Feyrford aviabazası ilə bağlı istintaq genişlənir: Britaniya və İran vətəndaşı saxlanılıb
Oktyabrın 1-də Feyrford aviabazası yaxınlığında şübhəli fəaliyyətlə bağlı istintaq çərçivəsində Londonda Britaniya və İran vətəndaşlığı olan 27 yaşlı kişi saxlanıb.

"Reuters" və Britaniyanın terrorla mübarizə polisinin məlumatına görə, həmin şəxs terror aktları hazırlamaqda şübhəli bilinərək Vestminsterdə nəzarətə götürülüb. Müstəntiqlər həmçinin 26 yaşlı Britaniya vətəndaşını da hüquqi xəbərdarlıq etməklə dindirib və Londonda iki ünvanda axtarış aparıblar.

İstintaq sentyabrın 27-də polisin Feyrford aviabazası yaxınlığında beş britaniyalı kişini saxlaması ilə başlayıb. Londonda yaşayan və 23-25 yaşlarında olan bu şəxslər polisin diqqətini çəkən üç avtomobildə hərəkət ediblər. Onlar əvvəlcə partlayıcı maddələr haqqında qanun əsasında saxlanılsalar da, sonradan barələrində terror aktı hazırlama şübhəsi ilə araşdırma başladılıb.

Polis ertəsi gün beş nəfərin hamısını şərti olaraq sərbəst buraxılıb, amma onlara qarşı istintaq hərəkətləri davam etdirilir. Polis həmin şəxslərin sərbəst buraxılmasının işin bağlanması anlamına gəlmədiyini, onlara məhdudiyyətlər qoyulduğunu bildirib.

Polisin məlumatına görə, avtomobillərdə aparılan sonrakı axtarışlar zamanı əldəqayırma partlayıcı qurğular aşkarlanmasa da, müəyyən miqdarda benzin götürülüb.

Qlosterşir qraflığında yerləşən və Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus plan Feyrford aviabazasından ABŞ hərbi kontingenti müntəzəm istifadə edir. Bu baza ABŞ bombardmançılarının İrana qarşı əməliyyatlarına da logistik dəstək verib.

Britaniya rəsmiləri hadisənin İranla mümkün əlaqəsini araşdırır. Sentyabrın 30-da baş nazir Endi Bernem hadisədə İranın iştirakına dair "güclü əlamətlər" olduğunu bildirib, ancaq detalları açıqlamayıb.

Oktyabrın 1-də İran hakimiyyəti Britaniya hökumətinin iddialarına etirazını bildirmək üçün bu ölkənin Tehrandakı səfiri Hüqo Şorteri Xarici İşlər Nazirliyinə çağırıb.

Britaniya hakimiyyəti son saxlanmaya hansı konkret sübutların əsas yaradığını ictimaiyyətə açıqlamayıb. Terrorla mübarizə polisi bu işi "mürəkkəb" adlandırıb, müstəntiqlərin bir neçə istiqamətdə, o cümlədən xarici dövlətin hadisədəki mümkün iştirakı üzrə araşdırmaları davam etdirdiyini bildirib.

1 oktyabr
Britaniya baş naziri aviabaza yaxınlığındakı insidenti İranla əlaqələndirdi

ABŞ qüvvələrinin İrana zərbələr endirmək üçün istifadə etdiyi Britaniya hərbi hava bazası yaxınlığındakı şübhəli fəaliyyətdə Tehranın iştirakına dair "güclü əlamətlər" var. Bunu Britaniyanın baş naziri Endi Bernem
sentyabrın 30-da bildirib.

Həmin insident polisin irimiqyaslı əməliyyatına səbəb olub. Sentyabrın 27-də İngiltərənin qərbindəki Feyrford hərbi hava bazası yaxınlığında 20-29 yaşlarında beş britaniyalı kişi terrorçuluq və partlayıcı maddələrlə bağlı cinayətlərdə şübhəli bilinərək saxlanılıb.

Şübhəlilərin hamısı Londonda yaşayır. Onlar istintaq getdiyi müddətdə zaminə buraxılıblar.

"Həftəsonu Feyrford hərbi hava bazasında baş verənlərdə İranın roluna dair güclü əlamətlər var. Amma, əlbəttə ki, mürəkkəb və ciddi polis istintaqı hələ də davam edir", – Bernem BBC-yə müsahibəsində deyib.

