlükəsizliyin təmin edilməsi üçün möhkəm təməl yaradır. Ölkədəki sabit mühit isə Gürcüstanın cəlbediciliyini təkcə beynəlxalq səviyyədə dəyil, həm də işğal olunmuş regionlarda artırır ki, bu da ərazi bütövlüyünün bərpası məqsədilə davam edən sülh proseslərinə mütləq təsir göstərir.

"Gürcüstan dövlətinə ən böyük təhlükə Rusiyanın Abxaziya və Tsxinvali regionlarından gəlir"
"Bu istiqamətdə Dövlət Təhlükəsizlik Xidmətinin prioriteti işğalçı qüvvələrin həyata keçirdiyi ilhaqa yönəlmiş tədbirlər, qanunsuz saxlamalar və sözdə borderizasiya (sərhədlərin qanunsuz çəkilməsi) kimi çağırışlara reaksiya vermək olaraq qalacaq. Xidmətin səyləri imkan daxilində işğal olunmuş ərazilərdə yaşayan Gürcüstan vətəndaşlarının fundamental hüquqlarını qorumağa imkan verən yeni mexanizmlərin yaradılmasına və mövcud olanların təkmilləşdirilməsinə yönələcək", — Tamaz Boraşvili bəyan edib.

Onun sözlərinə görə, mandat çərçivəsində xidmətin Cenevrə Beynəlxalq Diskussiyaları və İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Verilməsi Mexanizmləri (IPRM) çərçivəsində keçirilən görüşlərdə iştirakı,
eləcə də Gürcüstandakı Aİ Monitorinq Missiyası ilə əməkdaşlıq davam etdiriləcək.

Hibrid müharibə
DTX rəhbərliyinə namizəd komitə iclasında bildirib ki, son illərdə Gürcüstan hakimiyyətinə qarşı "müxtəlif daxili və xarici aktorlar tərəfindən hibrid müharibə alətlərindən istifadə edilməklə intensiv təzyiqlər" aparılıb, lakin konkret aktorların adını çəkməyib.

"Biz ölkədə siyasi mühitin sabitliyini pozmaq və hakimiyyəti zorakı yolla dəyişmək cəhdlərini dəfələrlə görmüşük. Müvafiq olaraq, Dövlət Təhlükəsizlik Xidməti təbliğat kampaniyalarının, sözdə yumşaq gücün, gizli əməliyyatların və ölkənin maraqlarına zərər vuran digər əməllərin aşkar edilməsi, qarşısının alınması və önlənməsi məqsədilə fəaliyyətini intensiv rejimdə davam etdirəcək. Bununla yanaşı Gürcüstan və bütövlükdə Cənubi Qafqaz bir-biri ilə qarşı-qarşıya gələn müxtəlif böyük aktorların rəqabət apardığı əsas sahələrdən biri olaraq qalır, o cümlədən regionda planlaşdırılan beynəlxalq layihələrə görə."

Onun sözlərinə görə, "bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının Gürcüstanda gedən proseslərə marağı yüksəkdir. Ayrı-ayrı hallarda onların tərəfindən ölkəmizin maraqlarına qarşı yönəlmiş müxtəlif növ kəşfiyyat və ya əməliyyat tədbirləri həyata keçirilir".

Müvafiq olaraq, Tamaz Boraşvili əks-kəşfiyyat fəaliyyətinin təkmilləşdirilməsini də öz prioriteti kimi göstərib.

"Fəaliyyət çərçivəsində Gürcüstanda xarici ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyətinin və onların prioritetlərinin aşkar edilməsi ilə yanaşı, onlar tərəfindən həyata keçirilən aktiv tədbirlərin, o cümlədən Gürcüstanda separatizm, millətçilik, eləcə də etnik və dini zəmində qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasına üstünlük veriləcək".

Miqrasiya axınları
Təhlükəsizlik riskləri siyahısında Tamaz Boraşvili "dünyanın müxtəlif regionlarında silahlı münaqişələr və ağır sosial-iqtisadi vəziyyət fonunda miqrasiya axınlarının artması meylini" də göstərib ki, bu da onun sözlərinə görə, "regionumuzda təhlükəsizlik risklərini artırır".

