İki ay öncə Səudiyyə Ərəbistanı Pakistan və Türkiyə ilə birgə
müdafiə sazişi imzaladı.
Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının hücumları indi
sazişi sınağa çəkir. "Məkkə Paktı"na görə, üç dövlətdən hər hansı
birinə edilən silahlı hücum onların hamısına qarşı hücum
sayılır.
Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət
qüvvələri arasında döyüşlər qızışıb. Ekspertlər bildirirlər ki,
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanına
dəstək məqsədilə fəal
hərbi müdaxilə edərsə, bu, ABŞ-İran münaqişəsi fonunda regional
gərginliyi artıra bilər.
Yaxın Şərq üzrə təhlilçi Əli Sədrzadə AzadlıqRadiosunun "Radio
Fərda" xidmətinə müsahibəsində deyib:
"Türkiyə və
Pakistanın müharibəyə qoşulması vəziyyəti son dərəcə
mürəkkəbləşdirər".
Oktyabrın 5-də üç ölkə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda
təcili görüş keçirib. Həmin gün Yəmən hökumət qüvvələri
Babül-Məndəb boğazına faktiki nəzarəti ələ keçirdiklərini
açıqlayıblar. Husilər bu iddianı rədd ediblər.
Husilər ötən ay Qırmızı dəniz sahilindəki Moxa liman şəhərini və
boğaz ətrafındakı digər strateji əraziləri ələ keçiriblər. Onlar
xəbərdarlıq ediblər ki, Səudiyyə Ərəbistanının hava məkanı "silahlı
qüvvələrimizin əməliyyat meydanına çevriləcək".
Yəməndə son döyüşlər təxminən 184 min insanı ev-eşiyindən didərgin
salıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Sultan
sosial şəbəkədə yazıb ki, üç ölkə "hücumlara və onlara görə
məsuliyyət daşıyanların hamısına cavab olaraq" alyans çərçivəsində
kollektiv çəkindirmə tədbirlərini işə salmağa razılaşıb.
Qaynayan münaqişə
Səudiyyə Ərəbistanı ilə husilər arasında qarşıdurmanın çoxillik
tarixi var.
Husi üsyançıları paytaxt Sənanı ələ keçirib beynəlxalq səviyyədə
tanınan hökuməti ölkədən qaçmağa məcbur etdikdən sonra Səudiyyə
Ərəbistanı 2015-ci ilin martında Yəmənə hərbi müdaxiləyə başlayıb.
Bu münaqişə Səudiyyə ilə İran arasındakı qlobal rəqabətin bir
hissəsi hesab olunur, çünki hər iki ölkə qarşı tərəfləri
dəstəkləyir. BMT-nin vasitəçiliyi ilə 2022-ci ildə atəşkəs əldə
olunsa da, münaqişə tam həllini tapmayıb və bu il yenidən
alovlanıb.
Ekspertlər deyirlər ki, "Məkkə alyansı"nın Səudiyyə Ərəbistanına
açıq hərbi dəstək verməsi regionda daha böyük bir qarşıdurmaya yol
aça bilər.
Sədrzadənin sözlərinə görə, Səudiyyə Ərəbistanında təxminən 30-40
min Pakistan hərbçisinin yerləşdiyi güman edilsə də, nüvə silahına
malik bu ölkənin Yəmənə qüvvə göndərməsi real görünmür. Çünki
İslamabad İran İslam Respublikası ilə münasibətlərini qorumağa
çalışır.
Təcili Ər-Riyad görüşündən cəmi bir gün əvvəl İran Xarici İşlər
Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Yəmənə hər hansı yeni
müdaxilənin vəziyyəti daha da gərginləşdirəcəyi barədə xəbərdarlıq
edib. O, Pakistanın Yəməndə husilərə qarşı döyüşmək üçün Səudiyyə
Ərəbistanına qoşun yeritməsi barədə yayılan xəbərlərə münasibət
bildirərkən, "bunların sadəcə şayiə olduğuna ümid edirəm"
deyib.
Lahor Universitetinin beynəlxalq münasibətlər professoru Rabiə
Axtarın fikrincə, Pakistan qüvvələrinin husilərə qarşı
əməliyyatlarda iştirakı İranla qarşıdurmaya səbəb ola bilər:
"İslamabad sadəcə Səudiyyə Ərəbistanına dəstək verdiyini israrla
desə də, Tehran bunu Pakistanın onun regional maraqlarına qarşı
kampaniyaya qoşulması kimi qiymətləndirəcək".
Təhlükəli durum
Nüvə silahına malik Pakistanın
cənub-qərbdə İranla təxminən 900 kilometrlik sərhədi var. Digər
qonşuları - Hindistan və Əfqanıstanla münasibətləri tez-tez
gərginləşsə də, İslamabadla Tehran arasında əlaqələr əsasən
sabitdir.
Axtar deyir ki, Səudiyyə Ərəbistanı Pakistan üçün mühüm strateji
tərəfdaş olsa da, İran qonşudur və
"İslamabad bu böhran
başa çatdıqdan xeyli sonra da bugünkü qərarlarının nəticələri ilə
üzləşməli olacaq".
ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayandan Pakistan
regionda balansı qorumağa çalışır. Müharibə dövründə Pakistan
İranın ərəb qonşularına etdiyi dron və raket hücumlarını əsasən
pisləyən bəyanatlarla kifayətlənib.
İslamabad həm də özünü vasitəçi kimi təqdim edib, apreldə İran və
ABŞ rəsmiləri arasında 1980-ci ildən bəri ilk üzbəüz danışıqlara ev
sahibliyi edib.
Milli Müasir Dillər Universitetinin nümayəndəsi Xalid Sultan
AzadlıqRadiosuna bildirib ki, 5 oktyabr görüşü avtomatik olaraq
Yəməndə daha genişmiqyaslı quru müharibəsinin başlaması kimi
yozulmamalıdır:
"Məkkə sazişinin əhəmiyyəti sadəcə
hərbi əməkdaşlıqda deyil, kollektiv regional çəkindirmə
mexanizminin yaradılmasındadır".
Təhlilçinin fikrincə, Məkkə Birgə Müdafiə Sazişinin uğuru onun
müharibəyə nə qədər tez qoşulması ilə deyil, müharibənin qarşısını
nə dərəcədə səmərəli alması ilə ölçüləcək.
R.Axtara görə isə, Pakistanın husilərə qarşı hücumlarda hər hansı
formada iştirakı onun Tehranla vasitəçilik rolunu sıfırlaya bilər:
"Yəməndəki hərbi kampaniyasına qoşulmaq bu neytral
mövqeyi qoruyub saxlamağı xeyli çətinləşdirər".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.