İranın xarici işlər naziri isə Abbas Əraqçi Britaniyanın ittihamlarını rədd edərək Londonun günahkarı yanlış yerdə axtardığını bildirib. Əraqçi sentyabrın 30-da, Bernemin açıqlamasından bir neçə saat sonra sosial şəbəkədə yazıb ki, xarici dövlətə işlədiyi iddia olunan "terrorçuların" sərbəst buraxılması "özlüyündə çox şeyi ifadə edir".

Bernemin bu açıqlamasınadək Britaniya Feyrfordda baş verənləri rəsmən İranla əlaqələndirməmişdi. Terrorla mübarizə polisi isə bildirmişdi ki, istintaq xarici dövlətin iştirakı ehtimalını, eləcə də "bilərəkdən və ya bilməyərək xarici dövlət adından fəaliyyət göstərən" şəxslərin hadisədə rolunu araşdırır.

Polis İran izini araşdırır
Britaniyanın terrorla mübarizə polisi Feyrford Kral Hərbi Hava Qüvvələri (RAF) bazası yaxınlığında qarşısı alınan terror planında İran izini araşdırır. ABŞ qüvvələrinin İran əleyhinə əməliyyatlarda istifadə etdiyi bu strateji aviabaza yaxınlığında beş nəfərin saxlanılmasının yeni detalları məlum olub.

Şübhəlilər sentyabrın 27-si səhər saxlanılıb. Məlumata görə, yerli sakin Uelford yaxınlığında şübhəli üç furqon və maskalı şəxslər görərək təcili xidmətlərə məlumat verib. Təhqiqatçılar sonradan avtomobillərdə əldəqayırma partlayıcı qurğuların hazırlanmasında istifadə oluna biləcək materiallar aşkarlayıblar. Tapılan qurğuların işlək olub-olmadığı hələ araşdırılır.

Köynəksiz və qandallı şübhəlilər
Furqonlardan birinin üzərində "FUEL 2YOU" yazısı və bir telefon nömrəsi qeyd olunub. Oxşar adla qeydiyyatdan keçmiş yanacaq şirkəti avtomobilin ona məxsus olmadığını, adından icazəsiz istifadə olunduğunu bildirib.

Sentyabrın 28-də yayılan fotolarda saxlanılan beş şübhəlinin köynəksiz və əlləri qandallı olduğu görünür. "The Guardian" yazıb ki, onların üst geyimləri gizlədilmiş silah və ya intiharçı jiletlərinin olması ehtimalına qarşı, ehtiyat tədbiri kimi çıxarıla bilərdi. Polis bunu hələlik rəsmən təsdiqləməyib.

Yerli şura üzvü Tristan Uilkinson sentyabrın 27-də "Reuters"ə bildirib ki, rəsmilər hələ altı həftə əvvəl İrandan Feyrford aviabazasına yönəlmiş konkret təhlükə barədə məlumatlı idilər. Onun sözlərinə görə, həmin vaxtdan bəri ərazidə nəzarət xeyli gücləndirilmişdi.

Britaniyanın müdafiə naziri Ues Stritinq tələsik nəticə çıxarmamağa çağırıb. Sentyabrın 28-də İranın bu planda mümkün iştirakı barədə sualı cavablandıran nazir vurğulayıb ki, "hər hansı şərh vermək və ya ehtimal irəli sürmək üçün hələ çox tezdir" və bunu etmək məsuliyyətsizlik olardı. Nazir ABŞ-nin müdafiə naziri Pit Heqsetlə danışdığını, Britaniyanın ABŞ ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini bildirib.

Təhlükəsizlik tədbirləri
Sentyabrın 27-də təxminən 85 evin sakinləri təxliyə edilib, furqonların yoxlanması üçün ərazinin ətrafında 400 metrlik təhlükəsizlik perimetri yaradılıb. Polis beş nəfərin hələ də gözaltında saxlanıldığını və istintaqın davam etdiyini bildirir.

Britaniya mediasının məlumatına görə, hadisədən sonra ölkə ərazisində ABŞ ordusunun istifadə etdiyi digər hərbi bazalarda, o cümlədən Leykenhit və Mildenholl obyektlərində də təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb.

Bu hadisə Böyük Britaniyada xarici dövlətlərin düşmənçilik fəaliyyətləri ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir. Ölkənin daxili işlər naziri Şabana Mahmud bundan əvvəl İran və Rusiyanı Britaniya ərazisində cinayət törətmək üçün yerli proksilərdən istifadə etməkdə günahlandırmışdı.

Bu ayın əvvəlində yayılan hesabatlara görə, son bir ildə Britaniyanın hərbi baza və obyektləri 300 dəfədən çox dronların hədəfinə çevrilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google