İnformasiya texnologiyaları və kibertehlükəsizlik
Tamaz Boraşvili ölkənin suverenliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün informasiya-texnologiya infrastrukturu və informasiya sistemlərinin qorunmasını vacib amil adlandırıb və bildirib ki, "ölkə üçün kibertehlükəsizliyin dayanıqlı sistemlərinin inkişafı kritik dərəcədə vacibdir".

Onun sözlərinə görə, "xidmət müasir texnologiyalarla təmin olunub, müvafiq ixtisaslı kadrları, müasir kibertehlükəsizlik çağırışlarının öhdəsindən gəlməyə qadir olan hazır şəxsi heyəti var".

Terrorizm risklərindən danışarkən Boraşvili bildirib ki, "illər ərzində Gürcüstanda terrorçu təşkilatların mühüm aktivliyi müşahid olunmayıb. Ölkədə strukturlaşdırılmış terrorçu qruplaşmalar yoxdur, terrorizmin maliyyələşdirilməsi imkanları son dərəcə azaldılıb, Gürcüstanda terror ideyalarının ehtimal olunan tərəfdarlarının sayı isə çox azdır".

Korrupsiyaya qarşı mübarizə
Tamaz Boraşvili korrupsiyaya qarşı mübarizəni "yenə də mühüm çağırış" adlandırıb və bunun prioritet istiqamət kimi qalacağını bildirib.

Qurumun kadrları
"Mənim prioritetim Dövlət Təhlükəsizlik Akademiyasının ali təhsil müəssisəsi kimi sonrakı inkişafı və ona dəstək olacaq", — Boraşvili qurum üçün ixtisaslı kadrların hazırlanması məsələsindən danışarkən deyib.

Mövcud qanunvericiliyə əsasən, DTX rəisi 6 illik müddətə seçilir, lakin il yarım ərzində parlament dördüncü dəfədir ki, rəis seçməli olur.

Tamaz Boraşvilinin DTX rəisi təyin olunması onun sələfi Gela (Geka) Geladzenin vəzifədən getmək qərarı ilə şərtlənib. Bu barədə sentyabrın 14-də qurumun Facebook səhifəsində dərc olunan postdan məlum olub. Geladze Daxili İşlər nazirinin müavini təyin edilib.

Tamaz Boraşvilinin bioqrafiyası
Tamaz Boraşvili 2025-ci ilin sentyabrından DTX rəisinin müavinlərindən biri, bundan əvvəl isə DTX-nin Dövlət Təhlükəsizliyi Departamentinin direktoru olub.

İrakli Kobaxidze onun namizədliyini təqdim edərkən bildirib ki, Tamaz Boraşvili "son iki onillikdə dövlət təhlükəsizlik sisteminin rəhbəri vəzifəsini tutacaq ilk peşəkar (karyera) nümayəndəsidir".

Kadr statistikası
Gela Geladze Dövlət Təhlükəsizlik Xidmətinin rəisi kimi beş ay xidmət edib.

Son il yarım ərzində o, təhlükəsizlik xidmətinin postunu altı illik müddətdən əvvəl tərk edən dördüncü rəisi olub.

  • Qriqol Liluaşvili DTX rəisi postunu 2025-ci il aprelin 2-də tərk edib. Hazırda o, rüşvət almaq ittihamı ilə həbsdədir, lakin ittihamı təkzib edir;
  • Onun əvəzləyicisi Anri Oxanaşvili bu vəzifədə natamam beş ay işləyib və avqustun 23-də istefa verib;
  • Oxanaşvilini 2025-ci il sentyabrın 3-də rəsmi olaraq "Gürcü Arzusu"nun liderlərindən biri olan Mamuka Mdinaradze əvəz edib;
  • Mamuka Mdinaradze də natamam səkkiz aydan sonra, 2026-cı il aprelin 21-də vəzifəsindən ayrılıb.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google